Siyavuş Novruzov: Paşinyanın ətrafındakılar onu yenidən müharibəyə cəlb etmək istəyir Siyavuş Novruzov: Paşinyanın ətrafındakılar onu yenidən müharibəyə cəlb etmək istəyir
  • Tribuna
  • 4 Oktyabr 2019 15:05
  •  5 689

İlham Əliyev bir daha dövlətimizin birmənalı mövqeyini ortaya qoydu - MOVQE

Siyavuş Novruzov: Paşinyanın ətrafındakılar onu yenidən müharibəyə cəlb etmək istəyir

“Prezident İlham Əliyev hər zaman bütün mötəbər tədbirlərdə, beynəlxalq təşkilatlarda Dağlıq Qarabağın Azərbaycanın ərazisi, Ermənistanın işğalçı dövlət olduğuna, BMT-nin məlum 4 qətnaməsinin yerinə yetirilmədiyi məsələsinə toxunub”.

Bunu Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

O bildirib ki, Prezident İlham Əliyev bütün çıxışlarında Azərbaycan xalqının maraqlarını həmişə müdafiə edib: “Dünən Prezident İlham Əliyev Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı çıxışında konkret olaraq Qarabağın tarixi və əzəli Azərbaycan torpağı olmasını bəyan edib. Prezident çıxışında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışaraq Ermənistanın işğalının nəticələrinə də diqqət yetirib. Ölkə Prezidenti eyni zamanda BMT Təhlükəsizlik Şurasının münaqişənin nizamlanmasına dair qəbul etdiyi 4 qətnamənin 25 ildən çoxdur yerinə yetirilmədiyini vurğulayıb. Beləliklə, Prezident İlham Əliyev “Qarabağ Azərbaycandır və nida işarəsi” söyləməklə bir daha dövlətimizin birmənalı mövqeyini ortaya qoydu”.

S. Novruzov qeyd edib ki, hazırkı Azərbaycan 1990-cı ilin Azərbaycanı deyil: “Bu gün Azərbaycan kifayət qədər inkişaf etmiş bir ölkədir. 1990-cı illərdə olduğu kimi, hazırda ölkəmizdə hərc-mərclik yoxdur. Ölkəmizdə vahid komandanlıq, ictimai-siyasi sabitlik və müxalifət-iqtidar birliyi var. Bu gün Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi ilə dünyanın ən güclü orduları sırasında yer alır. Ordumuz istənilən an Azərbaycanın ərazi bütövlüyünü təmin edə biləcək bir səviyyədədir. Ermənistanın baş naziri Nikol Paşinyanın bu cür hərəkətləri onun Dağlıq Qarabağla bağlı bu günə qədər aparılan danışıqlardan ümumiyyətlə xəbəri olmadığına bir daha sübutdur. Bu, bir daha onu göstərir ki, N. Paşinyanın ətrafındakılar onu yenidən müharibəyə cəlb etmək istəyir. Bu müharibə isə 1990-cı illərin müharibəsi olmayacaq. Bu müharibə Ermənistanın tamamilə darmadağın olması və Azərbaycanın dədə-baba torpaqlarının bərpa edilməsi ilə bitəcək”.

S. Novruzov bildirib ki, N. Paşinyan siyasətdə çox naşı bir insandır: “O, bir yerdə bir cür, digər yerdə başqa cür danışır. Bu adam təsadüfi bir adamdır. Onun siyasətdə və başqa yerlərdə heç bir nüfuzu yoxdur. Beynəlxalq təşkilatlar bu adamın müvəqqəti olduğunu bilirlər. Fikir verirsinizsə, heç bir dövlət başçısı onunla ünsiyyət qurmağa belə çalışmır. Ölkəsi və özü heç bir yerdə maraq doğurmur. Çünki onun ölkəsi dünya üçün heç nə təqdim etmir. Bu gün Azərbaycan dünyanın enerji təhlükəsizliyində xüsusi rol oynayır, digər məsələlərə öz töhfəsini verir. Ermənistan isə bu gün müstəqil dövlət deyil. Onlara hansı göstərişi verirlərsə, onu da yerinə yetirir”.

Milli Məclisin deputat Hikmət Babaoğlu isə deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Soçidə keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunda iştirak və çıxış etməsi olduqca maraqla qarşılanıb və mühüm siyasi ismarıclarla yadda qalıb: ““Valday “diskussiya klubu dünyanın beyin mərkəzlərindən biri olmaqla qlobal və regional kontekstdə ən aktual məsələlərin müzakirə olunduğu bir platformadır. Budəfəki tədbirdə dünyanın 40-a qədər ölkəsindən çoxsaylı dövlət xadimləri, ictimai nüfuzlu şəxslər və media nümayəndələri iştirak edirdilər və belə mühüm bir platformada Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlər ölkəmiz barədə həqiqətlərin bir daha yeni rakursdan dünyaya çatdırılması idi. Prezident İlham Əliyev ilk növbədə Ermənistanın baş naziri N. Paşinyana və onun sərsəm bəyanatlarına elə qətiyyətli və tutarlı cavab verdi ki , bu, işğalçı ölkənin başı üstündə ildırım kimi çaxdı. Nəzərə almaq lazımdır ki, işğalçı ölkəyə məhz Rusiya Federasiyasından , “Valday” diskussiya klubu kimi nüfuzlu platformanın tribunasından cavab verilməsinin özü olduqca ciddi bir icmarıcdır”

Deputat bildirib ki, Prezident İlham Əliyev “Qarabağ xalqı” kimi təxribatçı ifadələrə də cavab verərək qeyd edib ki, bu, kökündən yanlış ifadədir, Qarabağ əhalisi azərbaycanlı və erməni icmasından ibarətdir: “Münaqişə başlayanda bu nisbət 75-in 25-ə azərbaycanlıların lehinə olub. Prezident bir daha bəyan etdi ki , problem BMT təhlükəsizlik Şurasının məlum qətnamələri, Helsinki yekun aktının prinsipləri və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bu qətiyyətli mövqe bir daha Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılması idi” .

Deputat Rusiya və Azərbaycan münasibətlərinə toxunaraq qeyd edib ki , hazırkı mürəkkəb beynəlxalq münasibətlər şəraitində Rusiya – Azərbaycan münasibətləri hər iki ölkənin maraqları kontekstində mühüm əhəmiyyət kəsb edir: “Prezident İlham Əliyevin Rusiya Federasiyasına baş tutan işgüzar səfəri və Soçidə rusiyalı həmkarı ilə keçirdiyi görüşlərdə müzakirə olunan məsələlər bir daha ondan xəbər verir ki , bu münasibətlərin strateji müttəfiqlik səviyyəsində olması iki ölkənin maraqlarına tamamilə uyğundur. Təsadüfi deyil ki , Azərbaycan Prezidenti iki ölkə arasında münasibətlərdən danışarkən bildirdi ki, prezidentlər arasında keçirilən belə görüşlər iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafına təkan verir. Azərbaycan üçün Rusiya ən mühüm tərəfdaş, dost ,mehriban qonşudur. Əlbəttə, münasibətlərin belə yüksək səviyyəsi hazırda mövcud olan mürəkkəb geostrateji çağırışlar kontekstində iki dost və qonşu ölkənin təhlükəsizlik maraqları baxımından da aktualdır. Prezident İlham Əliyev “Valday” klubunun fəaliyyətini də yüksək qiymətləndirərək onu dünyanın ən mühüm məsələlərinin müzakirə olunduğu platforma adlandırıb. Doğurdan da qlobal çağırışlar kontekstində bu klubun fəaliyyəti dünya siyasətinə yeni rakursdan baxmağa imkan yaradan bəlkə də yeganə intellektual platformadır. Ona görə də bu səfər iki ölkə arasında strateji müttəfiqlik səviyyəsində qiymətləndirilən münasibətlərin gələcək perspektivləri baxımından da olduqca önəmlidir”. (APA)