Ordumuz Vətən müharibəsini möhtəşəm Qələbə ilə yekunlaşdırdı Ordumuz Vətən müharibəsini möhtəşəm Qələbə ilə yekunlaşdırdı
  • Tribuna
  • 9 Aprel 2021 17:48
  •  6 850

"Şəhid ailələrinin qayğıları bundan sonra da diqqət mərkəzində olacaq"- Adil Əliyev

Ordumuz Vətən müharibəsini möhtəşəm Qələbə ilə yekunlaşdırdı

Qürurla deyə bilərik ki, uzun illərdir işğal altında olan torpaqlarımızın düşmən işğalından azad edilməsi tariximizin ən parlaq səhifələrindəndir.

AzNews.az xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin müavini Adil Əliyev bildirib.

Adil Əliyev qeyd edib ki, Vətən müharibəsində qazanılmış Qələbədən sonra dövlətimizin qarşısında duran əsas məsələlərdən biri də şəhid ailələri və qazilərin qayğılarının diqqət mərkəzində saxlanmasıdır. Hazırda Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin problemlərinin dərhal həll edilməsi, onların məişət şəraitinin daha da yaxşılaşdırılması üçün lazımi tədbirlər görülür. Şəhid ailələri və qazilərin qayğıları daim Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət mərkəzindədir. “Bu sahədə görülən işlərdən danışarkən Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli Fərmanına əsasən şəhid ailələrinin və qazilərin qayğıları ilə bağlı işlərin daha səmərəli və çevik aparılması məqsədilə yaradılmış “YAŞAT” Fondunu xüsusi qeyd etmək lazımdır. Fondun fəaliyyəti qazilərimizin xarici ölkələrdə müalicələrinin təşkili, eyni zamanda, şəhid ailələrinin və qazilərimizin məişət şəraitinin daha da yaxşılaşdırılması məqsədilə işlərin görülməsini özündə ehtiva edir. Çox mütərəqqi addımlardan biri olan “Yaşat” Fonduna həm ölkə daxilindən, həm də xarici ölkələrdən ianələr edilməsi bu qurumun maddi resurslarının genişlənməsinə istiqamətlənmişdir. Fond da öz fəaliyyətində şəffaflığı rəhbər tutmaqla, cəmiyyətə açıq hesabatları təqdim etməklə bu nəcib təşəbbüsün davam etdirilməsini hədəfləyir. Fondun təşəbbüsü ilə şəhid ailələri və qazilərlə görüşlər keçirilir, onların ehtiyacları müəyyən edilir və mövcud problemlərin həlli istiqamətində müvafiq addımlar atılır”, - deyə A.Əliyev vurğulayıb.

Milli Məclis sədrinin müavini vurğulayıb ki, dövlətin bu sahədə apardığı siyasətin davamı olaraq şəhid hərbi qulluqçuların, habelə onların ailə üzvlərinin, qazilərin kreditlərinin bağışlanması təqdirəlayiqdir. O deyib: “Şəhid ailələrinin və qazilərimizin qayğılarının diqqətdə saxlanması ilə yanaşı, dövlət siyasətimizin əsas prioritetlərindən biri də Qarabağın tez bir zamanda bərpa edilməsidir. Dərin təəssüf hissi ilə qeyd etməliyik ki, Ermənistan 30 il ərzində Qarabağı talan etmiş, bir salamat bina belə saxlamamışdır. Qarabağın dirçəlişini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 4 yanvar tarixli Fərmanı ilə Qarabağ Dirçəliş Fondu yaradılıb. Bu Fond 30 ilə yaxın müddət ərzində erməni qəsbkarları tərəfindən talan edilmiş və bu gün işğaldan azad olunmuş ərazilərimizin yenidən həyata qaytarılmasına, ölkəmizin siyasi-iqtisadi suverenliyinin güclənməsinə xidmət edəcək. Hər bir vətənpərvər vətəndaşımız oraya pul köçürməklə əzəli və əbədi torpaqlarımızın bərpasında iştirakını təmin edəcək”.

Adil Əliyevin sözlərinə görə, Qarabağ Dirçəliş Fondu işğaldan azad edilmiş ərazilərimizin tamamilə yenidən qurulmasında, müasir şəhər, qəsəbə və kəndlər tikməklə bölgəyə dinc, təhlükəsiz, rahat həyat gətirilməsində, məcburi köçkünlərimizin daimi yaşayış yerlərinə qayıtmasında mühüm rol oynayacaq. Fondun fəaliyyəti işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması ilə yanaşı, Qarabağın güclü iqtisadiyyata malik regiona çevrilməsi istiqamətində də dəstək göstərəcək, habelə xarici ölkələrdən investisiyaların cəlbinə şərait yaradacaq. “Bundan başqa, müharibədə iştirak etmiş, tərxis olunmuş şəxslərin müraciətlərinə dərhal baxılaraq həlli məqsədilə də xüsusi komissiya yaradılıb. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən bu komissiya qısa müddət ərzində 800-ə yaxın müraciətə baxıb və onların həll olunması üçün tədbirlər görüb. Füzuli rayonu ərazisində isə komissiyanın səyyar qrupu da fəaliyyət göstərir”, - deyə o qeyd edib.

Milli Məclis sədrinin müavini bildirib ki, Vətən müharibəsi iştirakçılarının qayğılarının diqqət mərkəzində saxlanması məqsədilə Nazirlər Kabinetinin 2021-ci il 30 yanvar tarixli 24 saylı Qərarına əsasən Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adının verilməsi işinin təşkili üzrə də xüsusi komissiya yaradılaraq fəaliyyətə başlayıb. Bütün bunlar onu deməyə əsas verir ki, şəhid ailələrinin və qazilərin qayğıları bundan sonra da daim diqqət mərkəzində saxlanılacaq, dövlətimizin sosial siyasətinin prioritet istiqaməti olaraq qalmaqda davam edəcəkdir.