Millət vəkili: “Moskvada və Brüsseldə keçiriləcək növbəti görüşlərin də müsbət nəticələri olacaq” Millət vəkili: “Moskvada və Brüsseldə keçiriləcək növbəti görüşlərin də müsbət nəticələri olacaq”
  • Tribuna
  • 27 May 2022 16:38
  •  19 674

“Proseslər Azərbaycanın istədiyi formada reallaşır”- Deputat

Millət vəkili: “Moskvada və Brüsseldə keçiriləcək növbəti görüşlərin də müsbət nəticələri olacaq”

Milli Məclisin deputatı Vüqar İskəndərov AzNews.az analitik-informasiya portalına açıqlama verib.

Millət vəkili bildirib ki, Brüssel görüşündə əldə olunmuş razılıqlar artıq öz nəticəsini verməyə başlayır.

“Brüssel görüşündən sonra mayın 24-də Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryanın Ermənistan-Azərbaycan dövlətlərarası sərhədində Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə komissiya formatında ilk görüşü keçirilib. Müsbət nəticəsi budur ki, bu formatlı görüşlərin davam etdirilməsi nəzərdə tutulur. Görüşdə ikinci görüşün Moskvada, üçüncü görüşün isə Brüsseldə keçirilməsi barədə razılıq əldə edilib.

Burada əsas məqam odur ki, proseslər Azərbaycanın istədiyi formada reallaşır.

Avropa İttifaqı tərəfindən də masada olan məsələlər Azərbaycanın istədiyi formadadır. Onun mənafeyinə uyğun həyata keçirilir. Sonuncu görüşdən də bu aydın olur. Danışıqlarda Dağlıq Qarabağ ifadəsi işlədilməyib, yalnız Qarabağ qeyd olunub. Status məsələsinə isə toxunulmayıb. Yalnız Azərbaycanda yaşayan erməni əhalinin hüquqları barədə danışılıb. Azərbaycan həmişə özü də vurğulayıb ki, ərazisində yaşayacaq ermənilərin təhlükəsizliyini təmin edəcək. Azərbaycanın təklifləri həm Ermənistan üçün uyğundur. Həm də beynəlxalq hüququn norma prinsplərinə uyğundur. Heç biri beynəlxalq hüquqa əks məsələ yoxdur”.

Vüqar İskəndərov hesab edir ki, Moskvada və Brüsseldə keçiriləcək növbəti görüşlərin də müsbət nəticələri olacaq.

“Sərhədlərin delimitasiyasıdan sonra demarkasiya üzrə məsələlərlə bağlı işlərə başlanılacaq. Artıq sülhə doğru addımlar atılır. Sülh prosesi, demarkasiyanın qısa müddət ərzində həll oluna biləcək bir məsələ deyil. Lakin Azərbaycan diplomatiyasının uğuru Ermənistanın bütün öhdəliklərə əməl etməyə vadar edəcək. Burada Avropa İttifaqının da özünəməxsus rolu var. Şarl Mişel və Avropanın digər siyasi liderlərinin Azərbaycan və Ermənistan arasındakı münasibətlərin müsbət məcrada formalaşması üçün əməli addımlar atdığını görürük. Bütün bunlar onu deməyə əsas verir ki, yaxın zamanlarda qarşıya qoyulan bütün məqsədlərə çatılması təmin ediləcək”,-deyə millət vəkili vurğulayıb.

Şəbnəm Zahir