Ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan Azərbaycan Silahlı Qüvvələri hazırda möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir. Ordunun müasir standartlar səviyyəsində inkişafı prioritet sahələrdən biridir. Bu gün Azərbaycan Ordusu dünyanın ən güclüləri sırasındadır. Ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan Azərbaycan Silahlı Qüvvələri hazırda möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir. Ordunun müasir standartlar səviyyəsində inkişafı prioritet sahələrdən biridir. Bu gün Azərbaycan Ordusu dünyanın ən güclüləri sırasındadır.
  • Tribuna
  • 26 İyun 2022 13:13
  •  9 772

Hərbi quruculuq dövlət siyasətinin strateji prioritetlərindəndir

Ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan Azərbaycan Silahlı Qüvvələri hazırda möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir. Ordunun müasir standartlar səviyyəsində inkişafı prioritet sahələrdən biridir. Bu gün Azərbaycan Ordusu dünyanın ən güclüləri sırasındadır.

Silahlı Qüvvələrimizin müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir.

Ötən 19 ildə ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi, Silahlı Qüvvələrdə aparılan islahatlar, hərbi hissələrin yenidən qurulması, yenilərinin yaradılması və baş verən keyfiyyət dəyişikliklər Ali Baş Koman­dan İlham Əliyevin ordu quruculuğun­dakı davamlı işinin uğurlarıdır. Bu gün qürurla deyə bilərik ki, Azərbaycan Ordusu Cənubi Qafqazın ən qüdrətli ordusudur. Silahlı Qüvvələrimiz döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Bütün bunlar dövlət başçımızın ordu quruculuğuna verdiyı xüsusi önəmin, döyüş ha­zırlığı və manevr təcrübəsini artıran birgə hərbi təlimlərin, gənclərin hərbi vətənpərvərlik ruhunda yetişməsində həyata keçirilən tədbirlərin bariz nümunəsidir. Müxtəlif dövrlərdə qardaş Türkiyə ilə birgə keçirilmiş hərbi təlimlər sayəsində ordumuzun təcrübəsi və taktiki manevretmə səriştəsi əsaslı şəkildə artmışdır.

Xalqımız ordumuzun şücaətinə 2016- cı ilin Aprel döyüşlərində, 2018-cı il mayında Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Gün­nüt kəndinin, “Ağbulaq” yüksəkliyi, Qızılqaya və Qaraqaya dağlarının azad edilməsi zamanı da şahid oldu. Xatırladım ki, Aprel döyüşləri zama­nı 2 min hektardan çox ərazimiz, o cümlədən bir sıra srtateji əhəmiyyətli yüksəkliklər, həmçinin “Günnüt əməliyyatı” zamanı 11 min hektarlıq torpağımız düşməndən azad olundu.

2020- ci il senryabrın 27- də düşmənin sərhədlərimizdə törətdiyi genişmiqyaslı təxribatlar onlara baha başa gəldi. Bu dəfə, necə deyərlər, “daş qayaya rast gəldi”. Döyüşün ilk günündən güclü təzyiqlərlə qarşılaşan düşmən çaşqın vəziyyətə düşdü və sliah-sursatını atıb qaçdı. Ermənistan hərbçiləri qəhrəman ordumuz qarşı­sında cəmi 44 gün tab gətirə bildi.

Azərbaycanın son illər ərzində çox uğurlu inkişaf yolu keçdiyi və ildən-ilə bütün sahələr üzrə üstünlüyü özünü daha qabarıq şəkildə büruzə verir. Vətən müharibəsində bunun bir daha şahidi olduq. Qəhrəman or­dumuz düşmənə göz açmağa imkan vermədi. Dünya birliyi də şahid oldu ki, Ermənistan Azərbaycanla bütün sahələrdə, o cümlədən döyüş meyda­nında rəqabət aparmağa qadir deyil. Dövlət başçımız dəfələrlə demişdir ki, Ermənistan öz xoşu ilə bizim torpaq­larımızdan işğalçı qüvvələrini çıxar­masa, biz bu məsələni hərbi yolla həll edəcəyik.

Prezident İlham Əliyev 2003-cü ildə prezident vəzifəsinə seçiləndə Konstitusiyamıza və müqəddəs Qurani-Kərimə əl basaraq and içmişdi ki, Azərbaycanın ərazi bütövlüyü­nü qoruyacaq. Düşmən üzərində qazandığımız tarixi Qələbədən sonra böyük qürur hissi ilə deyə bilərik ki, Azərbaycan öz istədiyinə nail oldu, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi. Bu ədaləti yenilməz ordu­muzun şücaəti hesabına bərpa etdik.

Vətən müharibəsində ordumuz bir amal uğrunda döyüşürdü: İşğal altında olan torpaqlarımızı azad etmək, ərazi bütövlüyümüzü bərpa etmək. Möhtərəm Prezidentimiz rəşadətli ordumuzun qəhrəmanlığını yüksək qiymətləndirərək demişdir: “Azərbaycan 44 gün ərzində par­laq qələbə qazanaraq, Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tarixi­mizdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuru­şurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın və buna nail olduq”.

Vətən müharibəsinin gedişində dünyanın təcrübəli hərbçilərini heyrətləndirən əməliyyatlardan biri – Şuşanın işğaldan azad edilməsi oldu. Bu əməliyyat unikallığı ilə tarixdə əbədi qalacaq. Qarabağın döyünən ürəyi Şuşa təbii istehkamla əhatə olunduğundan şəhərə tanklarla, yaxud digər ağır silahlarla girmək mümkün deyildi. Şəhərin bombard­man edilməsi isə böyük dağıntıla­ra səbəb olacaqdı. Buna görə də alternativ variant kimi əlbəyaxa döyüş taktikası seçildi. Qəhrəman əsgər və zabitlərimiz yüngül silahlarla qalın meşələrdən, dərin dərələrdən keçərək, qayalar, dağlar aşaraq düşməni üzbəüz döyüşdə məhv etdi və hərb tarixində yeni döyüş takti­kalarının müəllifi kimi ad qazandılar. Dünyanın əksər mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kolleci­nin və Seton Hall Universitetinin Dip­lomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun bu hərbi tak­tikası barədə məqalələr dərc olundu.

Dünya ictimaiyyəti də əmin oldu ki, Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir.

İkinci Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş tak­tikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salına­raq öyrənilir. Qürurverici haldır ki, hətta, ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər. Məhz bu baxımdan, Azərbaycan Ordusu dünyanın ən güclülərindən biri kimi tanınır. Prezident, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, Azərbaycan Ordusu hərbi potensia­lına, döyüş qabiliyyətinə, təchizata görə dünya miqyasında güclü ordular sırasındadır: “Düşmən bilməlidir ki, biz istənilən anda məsələni hərb yolu ilə həll edə bilərik. Ordunun güclənməsi, orduda nizam-intizamın güclənməsi, ordunun maddi-texniki bazasının möhkəmlənməsi, müasir si­lahların alınması – bütün bunlar buna görədir.”

Çingiz QƏNİZADƏ,

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru