Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir
  • Tribuna
  • 26 İyun 2022 21:48
  •  8 776

İgid oğullarımızın sayəsində bu günü gördük

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir

Azərbaycan Respublikasının müstəqilliyi bərpa edildikdən sonra xalqımız tarixi varislik ənənəsinə sadiq qalaraq öz üçrəngli bayrağını, himnini və Azərbaycan Demokratik Cümhuriyyətinin bizə miras qoyduğu bütün yaxşı nə varsa, hamısını bərpa etdi və bu ənənəyə uyğun olaraq ümummilli liderimiz Heydər Əliyevin fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yarandığı 26 iyun günü hər il Azərbaycan Silahlı Qüvvələri Günü kimi bayram edilməyə başladı.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir. Əsası hələ 1918-ci il Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan ordusunun ənənələri müasir dövrdə də qorunub saxlanılır və inkişaf etdirilir, bunu sonuncu Vətən müharibəsinin nəticələri sübut etdi.

Bütün tariximiz kimi, ordu quruculuğu tariximizdə də dolanbac, kəşməkəşli yollar çoxdur. Azərbaycan Milli Ordusunun yaradılmasına 1918-ci il 26 iyun tarixli fərmanla başlanmışdı. Ancaq təəssüf ki, o dövrdə bu şanlı tarix uzun müddət davam edə bilməmiş və gənc respublika və onun bütün qurumları, o cümlədən Milli Ordumuz da bolşeviklər hakimiyyətinin qurbanı olmuşdu.

Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra, 1971-ci il iyunun 20-də C. Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəb təşkil etdi, azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul edilməsinə nail oldu. Müdrik şəxsiyyətin bu uzaqgörən siyasəti öz bəhrəsini illər sonra verdi: bu məktəblərdə yetişən Azərbaycan hərbçiləri Birinci Qarabağ müharibəsində misilsiz igidliklər göstərdilər. Bundan sonrakı illərdə Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilmiş və ordumuz inkişaf və təkmilləşmə mərhələsinə çatmışdır. Azərbaycan Silahlı qüvvələrinin milli kadrlardan ibarət ordusu, nəhayət, 30 ilə yaxın düşmən işğalı altında qalmış torpaqlarımızı müasir dunyanı şok halına salmış hərbi taktika və səriştə ilə, bir də igid oğulların hünəri ilə geri qaytara bildi.

Əvvəlki illərdə keçirilən hərbi paradlarımızda ordumuzun gücündən doğan qürur hissi ilə yanaşı, qəlbimizdə nisgilli bir sual baş qaldırırdı: Bəs nə vaxt? O gün gələcəkmi? Hər bir kəs öz-özündən soruşurdu: görəsən mən o günü görəcəyəmmi?!

Bəli, həmin gün gəldi və biz Ali baş komandanımızın rəhbərliyi ilə və Silahlı qüvvələrimizdə döyüşən igid oğullarımızın sayəsində həmin günü gördük.

Bu gün biz Silahlı Qüvvələrimizin yaradılması gününü – qalib Ordumuzun gününü qeyd edirik. Ordu anlayışı müstəqil dövlətlərin hamısında var. Ancaq hər tərəfdən güclü dövlətlərin ikili siyasəti məngənəsində sıxışdırılan və ərazi etibarilə o qədər də böyük olmayan bir dövlətin – Azərbaycanın onlara müqavimət göstərə biləcəyi müzəffər ordu bizdədir. Qoy bu ordu həmişə torpaqlarımızın keşiyində dursun və düşmənin canına üşütmə salsın! Bayramımız – Silahlı Qüvvələr günümüz mübarək!

Ülviyyə Ağayeva

Milli Məclisin deputatı