Biz 7 fevralda kimə səs verəcəyik?

Evdən çıxıram, küçə ilə addımlayıram. Səmaya baxıram, təmizdir, əsl səma kimi. Nəfəs aldığımız hava əsl hava kimidir. Allah insana bunları bəxş edir, amma hər kəsə İlahi bəxşişi çatmır. Bir anlıq düşünək ki, gecələri bomba sığınacaqlarında keçirmək, səhəri isə dağıntıların yanında, qara buludların altında yaşamaq da taleyimizə yazıla bilərdi. Yazılmadı. Bizim taleyimiz 1993-cü ildən bəri yeni istiqamətdə yazılmağa başladı. Bu çətin yol idi, 20 faiz kəsirlə yol gəlirdik. Amma yolun hər qarışı 20 faiz qədər qarış idi. Biz parçalanmadan, dövlətsiz olmaqdan, başqa-başqa ölkələrin ərazisində pərakəndə halda yaşamaqdan xilas olduq. Pərakəndəlikdən bütövlüyə doğru. Xaosdan qayda-qanuna, qanunların aliliyinə doğru.

Bəs fevralın 7- nə baş verəcək? Ərazi bütövlüyü və suverenliyi bərpa olunmuş müstəqil Azərbaycanın vətəndaşları bu statusda ilk dəfə öz liderini seçəcək. Şuşa, Füzuli, Zəngilan, Kəlbəcər, Xankəndi, Xocalı - Şərqdən Qərbə, Şimaldan Cənuba qədər suveren Azərbaycan səs verəcək. Bu XVIII əsrdə xanlıqlara parçalanmış Azərbaycan deyil, bu, 1921-ci ildə süni şəkildə yaradılan “Dağlıq Qarabağ”ın olduğu Azərbaycan, 1992-ci ildən etibarən işğal prosesi intensiv xarakter alan Azərbaycan deyil. Bu heç 2020-ci ilin 26 sentyabrı da deyil. Bu bütöv Azərbaycandır. Prezident İlham Əliyev 2003-cü ildən bəri bütün beynəlxalq platformalarda Qarabağ məsələsini gündəliklərin prioriteti etdi. “Bir qarış torpaq belə güzəştə gedilməyəcək” prinsipi Azərbaycan ədalətli mövqeyinin əsasında dayanan məsələ idi. Ölkə isə güclənirdi. Ötən əsrin 50-60-cı illərində İkinci Dünya Müharibəsindən əziyyət çəkmiş bəzi Qərb ölkələrində sözün həqiq mənasında iqtisadi möcüzə baş verdi, inkişaf templəri inanılmaz rəqəmlərlə ölçülməyə başlandı. Dərsliklərdə də var. Bu iqtisadi möcüzəni biz son iyirmi ildə yaşadıq. Dərsliklərə düşməlidir. Dəstək almadan, kiməsə güvənmədən, güclü liderin qətiyyəti sayəsində qazanılan qələbə. Prezident İlham Əliyev yerli televiziya kanallarına sonuncu müsahibəsində maraqlı bir fikir səsləndirdi: “Qarabağda əldə etdiyimiz qələbə lokal qələbə deyil, onun beynəlxalq əhəmiyyəti var”. Yəni dünya gördü ki, separatçı rejimləri çökdürmək heç də çətin deyil, sadəcə eyni vaxtda hər iki tərəfin mövqeyini təmsil etmək olmaz. Yəni dünya üçün 2020-ci ilin Vətən Müharibəsindən sonra Cənubi Qafqaza yenidən doğuldu.

Bu gün ölkəmizə qarşı kənardan təhdidlər daha çox müşahidə olunur. Azad və müstəqil şəkildə öz müqəddəratını həll etməyi bacaran ölkələr hər zaman qınanılıb, onlara qarşı əsassız, amma son dərəcə qərəzli hücumlar olub. Məsələn dünyaya Düma Ata, Viktor Hüqo kimi dühalar bəxş edən bir ölkə indi böyük Azərbaycan qadınının şərəfinə ucaldımış abidəyə qarşı vandallıq törədir. Maraqlıdır niyə görə səhərdən axşama qədər guya Azərbaycanı düşünən satqlnlar bu faktı az da olsa qeyd etmir, gedib Fransanın Evian şəhərində etiraz aksiyası keçirmir? Axə təhqir edilən Azərbaycan qadınıdır, Azərbaycan ədəbiyyatıdır, Azərbaycan xeyirxahlığıdır. Axı Natəvan hamımızın irsidir. Böyük yazıçımız Mir Cəlalın “Bir gəncin manifesti” Sonanın ingilisə söylədiyi cavab yadınızdadır? “İtə ataram, yada satmaram”. Nə yaxşı demişdi Mir Cəlal! Uşaq vaxtı oxuyanda sözün düzü ifadənin böyüklüyünü bir o qədər dərk etməmişdim, amma bu gün baş verən proseslər milli satqınların qızışdırıcı, aldıqları qrant əsasında formalaşdırmağa çalışdıqları “mövqe”ni görəndə, sadəcə böyük qələm sahibinin sətirləri qarşısında baş əyirəm.

Qayıdım 7 fevrala. 7 fevral ərazi bütövlüyümüzün və suverenliyimizin simvolu olacaq.7 fevral bizim yeni həmrəylik günümüz, yeni tariximizin başlanğıc nöqtəsi olacaq. 7 fevral mənim, sənin, onun, bizim, bir sözlə hamımızın vəhdət günü olacaq. Şuşanı, Laçını düşmənə təslim edən başıpozuq qüvvələr 1992-ci ildə hakimiyyəti ələ keçirərək, xalqa “qızıl” gələcək vəd etdilər, amma cəmi bir neçə aydan sonra məlum oldu ki, ölkənin dövlət büdcəsindən tutmuş adi “jek”in təsərrüfatına qədər hər şey dağıdılıb, özününküləşdirilib, üstəlik Qarabağın giriş qapısı olan Kəlbəcər də yoxdur. Yadımdadır, 10 may 1993-cü ildə Ümumilli Lider Heydər Əliyevin yubiley yaşı münasibətilə Naxçıvana təbrik teleqramı göndərmişdim. Vətəndaş kimi, yeni yaradılmış Yeni Azərbaycan Partiyasının üzvü kimi. Bu teleqramın təbrik sətirləri əslində sadəcə təbrik deyildi, “bizi xilas edin, naşı adamlardan xilas edin. Axı bizim də ölkə kimi, vətəndaş kimi yaşamaq hüquqümuz var. Gəl və naşı insanlardan bizi xilas edin, torpaqlarımızı qorumaq üçün önə keçin.” O təbrik teleqramının alt qatı bunlardan ibarət idi. Heydər Əliyev dövləti 10 ilə qurdu, İlham Əliyev 20 ilə onu möhkəmləndirib, siyasi və iqtisadi möcüzə yaratdı. Əslində 20 faizi işğal altında qalan ölkənin öz ərazi bütövlüyünə, suverenliyinə qovuşması əsl dövlətçilik, qətiyyət master klassı idi. Bu gün Azərbaycan artıq dünyanın əlaqələndirici ölkələrindən, açar dövlətlərindən birinə çevrilib. Biz Asiyanı Avropa ilə birləşdiririk, isti nəfəsimiz Avropanı soyuqdan qoruyur. Azərbaycan artıq özünün siyasi, iqtisadi qüdrəti ilə öz hüdudlarından kənardadır, dünyanın mərkəzindədir. Prezident İlham Əliyev sübut etdi ki, Azərbaycan dünyanın vacib və ayrılmaz mexanizmidir. Amma bu mexanizm heç kimin iradəsi tabe ola bilməz. Onun özünə məxsus işlək mexanizmi var. Bu mexanizm 30 il ərzində qurulub. Ümumilli Lider Heydər Əliyev “Biz azadıq, biz müstəqilik, biz heç kimdən asılı deyilik” kəlamı hər bir azərbaycanlının əsas həyat devizidir. Yeddi əsas xəttdən ibarət insan ömrü kimi. Yeri gəlmişkən, yeddi rəqəminin fəlsəfi qatı bütün təfəkkür və düşüncələrdə çox dərin və fərqlidir. Əvvəla onu deyim ki, yeddi müqəddəs rəqəmdir, müqəddəs yazılarda deyilir ki, Allah dünyanı 7 günə yaradıb. Daha doğrusu 7-ci gün bəşəriyyətin yaradılış prosesi tamamlanıb. Biz o günü 7 fevralda yaşayacağıq. Hamımız bir nəfər kimi seçki qutusunun başında qətiyyətə, güc və iradəyə, sülh və əmin-amanlığa, həmrəyliyə səs verəcəyik. 7 fevral müstəqil suveren Azərbaycanın ilk 7 fevralıdır. 200 ildən bəri yaşaycağımız ilk 7 fevral.

Turəxanım Qasımov

Azərbaycan Jurnalistlər Birliyinin üzvü