Təbliğatın strateji vurğuları

Azərbaycan növbəti dəfə möhtəşəm beynəlxalq tədbirə ev sahibliyi edir. Martın 14-də Bakıda işə başlayan “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun iştirakçılarının sayı rekord həddədir. Daha dəqiq desək, Forumda 68 ölkədən 400-dən çox qonaq iştirak edir. Onların arasında 40-dan çox hazırkı və sabiq dövlət, hökumət başçıları var. Bu sadə statistika həqiqətən də Forumun nəhəng intellektual potensialına dəlalət edir. Artıq keçirilməsinə alışdığımız və sanki gündəlik təcrübəmizə çevrilmiş bu tədbirlər əslində Vətənimiz Azərbaycanın beynəlxalq status və nüfuzunu o qədər artırıb ki, ölkəmiz müasir beynəlxalq münasibətlər sistemində söz sahibinə çevrilib. Bu amil mütləq olaraq hər bir fərdin vətəndaşlıq məfkurəsinin ayrılmaz parçasına çevrilməlidir. Güclü cəmiyyət məhz milli maraqlar və dövlət naminə birləşərək xalqın aparıcı gücünə çevrilə bilər.

Bu fikirlər politoloq Asif Adilin XI Qlobal Bakı Forumunun əhəmiyyətindən bəhs edən “Təbliğatın strateji vurğuları” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Əlbəttə ki, tədbirə həsr olunmuş çoxsaylı veriliş və məqalələr də hazırlanacaq. Ümid edək ki, bizim səfirliklərimiz də fəaliyyət göstərdikləri ölkələrdə bu möhtəşəm tədbirin təqdimatlarını keçirərək sözün əsl mənasında Azərbaycanın təbliğində fəal mövqe tutacaqlar. Heç şübhəsiz ki, aparılan təbliğatda məlumatların tirajlanması önəmli məsələdir. Ancaq bununla yanaşı, beynəlxalq ictimaiyyətin siyasi təfəkküründə lazımi və dayanıqlı siyasi stereotiplərin formalaşdırılması vəzifəsi də strateji əhəmiyyətə malikdir. Xatırladaq ki, məhz beynəlxalq ictimaiyyətin siyasi təfəkküründə münaqişəmiz ilə bağlı yanlış stereotiplərin mövcudluğu səbəbindən biz uzun illər ərzində informasiya müharibəsində müdafiə olunan tərəf kimi çıxış edirdik.

Odur ki, tədbirin peşəkar analitik müşahidəsi bilavasitə onun keçirilməsi qədər olduqca önəmli vəzifədir. Uzun illər ərzində ölkəmizə qarşı aparılan informasiya təxribatları artıq bu həqiqəti bizi öyrətməlidir. Prezident İlham Əliyevin çıxışları mütləq olaraq təhlil olunmalı, milli maraqlarımıza cavab verən siyasi interpretasiyalar davamlı olaraq beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmalıdır. Əks halda qərəzli və təhrif olunmuş fikirlər sosial şəbəkələr vasitəsilə yayılaraq tamamilə fərqli mənzərənin formalaşmasına səbəb ola bilər. Bəla-siyasətçilərimiz olan vətənşivənlər öz xain xislətini gizlətmədən apardıqları qərəzli təbliğat sayəsində artıq “milli düşmənçilik qüvvələrinə” çevriliblər. Məhz elə bu səbəbdən də onlar heç bir zaman milli qüvvə sayıla bilməzlər. Həqiqətdə isə Vətənsevər demokratik mahiyyətli bütün siyasi qüvvələr ölkəmizin beynəlxalq təbliğatında aktiv rol tutmalıdırlar. Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə təşviq olunan siyasi dialoq mühitinin strateji təyinatı da məhz dövlət və cəmiyyətin bütün potensialının səfərbər olunmasıdır.

Belə ki, təbliğatın strateji vurğuları müstəvisində yuxarıda adı qeyd olunan tədbirdə Prezident İlham Əliyev çıxış etdiyi zaman səsləndirdiyi bütün digər fikirlərlə yanaşı, növbəti iki fikrə xüsusi diqqət yetirilməlidir: “Cənubi Qafqazın müstəqillik tarixində heç vaxt sülh bu qədər yaxın olmayıb. Bu, İkinci Qarabağ müharibəsinin nəticəsidir” və “Azərbaycan sülh prosesini davam etdirməyə hazırdır”.

Ehtimal edə bilərik ki, bu iki fikir mövcud istiqamətdə aparılan beynəlxalq təbliğatın özəyini təşkil etməlidir. Burada ehtiva olunan mesajlar bilavasitə beynəlxalq ictimaiyyətə yönəldilib. Onlar, eyni zamanda, mütləq şəkildə beynəlxalq analitik mərkəzlərin də diqqətinə çatdırılmalıdır. Çünki bu mesajlar Qələbəmizin labüdlüyünü sübut edir, habelə Qələbəmizin beynəlxalq əhəmiyyətini göstərir.

Azərbaycan Prezidentin Qələbəmizin əhəmiyyətini hansı kontekstdə vurğuladığına diqqət yetirin: “Cənubi Qafqazın müstəqillik tarixində heç vaxt sülh bu qədər yaxın olmayıb”. Bu “yaxınlığı” regiona məhz bizim Qələbəmiz bəxş edib. Odur ki, münaqişənin həlli bütün Qafqazın rifahı deməkdir. Burada ilk məntiqi qənaət ondan ibarət olmalıdır ki, münaqişəni süni şəkildə təkrar alovlandıranlar regionda sülhü istəməyən qüvvələrdir. Məsələ ilə bağlı Prezident İlham Əliyevin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq istədiyi strateji mesajın məzmunu budur.

Eyni zamanda, Prezidentin “Azərbaycan sülh prosesini davam etdirməyə hazırdır” fikri sülh müqaviləsi ətrafında aparılan spekulyasiyaların qarşısını alır. Prezident İlham Əliyev nüfuzlu beynəlxalq tədbir çərçivəsində açıq şəkildə bəyan edir ki, Azərbaycan sülhə hazırdır. Bundan sonra rəsmi İrəvanın sülh ilə bağlı müxtəlif manipulyativ bəyanatları yalnız siyasi sözbazlıq kimi qəbul olunmalıdır. Azərbaycan sözügedən tədbirin təşkilatçısı kimi beynəlxalq ictimaiyyətin gözü qarşısında yenə də regionda sülhün carçısı kimi çıxış edir. Bəs rəsmi İrəvan paytaxtın mərkəzində nasist ideologiyasının rəmzlərindən biri hesab olunan Njdeyə heykəl qoymaqla nəyin carçısı kimi çıxış edir? Bu sual regionda yeni münaqişəni təhrik edənlərə verilməlidir.