Yeni Azərbaycan Partiyası və gənclər

“Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” – bu sözlər Ulu Öndər Heydər Əliyevə məxsusdur. YAP Heydər Əliyevin “Yeni Azərbaycançılıq” ideologiyasının əsas nüvəsi idi. 1992-ci ildə yaranmış bu partiya Azərbaycanın müstəqillik dövründə siyasi quruculuğun, dövlətçilik proseslərinin və sosial-iqtisadi inkişafın aparıcı aktorlarından biri olmuşdur. Partiyanın yaranması təkcə siyasi təşkilatlanma kimi deyil, həm də dövlətçilik ənənələrinin və milli maraqların qorunması baxımından mühüm tarixi hadisə kimi qiymətləndirilir.

Yeni Azərbaycan Partiyası 21 noyabr 1992-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılmışdır. Partiyanın yaranmasının əsas səbəbləri ölkədə siyasi sabitliyin təmin olunması, münaqişələrin qarşısının alınması və dövlət institutlarının möhkəmləndirilməsi idi. YAP-ın əsas məqsədi siyasi sistemdə təşkilatlanmanı gücləndirmək, demokratik institutların inkişafını təmin etmək və Azərbaycanın müstəqilliyini möhkəmləndirməkdən ibarət idi. Partiyanın proqramında milli maraqların qorunması, iqtisadi inkişafın sürətləndirilməsi, hüquqi dövlət prinsiplərinin tətbiqi və sosial ədalətin təmin olunması xüsusi yer tuturdu.

YAP 91 nəfər Azərbaycan ziyalısının Heydər Əliyevə müraciəti əsasında, 1992-ci il noyabrın 21-də Naxçıvanda ümummilli liderin sədrliyi ilə və 550 nəfərdən ibarət təşəbbüs qrupunun iştirakı ilə keçirilən təsis konfransında yaradıldı. Bu, tamamilə tarixi zərurətdən doğan bir proses idi. Həmin dövrdə yaranmış siyasi hərc-mərclik, dövlət idarəçiliyindəki boşluqlar, AXC–Müsavat tandeminin səriştəsiz fəaliyyəti Heydər Əliyevin yenidən böyük siyasətə qayıtmasını zəruri etmişdi. Bu isə Azərbaycan ziyalılarının və ictimaiyyətin Heydər Əliyevin ətrafında birləşməsi üçün möhkəm zəmin yaratdı.

Yeni Azərbaycan Partiyası 1992-ci il dekabrın 18-də Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alındı. Bu addım partiyanın ölkənin siyasi həyatında aktiv iştirakına geniş imkan yaratdı. Qısa müddət ərzində YAP siyasi arenada mühüm gücə çevrildi. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə partiya Azərbaycan siyasətində dominant rol almağa başladı və təkcə siyasi fəaliyyətlə məhdudlaşmayaraq, dövlət idarəçiliyinin və iqtisadi siyasətin formalaşdırılmasında həlledici rol oynadı. YAP bu baxımdan ölkədə siyasi sabitliyin əsas qarantı kimi çıxış etdi.

Yeni minillikdə partiya müasir çağırışlara uyğunlaşaraq öz aparıcı mövqeyini qorudu. 2003-cü ildən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP daha da gücləndi. Bu dövrdə partiya həm dövlət proqramlarının icrasında, həm də geniş sosial layihələrin həyata keçirilməsində xüsusi fəallıq göstərdi. Əsas prioritetlər Azərbaycanın beynəlxalq nüfuzunun artırılması, iqtisadi inkişafın yüksəldilməsi və sosial rifahın yaxşılaşdırılması idi.

2010-cu ildən etibarən YAP fəaliyyətində gənclərə daha çox yer ayırdı. İlham Əliyevin seçki kampaniyası zamanı aparılan “İlhamla İrəli” təşəbbüsü partiyanın gənclər arasında geniş dəstək qazanmasına səbəb oldu. Bu dövrdə partiya struktur baxımından modernləşdirildi, daha demokratik qərarvermə mexanizmləri tətbiq edildi və gənclərin siyasi proseslərdə fəallığı artırıldı. YAP sosial layihələrdə, təhsil, səhiyyə və infrastruktur sahələrində də əhəmiyyətli təşəbbüslərlə çıxış etdi.

2020-ci ildən sonra dünyada yaranan rəqəmsal transformasiya dalğasına partiya dərhal adekvat reaksiya verdi. Rəqəmsal texnologiyalardan istifadə etməklə YAP öz fəaliyyətini daha da genişləndirdi, sosial media və onlayn platformalar vasitəsilə vətəndaşlarla birbaşa ünsiyyət imkanlarını artırdı. Partiya beynəlxalq siyasi təşkilatlarla əməkdaşlığı da gücləndirdi.

44 günlük Vətən Müharibəsi dövründə YAP öz tarixi missiyasını layiqincə yerinə yetirdi. Partiya ölkədə siyasi həmrəyliyin, milli mövqenin gücləndirilməsinə töhfə verdi. YAP-ın rəhbərliyi və üzvləri milli maraqların qorunması, torpaqların azad edilməsi istiqamətində dövlət siyasətini ardıcıl dəstəklədi. Partiya parlamentdə və digər platformalarda vəhdət nümayiş etdirərək daxili siyasi qarşıdurmaların müharibəyə mənfi təsir göstərməsinin qarşısını aldı. Sıravi üzvlər də ictimaiyyət arasında maarifləndirici fəaliyyət göstərərək ordunun və dövlətin siyasətinə dəstəyi gücləndirdilər.

Bütün bu faktlar göstərir ki, Yeni Azərbaycan Partiyası Heydər Əliyevin Azərbaycan xalqına miras qoyduğu ən dəyərli siyasi irslərdən biridir. Azərbaycan var olduqca Heydər Əliyevin adı da yaşayacaq, onun qurduğu YAP isə bu yolun davamçıları kimi dövlətçiliyə sadiqlik nümayiş etdirəcək. Biz gənclər də bu siyasətə sadiq qalaraq, onun inkişafı və davamı üçün əzmlə çalışacağıq.

Əfsanə İbrahimova