- Tribuna
- 16:15
- 970
Siyasətin gizli ritmi: nə Ramiz Mehdiyev, nə Əli Kərimli hüquqdan yayına bilər
Ramiz Mehdiyevin Əli Kərimli ilə səhnəarxası koordinasiya cəhdləri Azərbaycan siyasətində köhnə intriqa üsullarının yenidən aktuallaşdırılması kimi dəyərləndirilə bilər. Bu cəhdlər göstərir ki, hər iki fiqurun siyasi davranışı milli maraqlara deyil, şəxsi ambisiyalara və qrup maraqlarına əsaslanır. Uzun illər dövlət idarəçiliyində mühüm mövqelər tutan Ramiz Mehdiyevin radikal müxalifətlə təmas yaratması da elə bu ambisiyaların davamı olaraq ortaya çıxır və onun son dönəmlərdəki siyasi davranış xəttini daha aydın göstərir.
Azərbaycanın son beş ildə əldə etdiyi tarixi qələbələr ölkənin strateji kursunun nə qədər doğru olduğunu təsdiqləsə də, xarici mərkəzlərin təsirinə açıq olan radikal müxalifət bu qələbələrin heç birinə sevinc və ya dəstək nümayiş etdirməyib. Əli Kərimli və onun ətrafında cəmləşən qruplar illərdir anti-Azərbaycan dairələrin yaratdığı siyasi çərçivədən kənara çıxa bilməyərək ölkə daxilindəki mühüm prosesləri məqsədli şəkildə təhrif edir, qələbələri gözdən salmaq üçün müxtəlif ritorikalardan istifadə edirlər. Cəmiyyətin bu şəxsləri illər öncə siyasi gündəlikdən kənarlaşdırması təsadüfi deyil, çünki onların fəaliyyəti daim destruktivlik, qarşıdurma və xarici patronajlara bağlılıq üzərində qurulub. Kərimlinin ölkə daxilində sosial dayağının olmaması da onu yeni siyasi himayədarlar axtarmağa vadar edir və bu, onun siyasətdəki qeyri-sabit, situativ davranışlarını daha da gücləndirir.
Əli Kərimlinin zaman-zaman tənqid etdiyi Ramiz Mehdiyevlə işbirliyində olması isə onun ideoloji mövqeyinin mahiyyət etibarilə prinsipial deyil, situativ olduğunu bir daha sübut edir. Bu yaxınlaşma cəmiyyətə və dövlətə fayda gətirmək gücündə deyil, əksinə, destruktiv prosesləri sürətləndirə biləcək təmayüllər yaradır. Bu cəhdlər siyasi iddia kimi deyil, şəxsi revanşizm elementləri kimi görünür və hər iki tərəfin gələcək planlarının milli maraqlarla ziddiyyət təşkil etdiyini açıq şəkildə ortaya qoyur.
Dövlət Təhlükəsizliyi Xidmətinin Əli Kərimlinin evində axtarış aparması və onu dindirməsi təsadüfi deyil. Rəsmi məlumatlar istintaqın Ramiz Mehdiyevlə bağlı aparıldığını və iki şəxs arasında mümkün əlaqələrin araşdırıldığını göstərir. Bu əlaqələrin mahiyyəti və istiqaməti dövlət təhlükəsizliyi kontekstində qiymətləndirilir və toplana biləcək materiallar prosesin hüquqi çərçivədə aparıldığını təsdiqləyir.
Son illər Qafqaz regionunda artan geosiyasi təlatümlər, böyük güclərin nüfuz savaşı fonunda hər hansı siyasi qrupun xarici təsirlərə açıq davranış sərgiləməsi dövlət üçün ciddi risk hesab olunur. Bu səbəbdən radikal müxalifət daxilində müşahidə edilən dövlət maraqları ilə ziddiyyət təşkil edən addımlar ictimaiyyətin narahatlığını artırır.
Regionun hazırkı həssas geosiyasi mühitində ölkə daxilindəki siyasi qrupların hansı xarici dairələrin təsirinə açıq olduğu məsələsi xüsusi əhəmiyyət kəsb edir. Dövlət təhlükəsizliyi təhdidlərinin artdığı bir zamanda kənar təsirlərlə manipulyasiya edilə biləcək strukturların vaxtında zərərsizləşdirilməsi dövlətin prioritet vəzifələrindəndir. Çünki bu cür strukturların avantürist məqsədlərlə hərəkət etməsi ölkənin sabitliyini ciddi şəkildə sarsıda bilər. Elə buna görə də Ramiz Mehdiyev və Əli Kərimli arasındakı əlaqələrin araşdırılması, faktların obyektiv qiymətləndirilməsi və mümkün risklərin qarşısının alınması dövlətin milli təhlükəsizlik siyasətinin tərkib hissəsidir.
Cəmiyyət artıq uzun müddətdir ki, xarici mərkəzlər tərəfindən idarə olunan və milli maraqlara zidd fəaliyyət göstərən radikal qrupların siyasi intriqalarından yorulub.
Dövlətin sabitlik və inkişaf xəttinə qarşı yönəlmiş hər hansı fəaliyyətin vaxtında neytrallaşdırılması həm milli maraqların, həm də ictimai təhlükəsizliyin qorunması baxımından vacibdir. Bu gün Azərbaycan dövləti öz gücü, siyasi iradəsi və institusional möhkəmliyi ilə milli maraqlara yönəlmiş bütün təhdidlərin qarşısını almaq gücündədir və heç kimin, o cümlədən nə Ramiz Mehdiyevin, nə Əli Kərimlinin, nə də onların xarici havadarlarının dövlətə qarşı fəaliyyətinə hüquqi qiymət verilməsindən yayınmaq imkanı yoxdur.
Anar YUSİFOĞLU