"Bu saatın qırıntılarını toplayıb o günün xatirəsi kimi Liman (Von Sanders) Paşaya verdim" "Bu saatın qırıntılarını toplayıb o günün xatirəsi kimi Liman (Von Sanders) Paşaya verdim"

Atatürkün həyatını xilas edən saat Haradadır?

"Bu saatın qırıntılarını toplayıb o günün xatirəsi kimi Liman (Von Sanders) Paşaya verdim"

Mustafa Kamal Atatürkün Dardanel müharibəsi zamanı qəlpə parçası ilə xəsarət aldığını və bu zaman onu ölümdən döşündəki cib saatının qurtardığını demək olar ki, bilməyən yoxdur. Ancaq o saatın aqibəti indiyədək məlum deyil. Müxtəlif muzeylərdə Atatürkə aid bir çox əşyalar nümayiş olunsa da aralarında o saat olmur. Bəs indi o saat haradadır?

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, onun həyatını xilas edən o saatın maraqlı hekayəsi budur.

Mustafa Kamal Atatürk 1918-ci ildə Rövşən Əşrəfə verdiyi müsahibəsində Dardanel müharibəsinin Conkbayırı cəbhəsində 1915-ci il 9-10 avqust günlərində baş verənləri belə izah edir:

"Müharibə meydanında cərəyan edən döyüşü tamaşa edərkən bir qəlpə sinəmin sağ tərəfinə dəydi. Cibimdə olan saat tikə-tikə oldu. Bədənimə heç nə olmadı. Yalnız qan ləkəsi qaldı. Bu saatın qırıntılarını toplayıb o günün xatirəsi kimi Liman (Von Sanders) Paşaya verdim. O da alicənablıq jesti kimi öz saatını mənə verdi".

Atatürkün həyatını xilas edən o saatla bağlı başqa bir hadisə baş vermir. Ancaq Ulu Öndərin ölümündən qısa müddətdən sonra saatın aqibətilə bağlı məlumatlar çıxır.

Son Posta qəzetinin 16 yanvar 1939-ci il tarixli nüsxəsində "Dardaneldə Atatürkün həyatını xilas edən saatını bir saat zavodu 250 min franka almaq istəyir. İsveçrədəki saat zavodu İzmirdəki təmsilçisinə göndərdiyi bir teleqramda Conkbayırında Atatürkün həyatını xilas edən saatın əslinin və ya fotosunun kimdə olduğunu bildirənə 1000 İsveçrə Frankı verəcəyini, saatı də 250 min franka satın alacağını bildirib" xəbəri dərc olunur. Daha sonra çıxan xəbərlərdə də bu saat firmasının Omega olduğu yazılır.

Conkbayırında iki komandir arasında saatların dəyişikliyinə şahidlik edən Dardanel müharibəsi komandirlərindən polkovnik Heydər Mehmet Alganer xatırlayıb ki, Cümhuriyyət dövrünün ilk illərində Münhen konsulluğunda general Sanderslə görüşüb və o, Atatürkün verdiyi saatı çox qiymətli bir xatirə olaraq saxladığını deyib.

Alman general Sandersin 1929-ci ildə ölümündən sonra Türk hökuməti saatı onun həyat yoldaşından geri alıb muzeyə qoymaq tələbini edib. Ancaq Sandersin xanımı "Saatı Paşanın ölümündən sonra evə girən oğru oğurlayıb" cavabını verib.

1933-34-cü illərdə Türkiyənin təhsil naziri olan Yusuf Hikmət Bayur saatın Liman Fon Sandersin ölümündən sonra ailəsindən tələb olunduğunu, amma gələn cavabda, saatın başqa vitrin əşyaları ilə birlikdə satıldığını öyrənib.

1939-ci ilin fevral ayında professor Lüdviq Bairer adlı bir keşiş Berlindəki Türk səfirliyinə müraciət edərək deyib ki, qəzetlərin birində bir İsveçrə saat zavodunun Atatürkün həyatını xilas edən saatın yerini bildirənə mükafat verəcəyini haqda məlumat oxuyub.

Keşiş əlavə edib ki, saatın üst qapağında Türkcə bir kəlmə yazılıb və o saat Sanders tərəfindən bir alman zabitinə hədiyyə edilib.

Türkiyənin Berlindəki səfiri Həmdi Arpağ bu informasiyanı xarici işlər naziri Şükrü Saracoğluya bildirib. Saracoğlu da 21 mart 1939-cu ildə 33542/108 saylı yazı ilə Baş nazirə müraciət edib.

Saracoğlu yazısında saatın yerini bilən şəxslərin araşdırılmasını istəyib. Sonra bu yazışmalar təhsil nazirliyi, Baş nazir və XİN arasında davam edib.

1939-cu ildə isə ikinci dünya müharibəsi başlayıb və xəbəri verən keşişlə bir daha təmas qurulmayıb.

Babək Göyüş

AzNews.az

image description