“Misirlə Türkiyə arasında görüş səmimi və əhəmiyyətli danışıqlarla nəticələnib” - Türkiyə XİN

Bu, 8 il sonra Türkiyə ilə Misir arasında keçirilən ilk rəsmi görüşdür

Türkiyənin xarici işlər nazirinin müavini Sedat Önal və Misirin Xarici İşlər nazirinin müavini Həmdi Sanad Lozanın rəhbərliyi ilə 5-6 May 2021 tarixlərində Qahirədə keçirilən heyətlərarası görüş başa çatıb.

Aznews.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Türkiyə XİN tərəflər arasında siyasi məsləhətləşmələr xarakterli danışıqları səmimi şəraitdə və əhəmiyyətli olaraq qiymətləndirib.

Hər iki tərəfin birgə yayımladığı açıqlamada bildirilib ki, Türkiyə ilə Misir arasında münasibətlərin normallaşdırılması istiqamətində atılacaq addımların müzakirə olunması ilə bərabər Liviya, Suriya və İraqdakı vəziyyətlə bağlı da fikir mübadiləsi aparılıb: “Şərqi Aralıq dənizində sülh və təhlükəsizliyin təmini haqqında daha geniş müzakirələr keçirilib. Tərəflər siyasi məsləhətləşmələrin nəticələrini müqayisə edərək, müvafiq addımların atılması haqında qərar verəcək”.

Qeyd edək ki, 2013-cü ildə Misirdə baş verən hərbi çevrilişdən sonra iki ölkə arasında gərginlik yaranıb, Türkiyə və Misir qarşılıqlı olaraq o ölkələrdəki səfirliklərinin fəaliyyətinə son qoyub. Bu, 8 il sonra Türkiyə ilə Misir arasında keçirilən ilk rəsmi görüşdür.