- Qərb
- 8 Noyabr 2018 15:49
- 2 088
Tələbələrə müəllimlərin holoqramları dərs keçəcək - London İmperiya Kollecində

Bir çıxışa təxminən 1300 dollar xərclənəcək
London İmperiya Kollecində tələbələrə müəllimlərin holoqramları dərs keçəcək. Mühazirə həm əvvəlcədən yazılmış formada, həm də real vaxt rejimində aparıla bilər.
robo-hunter.com saytı xəbər verir ki, bu, “Arht Media” şirkətinin mütəxəssisləri tərəfindən hazırlanmış xüsusi sistem sayəsində mümkün olub. Los-Anceles və Toronto şəhərlərində yerləşən iki studiya yeni sistemlə təchiz edilib. Müəllim bu studiyaya gəlir, xüsusi kameralar burada baş verənləri lentə alır. Auditoriya ilə əlaqə saxlaması üçün onun qarşısındakı yüksək təsvir ölçülü ekranda tələbələrin əyləşdikləri otağın görüntüsü yayımlanır. Mühazirə zalında isə müəllimin təsviri xüsusi fonda şüşə ekrana proyeksiya edilir.
Holoqram eyni vaxtda bir neçə problemi həll edir: kadr çatışmazlığı, şəxsən mühazirə aparmağın qeyri-mümkünlüyü və sadə videoyayım zamanı auditoriya ilə zəif kommunikasiya. London İmperiya Kolleci yeni sistem vasitəsilə yayımlanan bir çıxışa təxminən 1300 dollar xərcləyəcək. (AZƏRTAC)
© AzNews.az