• Qərb
  • 8 Yanvar 2019 15:22
  •  459

Fransa kilsəsində növbəti pedofiliya skandalı

Fransada kilsə xadimlərinin onlara etibar edilmiş uşaqlara qarşı cinsi zorakılığa yol verməsi faktı üzrə növbəti qalmaqal məhkəməyə daşınıb.

Yanvarın 6-da Fransada Lion şəhər birinci məhkəmə instansiyasında Lion arxiyepiskopu Filip Barbaren və onun yaxın ətrafına daxil olan 5 iyerarx üzərində yeparxiyada uşaqlara qarşı cinsi zorakılıq faktının gizlədilməsi üzrə simvolik məhkəmə prosesi başlayıb.

Üç gün davam edəcək prosesdə əsas məqsəd bir suala cavab tapmaqdır: Arxiyepiskop və yeparxiya rəhbərliyi keşiş Bernar Preynanın pedofil olduğuna dair məlumat alandan sonra lazım olan bütün addımları atıbmı?

Lionda başlanan bu proses Fransa katolik kilsəsində pedofiliya ilə bağlı ən səs-küylü iş hesab olunur. Prosesin əsasında dayanan cinsi zorakılıq 1986-1991-ci illərdə Lionda yerləşən boyskaut düşərgəsində baş verib. Düşərgəyə keşiş Preyna rəhbərlik edib. Həmin dövrdə o, azyaşlı oğlan uşaqlarına qarşı cinsi zorakılığa yol verib. Onun qurbanları yalnız böyüdükdən sonra – 2015-ci ildə başlarına gələni açıblar. Keşiş Preynaya qarşı cinayət işi 2016-cı ildə qaldırılıb. 70 yaşlı keşiş dərhal etirafedici ifadə verib. Onun ifadəsindən məlum olub ki, 1991-ci ildən kilsə rəhbərliyi onun davranışından xəbərdar olub, amma heç bir tədbir görülməyib. Keşiş Preyra 2015-ci ilədək – qurbanları baş vermiş zorakılıq hallarını açıqlayanadək yeparxiyada xidmət göstərib.

2002-ci ildən Lion yeparxiyasına rəhbərlik edən Filip Barbaren isə baş verənlərdən 2007-ci ilə xəbər tutsa da, keşişi vəzifəsindən uzaqlaşdırmayıb – Preyra günahını və artıq sağaldığını etiraf etdiyinə görə.

2017-ci ilin avqustunda Lion prokurorluğu iddia müddətinin keçdiyini əsas gətirərək Barbarenə qarşı qaldırılmış işi bağlasa da, zorakılıq qurbanlarının yaratdığı “La Parole Liberee” Assosiasiyası kardinala qarşı birbaşa məhkəmədə iddia qaldırıb. Fransa qanunvericiliyi prokurorluğun işi bağlamasına rəğmən belə məhkəmə iddialarının qaldırılmasına imkan verir. Assosiasiyada keşiş Preynanın 60-dək qurbanı birləşib.

İddiaçılar kardinalın simvolik olaraq 1 avro cərimələnməsini tələb edirlər. Assosiasiyanın yaradıcılarından olan Aleksandr Eze prosesi özlərinin uğuru hesab etdiyini bildirib: “Düşünürəm ki, biz, nəhayət, susmaq mexanizminin necə işləməyinə dair həqiqəti öyrənəcəyik. Biləcəyik ki, bir pedofil uzun illər boyu məsuliyyətdən necə yayına bilir. Kilsə institutunun daxilində şaquli cavabdehliyin necə yarandığını anlamaq vacibdir. Hazırkı şəraitdə əsas məsuliyyəti kardinal Barbaren daşıyır”.

Assosiasiyanın digər həmtəsisçisi olan Fransua Devo da Preyra atanın qurbanlarından biridir: “Əvvəlcə biz mətbuat və sosial şəbəkələr vasitəsilə ictimai rəyə müraciət etdik. İndi isə ədalət məhkəməsinə müraciət etmişik – o, bizim ölkəmizdə inanılacaq bir nömrəli instansiyadır. İndi biz görəcəyik ki, əxlaq və ədalət mühakiməsi bir yerdə mövcuddurmu, ədalət məhkəməsi bu məsələdə hansı mövqeyi tutacaq”?

Məhkəmədə ifadə verən 68 yaşlı kardinal isə bildirib ki, keçmişdə heç də həmişə “ən yaxşı və düzgün ifadələri” seçməyib: “Mən heç vaxt bu dəhşətli faktları gizlətməyə, ən əsası isə üstünü örtməyə çalışmamışam. Hamı məni Preyna ataya inanmaqda suçlayır. Lakin hələ də baş verənlərdən sonra onun günahını sübuta yetirəcək bir fakt belə aşkarlanmayıb”. Barbaren həmçinin qeyd edib ki, bu məsələdə kilsə rəhbərliyinin “skandal yaratmamaq” göstərişini əsas tutaraq hərəkət edib.

Kardinalın vəkili hesab edir ki, söhbət formal bir prosesdən gedir: “Əsas məsələ, sadəcə, kardinal Barbarenin prokurorluğa müraciət etmək üçün yetərincə məlumata malik olub-olmadığının aydınlaşdırılmasıdır. O, öz tabeliyindəkinə ədalət sarayına getməsini əmr edəcək qədər məlumatlı olubmu? Söhbət bundadır, başqa heç bir məsələ müzakirə olunmur”.

Qeyd edək ki, cinsi zorakılıq faktlarının gizlədilməsi Fransada 3 illik həbs və 45 min avroi cərimə ilə cəzalandırılır. İndiyədək Fransada pedofiliya ittihamı ilə iki yepiskop cəzaya məhkum olunub: 2001-ci ildə Baye-Lizye yeparxiyasının yepiskopu, 2018-ci ildə Orleanın keçmiş yepiskopu.

Fransanın tanınmış dinşünası Olivye Bobino bildirir ki, Fransada pedofiliyaya qarşı münasibət 1980-ci illərdə dəyişib: “Uşaq hüquqları üzrə beynəlxalq konvensiya 1989-cu ildə qəbul olunub. Bu, uşağın sakral fiqura çevrildiyi həlledici məqamdır. 1960-70-ci illərdə Fransada mədəniyyətə həsr olunmuş televiziya verilişlərində intellektuallar və siyasətçilər uşaqlar və yeniyetmələrlə analoji cinsi münasibətlərlə məşğul olurdular. Yalnız 80-ci illərdə pedofiliya cinayət əməli kimi tanındı. Buna görə də katolik kilsəsinin bu məsələdə uşaqlarla işləyən digər institutlardan geri qaldığını söyləmək olmaz”.(musavat.com)

© AzNews.az