Danimarka polisi islam dini əleyhinə nümayişə icazə vermədi - FOTOLAR

Əraziyə cəlb olunan polislər 5 nəfəri həbs ediblər

Danimarka polisi qatı islam əleyhdarı olan siyasətçi Rasmus Paludana növbəti nümayiş keçirməyə icazə verməyib.

Kopenhagenin ətrafındakı Albertslund bələdiyyəsi ərazisində islam əleyhinə keçirilməsi planlaşdırılan nümayiş qanun keşikçiləri tərəfindən ictimai qadağan edilib. İctimai asayişin pozulacağı arqumentini əsas götürən polis bu rayonda gələcəkdə nümayişlər keçirilməsinə də icazə verməyib.

Polisin bu qərarının səbəbi nümayiş keçiriləcək meydanda əks düşüncəyə malik olan insanların - gənclərin, bir neçə sosialist təşkilatlarının toplaşacağı xəbəridir. Lakin nümayişin ləğv edilməsinə baxmayaraq, Albertslundda iğtişaşlar baş verib və əraziyə cəlb olunan polislər 5 nəfəri həbs ediblər. Burada gənclər avtobus dayanacağını dağıdıb, məişət tullantıları konteynerlərini yandırıb və polislərin üzərinə fişənglə hücum ediblər. Qanun keşikçiləri 20-30 nəfərlik qrupu zərərsizləşdirmək üçün gözyaşardıcı qazdan istifadə ediblər.

Qeyd edək ki, Rasmus Paludan qatı islam əleyhdarı olan ”Stram Kurs” partiyasının banisidir. Siyasətçinin məqsədi Krallıqda islam dinini tam qadağan etmək və Danimarkaya immiqrasiya prosesinə son qoymaqdır.

Sosial şəbəkələrdəki müraciətlərində o, nümayişləri göstərir və müqəddəs Quranı yandırır.(AZƏRTAC)

AzNews.az

image description image description image description image description