“Notr-Dam-de-Pari” kilsəsindən xilas edilən əşyalar Luvra yerləşdiriləcək

Yanğına kilsənin yuxarı səviyyələrində aparılan təmir işləri səbəb olub

"Notr-Dam-de-Pari" kilsəsindəyanğın zamanı xilas edilən sənət əsərləri və dini əşyalar, o cümlədən müqəddəs hesab olunan İsa peyğəmbərin tikanlı tacı Luvra köçürüləcək".

“Reuters” xəbər verir ki, bu barədə Fransanın mədəniyyət naziri Frank Riester jurnalistlərə açıqlamasında bildirib.

O, kilsədə yanğın zamanı yanğınsöndürənlərlə nazirlik və şəhər bələdiyyəsi əməkdaşlarının dəyərli əşyaları müvəqqəti olaraq Paris bələdiyyəsinin binasına daşıdıqlarını söyləyib.

Xatırladaq ki, dünən "Notr-Dam-de-Pari" kilsəsində yanğın baş verib və kilsə üzərindəki uzun qüllənin bir hissəsi aşıb, həmçinin məbədin saatı yanaraq məhv olub. Fransa Daxili İşlər Nazirliyi yanğından sonra kilsənin bərpasının çətin olacağını açıqlayıb. Öz növbəsində Fransa Prezidenti Emmanuel Makron kilsənin bərpa edilərək yenidən əvvəlki vəziyyətə qaytaracaqlarına söz verib.

Qeyd edək ki, 10 saatdan çox davam edən yanğını gecə yarısından sonra söndürmək mümkün olub. İlkin məlumatlara görə, yanğına kilsənin yuxarı səviyyələrində aparılan təmir işləri səbəb olub.(report.az)

AzNews.az