Polşada prezident seçkilərinin ikinci turu keçirilir

Prezident postu uğrunda hazırkı dövlət başçısı Andjey Duda və Varşavanın liberal meri Rafal Tşaskovskiy mübarizə aparır

Bu gün Polşada prezident seçkilərinin ikinci turu keçirilir.

AzNews.az-ın “Alman dalğası”na istinadən verdiyi məlumata görə, Prezident postu uğrunda hazırkı dövlət başçısı Andjey Duda və Varşavanın liberal meri Rafal Tşaskovskiy mübarizə aparır.

Sosioloji sorğulara əsasən, hər iki namizəd seçicilərin demək olar ki, bərabər dəstəyinə malikdir. Hakim mühafizəkar Qanun və Ədalət Partiyası üçün bu prezident seçkiləri böyük əhəmiyyət daşıyır. A. Dudanın qələbəsi hakim partiyanın minimum 2023-cü ildə keçirilməsi planlaşdırılan parlament seçkilərinə qədər lider mövqeyini möhkəmləndirəcək. Ancaq Rafal Tşaskovskiyin qələbəsi isə hakim partiya üçün ciddi zərbə olacaq.

Qeyd edək ki, 5 ildir ki, prezident postunu tutan və özünü hökumətin apardığı sosial rifah siyasətinin qarantı sayan 48 yaşlı A. Duda ənənəvi ailə modelinin tərəfdarı, eyni cinslərin evliliyinin əleyhdarıdır. R. Tşaskovskiy isə cinsi azlıqlara dəstək verir və prezident seçiləcəyi təqdirdə ölkədə ədliyyə sistemində aparılan, Varşava və Avropa İttifaqı arasında münasibətlərin gərginləşməsinə səbəb olan islahatları ləğv edəcəyini bildirir.