• Qərb
  • 7 İyun 2023 10:05
  •  4 014

İtaliyada keçmiş baş nazirə qarşı "korrupsiya" istintaqı başlayıb

İtaliyada keçmiş baş nazir Massimo D'Alema və İtaliya müdafiə sənayesi şirkəti Leonardo-nun keçmiş icraçı direktoru (CEO) Alessandro Profumoya qarşı hərbi təyyarə, sualtı qayıq və gəmilərin Kolumbiyaya satışı ilə bağlı istintaq başladıldığı bildirilib.

Aznews.az xəbər verir ki, İtaliyanın ANSA agentliyinin xəbərinə görə, Neapol Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində D'Alema və Profumonun Romadakı evlərində və ofislərində axtarış aparılıb.

Bildirilib ki, D'Alema və Profumo ilə birlikdə 8 nəfər beynəlxalq korrupsiyaya görə istintaqa cəlb olunub.

Araşdırma İtaliyanın Leonardo şirkətinin istehsal etdiyi M346 təlim təyyarəsi və Fincantieri tərəfindən istehsal olunan korvet və sualtı qayıqların Kolumbiyaya satışı ilə bağlıdır.

Baş Prokurorluğun İqtisadi Cinayətlərə Qarşı Mübarizə İdarəsinin müfəttişləri tərəfindən yoxlanılan satış üçün qeyd olunan məhsulların dəyərinin 4 milyard avrodan çox olduğu qeyd edilib.

Xəbərdə prokurorların planlaşdırılan satış müqaviləsinin İtaliya və Kolumbiya tərəfləri arasında bərabər şəkildə bölüşdürüləcək 80 milyon avroluq bir komissiyanın yer aldığından şübhələndiyi və onun Kolumbiyadakı potensial alıcılarından birinin keçmiş xarici işlər naziri və vitse-prezident ola biləcəyi vurğulanıb.

Lakin tərəflər pulun necə bölünəcəyi ilə bağlı razılığa gələ bilmədiyi üçün satışın baş tutmadığı da xəbərlərdə öz əksini tapıb.

Bildirilib ki, istintaqda iddia edilən beynəlxalq korrupsiya ittihamı 2022-ci ilin yanvarına təsadüf edir.

Mövsüm