Almaniyada hərbi təlim zamanı holland əsgər ölüb

Almaniyada ötən ildən bəri təlimlər zamanı həlak olan hollandiyalı əsgərlərin sayına daha biri əlavə olunub.

“VAHŞİ BİZON” TƏLİMİNDƏ QƏZA: TƏDBİR LƏĞV EDİLDİ

Alman mediasının məlumatına görə, 30 sentyabrda başlayan və Hannoverin şimalındakı Munster hərbi təlim sahəsində keçirilən beynəlxalq “Vahşi Bizon” təlimi zamanı faciə baş verib. 28 yaşlı, kiçik çavuş rütbəsində olan hollandiyalı əsgər zirehli texnikanın iştirak etdiyi qəza nəticəsində həyatını itirib. Hərbi rəsmilər hadisə barədə əlavə məlumat verməsələr də, təxminən 550 nəfərin qatıldığı təlim ləğv edilib.

Hollandiyanın Baş Qərargah rəisi general Onno Eichelsheim əsgərin ölümü ilə bağlı dərin kədərini ifadə edərək, ailəsinə başsağlığı verib. Qəza ilə bağlı Hollandiya və Almaniya rəsmilərinin birgə istintaq apardığı bildirilib.

Aprel ayında Almaniyada keçirilən “Bastion Lion” təlimi zamanı 21 yaşlı hollandiyalı əsgər də qəza nəticəsində ölmüşdü. Ötən il isə iki fərqli hərbi təlimdə iki hollandiyalı əsgər həlak olmuşdu.

Mövsüm,

AzNews.az