Almaniyada radikal sağçı təhlükəsi: 535 şiddət törədən qrup üzvü itkin düşüb

Almaniyada radikal sağçı təhlükəsi getdikcə artır. Ölkədə zorakılığa meyilli olduğu müəyyən edilən 535 radikal sağçı qrup üzvünün izsiz yoxa çıxması narahatlıq yaradıb.

Almaniya Daxili İşlər Nazirliyinin Federal Məclisdə təmsil olunan Sol Partiyanın sorğusuna cavabına əsasən, polis haqqında ümumilikdə 714 həbs qərarı olan 535 radikal sağçı şəxsi axtarır.

BƏZİLƏRİ XARİCƏ QAÇIB

Polisin ölkə üzrə apardığı axtarış tədbirlərinə baxmayaraq, bir çox cinayətlərdə adı hallanan şəxslərin izinə rast gəlinməyib.

Nazirliyin məlumatına görə, axtarılan şəxslərdən 115-i Almaniyanı tərk edərək xaricə qaçıb. Onların 20-si Polşaya, 13-ü isə Avstriyaya sığındığı ehtimal edilir. Xaricə qaçanların 39-u zorakılıq cinayətlərinə görə axtarılır.

Almaniya Konstitusiyanı Mühafizə Təşkilatının (BfV) 2024-cü ilə dair hesabatına əsasən, ölkədə ümumilikdə 50 min 250 radikal sağçı mövcuddur. Onların 15 min 300-nün zorakı fəaliyyətlə məşğul olduğu bildirilir.

Hesabatda qeyd edilir ki, radikal sağçıların törətdiyi cinayətlərin sayı 2001-ci ildən bəri ən yüksək səviyyəyə çatıb.

Federal Polis İdarəsinin (BKA) məlumatına görə, 2024-cü ildə radikal sağçılar tərəfindən 42 min 788 cinayət qeydə alınıb. Bu rəqəm əvvəlki illə müqayisədə 50 faiz artım deməkdir.

Mövsüm,

AzNews.az