Zelenski Parisdə Makronla bərabər mətbuat konfransı keçirib

Ukrayna prezidenti Volodimir Zelenski Parisdə Fransa prezidenti Emmanuel Makronla görüşərək birgə mətbuat konfransı keçirib.

Bu barədə “Le Parisien” qəzeti məlumat yayıb.

Məlumata görə, görüş zamanı tərəflər Ukraynaya uzunmüddətli hərbi dəstək paketini müzakirə ediblər. Prezident Makron bildirib ki, Fransa ilk gündən Ukraynanı fasiləsiz və aydın şəkildə dəstəkləyib və Rusiyanın məqsədinin Ukrayna ərazisini nəzarətə götürmək olduğunu vurğulayıb.

Görüş çərçivəsində iki əsas sənəd imzalanıb. Yeni hərbi razılaşmaya əsasən, Fransa gələn 10 il ərzində Ukraynaya dronlar, dron əleyhinə sistemlər, idarəolunan bombalar və digər qısa müddətdə tələb olunan imkanlar təqdim edəcək. Bundan əlavə, Kiyevin 100 ədəd “Rafale” qırıcı təyyarəsi əldə edəcəyi bildirilib.

Fransa həmçinin Ukraynaya iqtisadi və humanitar dəstəyini artıracağını açıqlayıb. Bu çərçivədə “Alstom” şirkəti ilə 475 milyon avro dəyərində müqavilə imzalanıb və Ukraynaya 55 lokomotiv tədarük olunacaq.

Makron Rusiyaya qarşı sanksiyaların gücləndiriləcəyini, Moskvanın Avropanın yorulacağına bel bağlaya bilməyəcəyini qeyd edib. O, həmçinin Ukraynanın Avropa ailəsinə məxsus olduğunu və Aİ-yə üzvlük yolunun çətin olsa da, davamlı şəkildə irəliləyəcəyini bildirib.

Mövsüm,

Aznews.az