Makron: Sosial media gənclər üçün ciddi təhlükəyə çevrilib

Almaniyanın paytaxtı Berlində keçirilən Avropa Rəqəmsal Suverenlik Zirvəsində çıxış edən Fransa Prezidenti Emmanuel Makron sosial media platformalarının gənclər üzərində mənfi təsirlərinə diqqət çəkib.

Makron bildirib ki, gənclər gün ərzində 4–5 saatını sosial mediada keçirir:

"Məzmunun məsuliyyətini onlara, yəni gənclərə verirsiniz. Onlar isə amerikalı xüsusi provayderlərin və ya çinli şirkətlərin təqdim etdiyi kontentə məruz qalırlar. Məzmunu da, alqoritmləri də onlar idarə edir. Rəqəmsal Xidmətlər Aktı (DSA) və digər tənzimləmələrə baxmayaraq bu, davam edir."

Fransa lideri vurğulayıb ki, bu qədər sıx rəqəmsal mühitdə gənclər zorakılıq, pornoqrafiya, psixi sağlamlığa zərər vuran materiallar və digər təhlükəli məzmunlarla üz-üzə qalır:

"Açıq danışaq, uşaqlar üçün bütün bu zərərli məzmunları həmin platformalar yaradır və biz də faktiki olaraq buna imkan veririk."

Makron qeyd edib ki, rəqəmsal suverenlikdən danışılan zaman hökumətlər gəncləri zərərli məzmunlardan qorumağa borcludur. Onun sözlərinə görə, sosial mediadan qorunma məsələsi həm gənclərin psixi sağlamlığı və təhsil sistemi, həm də demokratik cəmiyyətlərin sabitliyi üçün həyati əhəmiyyət daşıyır.

Prezident əlavə edib ki, hökumətlər bu məsələdə daha tələbkar olmalıdır:

"Bu, sadəcə uşaqların təhlükəsizliyi məsələsi deyil — Avropanın demokratik davamlılığını birbaşa təsir edən bir məsələdir."

Makron həmçinin bildirib ki, şəffaflığı və hesabatlılığı olmayan alqoritmlərin cəmiyyəti bu qədər təsirlədiyi bir mühitdə ifadə azadlığından danışmaq mümkün deyil:

"Alqoritmlərin bir neçə şəxsin nəzarətində olduğu, gizli saxlandığı və ölkə qanunlarının tətbiq edilmədiyi yerdə ifadə azadlığı ola bilməz. Bu, sərhədsiz ‘Vəhşi Qərb’ olar, azad söz yox."

O, yekunda vurğulayıb ki, rəqəmsal suverenlik üçün həm uşaqların, həm gənclərin, həm də ölkələrin demokratik quruluşlarının daha güclü şəkildə qorunmasına ehtiyac var.

Mövsüm,

AzNews.az