- Qərb
- 17:30
- 1 420
Almaniya polisi saxta bomba xəbərlərinə görə 4 əyalətdə reydlər keçirib
Almaniyada polis son aylarda məktəbləri, dəmir yolu stansiyalarını və ticarət mərkəzlərini hədəf alan saxta bomba həbərləri ilə bağlı genişmiqyaslı əməliyyata başlayıb.
Federal Kriminal İdarənin (BKA) məlumatına görə, dörd əyalətdə eyni vaxtda reydlər keçirilib və 4 nəfər saxlanılıb. Onlardan ikisinin yetkinlik yaşına çatmadığı bildirilib.
Əməliyyatlar Şimali Reyn-Vestfaliya, Aşağı Saksoniya, Hessen və Saksoniya-Anhalt əyalətlərində aparılıb. Reydlər zamanı polis çoxsaylı elektron cihazlara da əl qoyub.
İstintaq çərçivəsində şübhəlilərin 2024-cü ildə müxtəlif şəhərlərdə davamlı şəkildə saxta bomba xəbəri verdiyi müəyyən edilib. Bu həbərlərin mayda Essen, sentyabrda Neunkirchen, oktyabrda Saksoniya-Anhalt və dekabrda Bad Hersfelddəki məktəbləri və ticarət məkanlarını hədəf aldığı açıqlanıb. BKA şübhəlilərin gizli kommunikasiya platformasında təşkilatlanmış bir qrupun üzvləri olduğunu düşünür.
Frankfurt Baş Prokurorluğu saxlanılan şəxslərin “ictimai asayişi pozma” və “cəmiyyət arasında qorxu və panika yaratma” maddələri ilə ittiham olunduğunu bildirib.
Saxta xəbərlər nəticəsində can itkisi olmasa da, təxliyələr və əməliyyatlar ciddi maddi ziyana səbəb olub. Baş Prokurorluq həmçinin bu hadisələrin insanlar arasında qorxu və narahatlıq kimi psixoloji təsirlər yaratdığını qeyd edib.
İstintaq tamamlandıqdan sonra şübhəlilər barəsində cinayət işi açılacaq.
Mövsüm,
AzNews.az