- Qərb
- 10:54
- 863
Aİ 2027-ci ilə qədər Rusiya qazının idxalını tədricən dayandırmağa razılaşıb
Aİ 2027-ci ilə qədər Rusiya qazının idxalını tədricən dayandırmağa razılaşıb.
Aznews.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının saytında məlumat dərc edilib.
Bildirilib ki, Şura sədrliyi və Avropa Parlamentinin nümayəndələri Rusiya qazının – həm mayeləşdirilmiş təbii qazın (LNG), həm də boru kəməri qazının – idxalına hüquqi baxımdan məcburi mərhələli qadağa tətbiq edən tənzimləmə üzrə müvəqqəti razılığa gəliblər.
“Bu gün Şura sədrliyi və Avropa Parlamentinin nümayəndələri Rusiya təbii qazının idxalını mərhələli şəkildə dayandırmaq üçün tənzimləmə ilə bağlı müvəqqəti razılığa gəldilər. Tənzimləmə Rusiyadan həm mayeləşdirilmiş təbii qazın (LNG), həm də boru kəməri qazının idxalına hüquqi cəhətdən məcburi, mərhələli qadağa tətbiq edir və müvafiq olaraq 2026-cı ilin sonundan və 2027-ci ilin payızından etibarən tam qadağa tətbiq olunur. Bu, Aİ-nin təchizat təhlükəsizliyini qoruyarkən, dayanıqlı və müstəqil Aİ enerji bazarına nail olmaq kimi əsas məqsədə töhfə verəcək”, - bəyanatda qeyd edilib.
Danimarkanın iqlim, enerji və kommunal xidmətlər naziri Lars Aagaard qərarı yüksək qiymətləndirib:
“Bu, bizim və bütün Avropa üçün böyük bir qələbədir. Biz Aİ-nin Rusiya qazından asılılığına son qoymalıyıq və Aİ-də onun birdəfəlik qadağan edilməsi düzgün istiqamətdə atılan böyük bir addımdır. Avropa Parlamenti ilə bu qədər tez bir zamanda razılığa gələ bildiyimiz üçün çox məmnunam və qürur duyuram. Bu, təhlükəsizliyimizi gücləndirməyə və enerji təchizatımızı qorumağa sadiq olduğumuzu göstərir”, - Lars Aagaard vurğulayıb.