- Qərb
- 17:00
- 800
Yunanıstanda yolları bağlayan fermerlərlə polis arasında gərginlik artıb
Yunanıstanda kənd təsərrüfatı siyasətinə etiraz edən fermerlərin bazar günündən etibarən başlatdığı aksiyalar böyüyərək davam edir və yollar demək olar ki, tamamilə iflic olub.
Etirazların ilk günü – 30 noyabrda Larissa vilayətinin Nikaia və Platykampos kəndlərində magistral yola çıxmaq istəyən fermerlərlə Yunanıstan polisi arasında toqquşma baş verib. Hadisə zamanı 2 nümayişçi və 2 polis əməkdaşı yaralanıb.
Bölgədə təhlükəsizlik tədbirlərini gücləndirən polis Platykamposda 2, Nikaia qovşağında isə 1 nəfər olmaqla ümumilikdə 3 şəxsi saxlayıb.
Bunun ardınca fermerlər Larissa Məhkəməsinin qarşısına toplaşaraq saxlanılan həmkarlarının azad edilməsini tələb ediblər. Etirazçılar aksiyaların təzyiqini həftə boyunca artıracaqlarını bildiriblər.
Etirazları genişləndirən fermerlər bağlanan əsas yolları keçmək üçün yan yollarla hərəkət edərək Egnatia avtomagistralına çıxıblar. Magistralda nəqliyyatın fəaliyyəti pozularkən yolu açmaq üçün müdaxilə edən polis ilə fermerlər arasında vaxtaşırı gərginlik və toqquşmalar yaşanıb.
Həftənin əvvəlindən bəri davam edən aksiyalar nəticəsində hər gün yeni yolların bağlandığı, fermerlərin həm nəqliyyatın hərəkətini, həm də yükdaşımaları yavaşlatdığı bildirilir. Etirazların təsiri Türkiyə sərhədinə qədər uzanıb. İpsala–Kipi xəttində zaman-zaman TIR keçidlərində ləngimələr müşahidə olunur.
Mövsüm,
AzNews.az