• Qərb
  • 9 Dekabr 18:08
  •  1 735

Meymun çiçəyi virusunun yeni ştammı müəyyən edilib

İngiltərə Səhiyyə Təhlükəsizliyi Agentliyi yeni variantın müxtəlif mpox növlərindən genetik material daşıyan “rekombinant” virus olduğunu açıqlayıb. Mütəxəssislər bildirirlər ki, bu hal virusun qlobal dövriyyədə olduğunu və təkamülünü davam etdirdiyini göstərir.

Yeni variantın əlamətləri açıqlanıb

Mpox yaxın təmas yolu ilə yoluxur. Xəstəlik cinsi əlaqə ilə yanaşı, öskürək və asqırma zamanı da yayıla bilir. Mütəxəssislərin sözlərinə görə, xəstəlik qripəbənzər əlamətlərlə başlayır. Üşütmə, halsızlıq, əzələ və bel ağrılarından sonra dəridə su toplamaları, ləkələr və ya xora formasında səpkilər yaranır.

Milli Səhiyyə Sistemi (NHS) mpox-un əsas əlamətlərinin qızdırma, baş ağrısı, bel və əzələ ağrıları, bədənin istənilən yerində yaranan qabarcıqlı səpkilər olduğunu bildirib. Qeyd olunub ki, səpkilər adətən qızdırma və digər qripəbənzər əlamətlərdən 1–5 gün sonra meydana çıxır.

Peyvənd çağırışı edildi

İngiltərə Səhiyyə Təhlükəsizliyi Agentliyinin əməkdaşı Dr. Keti Sinka genetik testlər sayəsində bu yeni mpox növünün müəyyən edildiyini bildirərək, virusların zamanla dəyişməsinin təbii olduğunu vurğulayıb.

O, bildirib:

“Mpox bir çox insanda yüngül keçə bilər, lakin bəzi hallarda ağır xəstəliyə səbəb olur. Peyvənd ağır xəstəlikdən qorunmanın ən effektiv yoludur. Peyvənd hüququ olan şəxslər mütləq peyvənd olunmalıdırlar.”

NHS mpox peyvəndinin xüsusilə kişilərlə cinsi əlaqədə olan və bir neçə partnyoru olan kişilər kimi yüksək risk qrupuna daxil olanlara təklif edildiyini açıqlayıb.

Mpox virusu iki əsas genetik qrupa bölünür

Mövcud mpox virusunun iki əsas genetik qrupu olduğu bildirilir:

Clade I – daha ağır keçir və Mərkəzi və Şərqi Afrikada çox sayda ölümə səbəb olan epidemiyalara yol açıb.

Clade II – 2022-ci ildə ABŞ-də qeydə alınan epidemiyaya səbəb olub və ölüm faizi xeyli aşağıdır.

Rəsmilər İngiltərədə aşkar edilən yeni mpox variantında Clade Ib və Clade IIb növlərinə aid genetik xüsusiyyətlərin birlikdə mövcud olduğunu açıqlayıblar.

Mütəxəssislər qlobal yayılma riskinə diqqət çəkir

Oksford Universitetindən professor Trudi Lenq İngiltərədə yeni mpox hadisəsinin qeydə alınmasını narahatedici adlandırıb, rekombinant variantın ortaya çıxmasının isə riskləri daha da artırdığını deyib. O bildirib ki, Clade Ib variantının yayılmasından sonra virus insanların bir-birinə daha asan yoluxması xüsusiyyəti qazanıb.

ABŞ-nin Emori Universitetindən Dr. Boquma Titanji isə bu yeni variantın ortaya çıxmasını virusun qlobal miqyasda nəzarət altına alınmaması ehtimalı baxımından təhlükəli inkişaf kimi qiymətləndirib. O, virusun yoluxuculuq və xəstəlik törətmə gücünün dəyişib-dəyişmədiyinin diqqətlə izlənməli olduğunu vurğulayıb.

Mpox necə yoluxur

Mpox virusu aşağıdakı yollarla ötürülə bilir:

  • Səpkilər, dəri zədələri və qabıqlarla birbaşa təmas

  • Cinsi əlaqə, öpüşmə, qucaqlaşma və uzunmüddətli dəri təması

  • Tüpürcək, burun axıntısı kimi bədən ifrazatları

  • Dəsmal, yataq dəsti və geyimlərin birgə istifadəsi

  • Uzunmüddətli üzbəüz danışıq, öskürək və asqırma zamanı hava yolu ilə

Mövsüm,

AzNews.az