Ukrayna Moskvaya kütləvi PUA hücumu həyata keçirib

Ötən gecə Moskva və Moskva vilayətinə Ukraynanın pilotsuz uçuş aparatlarının kütləvi hücumu baş verib.

Aznews.az xəbər verir ki, bu barədə Rusiya paytaxtının meri Sergey Sobyanin bildirib.

Onun sözlərinə görə, Rusiya hava hücumundan müdafiə qüvvələri paytaxta yaxınlaşan 32 Ukrayna PUA-sını vurub.

Yerli sakinlər Moskva vilayətinin Zelenoqrad, Ramenskoye, Dubna və Sergiev Posad şəhərlərində partlayışlar eşidiblər.

PUA hücumu səbəbilə bütün Moskva hava limanlarında təyyarələrin uçuş və enişinə məhdudiyyətlər tətbiq edilib. Rusiya paytaxtının hava məkanı tam qapadılıb. Domodedovo, Şeremetyevo, Vnukovo və Jukovski hava limanlarında 133 uçuş ləğv edilib, gecikib və ya başqa yerə yönləndirilib. Moskva hava limanlarına uçuşların əksəriyyəti Sankt-Peterburqun Pulkovo hava limanına yönləndirilib.

Moskvanın hava limanları yerli vaxtla saat 8-də fəaliyyətlərini bərpa edib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ümumilikdə, ötən gecə ərzində Rusiya üzərində 287 Ukrayna pilotsuz uçuş aparatı vurulub. Bildirilib ki, Ukrayna PUA-larından 40-ı Moskva regionu üzərində vurulub.

"Ötən gecə, 10 dekabr Moskva vaxtı ilə saat 23:00-dan 11 dekabr Moskva vaxtı ilə saat 07:00-dək hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 287 ədəd sabit qanadlı pilotsuz uçuş aparatını ələ keçirərək məhv edib. Bryansk vilayəti üzərində 118, Kaluqa vilayəti 40, Moskva regionu üzərində 40, Tula vilayətində 27,
Novqorod 19, Yaroslavl 11, Lipetsk 10, Smolensk 6, Kursk 5, Oryol 5, Voronej 4, Ryazan vilayəti üzərində 2 PUA vurulub", - Rusiya MN-nin məlumatında qeyd olunub.