- Qərb
- 03:45
- 7 531
Dünyanı çalxalayan yeni iddia: Alman kəşfiyyatı Obamanın telefonunu dinləyib
Almaniya Federal Xarici Kəşfiyyat Xidmətinin (BND) ABŞ-nin 44-cü prezidenti Barak Obamanın telefon danışıqlarını dinlədiyi iddia olunub.
AzNews.az xəbər verir ki, Almaniyanın Die Zeit qəzetinin yaydığı məlumata görə, BND Obamanın prezidentliyi dövründə Air Force One – prezidentə məxsus rəsmi təyyarədə apardığı telefon danışıqlarını izləyib.
Qəzet yazır ki, bu dinləmələr Almaniya hökumətinin – konkret olaraq Baş Nazirlik Aparatının qərarı ilə yalnız 2014-cü ildə dayandırılıb.
Məlumatda bildirilir ki, ABŞ BND-nin rəsmi kəşfiyyat hədəfləri siyahısında yer almayıb. Lakin prezident təyyarəsində istifadə olunan rabitə sistemlərindəki təhlükəsizlik boşluqları Obamanın telefon danışıqlarının dinlənməsinə imkan yaradıb.
Qeyd olunur ki, Obamaya aid danışıqların stenoqramları son dərəcə məxfi şəkildə saxlanılıb. Bu materiallara yalnız BND rəhbəri, onun müavinləri və aidiyyəti struktur bölməsinin rəhbəri daxil olmaqla çox dar bir çevrənin çıxışı olub. Dinləmələrə dair sənədlər yalnız bir nüsxədə dövriyyədə saxlanılıb, oxunduqdan sonra isə məhv edilib.
Sözügedən iddialar Almaniya-ABŞ münasibətləri və beynəlxalq kəşfiyyat fəaliyyəti baxımından ciddi rezonans doğura biləcək məsələ kimi qiymətləndirilir.
Mövsüm Novruzoğlu