• Qərb
  • 6 Yanvar 12:50
  •  2 478

Danimarkanın Baş naziri: ABŞ hücum edərsə, hər şey dayanacaq

Venesuelada Prezident Nikolas Maduro və həyat yoldaşının həbsi ilə nəticələnən əməliyyatdan sonra ABŞ administrasiyası Danimarkaya məxsus Qrenlandiya ilə bağlı tələblərini təkrarladı.

Danimarkanın Baş naziri Mette Frederiksen ölkə mətbuatına verdiyi müsahibədə Danimarka və Qrenlandiyanın heç vaxt təhdid olunmağı qəbul etməyəcəklərini bildirib.

Frederiksen qeyd edib ki, Danimarka Krallığının tərkibindəki iki muxtar bölgədən biri olan Qrenlandiyaya münasibətdə Danimarkanın yanaşması əvvəldən eyni olub və bildirib:

"Hər kəsdən, ən azı müttəfiqlərimizdən milli sərhədlərimizə hörmət etməsini gözləyirik. ABŞ prezidenti Donald Trampın dəfələrlə Qrenlandiyaya olan istəyini bildirməsi ciddi qəbul edilməlidir. Bununla belə, mən onu da aydınlaşdırmaq istəyirəm ki, ABŞ başqa bir NATO ölkəsinə hərbi hücum etmək qərarına gələrsə, hər şey dayanacaq. Buraya NATO və İkinci Dünya Müharibəsinin sonundan bəri təmin edilən təhlükəsizlik daxildir. "

Mövsüm,

AzNews.az