Avropada Epşteyn böhranı: Kral ailələri hamiləlik iddiaları ilə qarışıb

ABŞ-də azyaşlı qızlara qarşı cinsi istismar və fahişəlik şəbəkəsi yaratmaq ittihamları ilə həbsdə olduğu dövrdə həbsxanada ölü tapılan milyarder Cefri Epşteynlə bağlı aparılan istintaq çərçivəsində toplanmış nəhəng həcmli materiallar ictimaiyyətə açıqlanıb.

ABŞ Ədliyyə Nazirliyi tərəfindən cümə günü yayımlanan sənədlər arasında 3 milyon səhifəlik dosye, 180 min fotoşəkil və 2 min video material yer alır.

Krallıq ailələri siyahıda

Açıqlanan sənədlər Avropada ciddi rezonans doğurub. Epşteynlə müxtəlif dövrlərdə əlaqədə olmuş yüksək statuslu şəxslər arasında İngiltərə, Norveç, Danimarka və İsveç krallıq ailələrinə mənsub adların yer alması Avropa saraylarında qalmaqala səbəb olub.

Sənədlərdə Epşteynlə aparılan elektron yazışmalar və əlaqə şəbəkələri əks olunub.

“Soylu” adlar və əlaqələr

Dosyelərdə adları keçən şəxslər arasında ötən il bütün krallıq titulları əlindən alınan İngiltərənin sabiq şahzadəsi Endryu, Norveç vəliəhdi şahzadə Mette-Marit, Danimarka kralı Frederik və İsveç şahzadəsi Sofia da var.

Danimarka kralı Frederik

Bildirilir ki, Danimarkanın hazırkı kralı Frederik hələ şahzadə olduğu dövrdə Epsteinlə əlaqəli bir iş adamı ilə görüşüb. Sənədlərdə onun adı bir şam yeməyi üçün tərtib olunan dəvətlilər siyahısında iki dəfə qeyd olunub. Danimarka sarayı isə rəsmi açıqlamasında kralın Epsteinlə heç vaxt tanış olmadığını bildirib.

“Bizim Sofia’mız” ifadəsi

Sənədlərə əsasən, İsveç şahzadəsi Sofia 2012-ci ildə Epşteynin xüsusi dəvətlisi kimi Nyu-Yorkda bir film nümayişində iştirak edib. 2010-cu ilə aid bir elektron məktubda şahzadədən “bizim Sofia’mız” ifadəsi ilə bəhs edildiyi qeyd olunur.

Mette-Maritlə bağlı iddialar

Norveç vəliəhdi şahzadə Mette-Maritin adı sənədlərdə min dəfədən çox hallanır. Qeyd olunur ki, o, Epşteynə məxsus Palm Biçdəki evdə azı 4 gün qonaq olub. Yazışmalarda şəxsi ünsiyyət, görüş planları və sosial söhbətlərə dair məqamlar yer alır.

Bəzi mesajlarda Mette-Maritlə bağlı hamilə qalması iddiaları da əks olunub. Bir elektron məktubda şahzadənin Epşteynə ünvanladığı “Sən məni həmişə gülümsədirirsən, çünki beynimi qıcıqlandırırsan” ifadəsi diqqət çəkib.

Qalmaqaldan sonra Norveç mediasına açıqlama verən şahzadə Mette-Marit Epsteinlə hər hansı əlaqədə olduğu üçün peşman olduğunu və bunun onun üçün utancverici olduğunu bildirib.

Şahzadə Endryu yenə diqqət mərkəzində

Epşteynlə əlaqələrinə görə ötən il krallıq ailəsindən uzaqlaşdırılan İngiltərənin sabiq şahzadəsi Endryu da yeni sənədlərdə ön plandadır. Yazışmalardan birində onun Epşteynə “Buckingham Sarayına istədiyin adamla gələ bilərsən” məzmunlu dəvət göndərdiyi görünür.

Başqa bir sənəddə isə Epşteyn Endryunu 26 yaşlı rus qadınla şam yeməyinə dəvət edir.

Qalmaqala münasibət bildirən Böyük Britaniyanın baş naziri Keir Starmer, şahzadə Endryunun ABŞ Konqresində ifadə verməli ola biləcəyini vurğulayaraq, “Məlumatı olan hər kəs istənilən formada bu məlumatı paylaşmağa hazır olmalıdır” deyə qeyd edib.

Mövsüm,

AzNews.az