- Qərb
- 13:38
- 636
Zelenski: “Moskva terroru və gərginliyi seçir”
Ukrayna Ordusunun Hərbi Hava Qüvvələri Komandanlığının yaydığı yazılı məlumata görə, Rusiya Ukraynanın müxtəlif bölgələrinə qarşı raket və pilotsuz uçuş aparatları (PUA) ilə genişmiqyaslı hücum həyata keçirib.
Açıqlamada bildirilir ki, Rusiya ordusu hücum zamanı “İskəndər-M” və “S-300” tipli ballistik raketlərdən, X-101, X-22, X-32 və “İskəndər-K” tipli qanadlı raketlərdən, eləcə də “Tsirkon” və “Oniks” tipli hipersəs raketlərindən istifadə edib. Ümumilikdə 71 raketin buraxıldığı qeyd olunub.
Məlumata əsasən, Rusiya Ukraynaya əlavə olaraq “Şahed”, “Gerbera” və “İtalmas” tipli ümumilikdə 450 PUA göndərib. Ukraynanın hava hücumundan müdafiə qüvvələri tərəfindən 38 raketin və 412 pilotsuz uçuş aparatının zərərsizləşdirildiyi bildirilib.
Açıqlamada ölkənin bəzi bölgələrində hava hücumu təhlükəsinin davam etdiyi vurğulanıb.
Zelenskidən sərt reaksiya: “Moskva terroru və gərginliyi seçir”
Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesabında paylaşım edərək Rusiyanın hava hücumlarına kəskin reaksiya verib.
Zelenski Rusiyanın Sumı, Xarkiv, Kiyev, Dnepropetrovsk, Odessa və Vinnitsa bölgələrinə hücum etdiyini bildirib və
“Hazırda hücum nəticəsində 9 nəfərin yaralandığı məlumdur”, — deyə qeyd edib.
Prezident Rusiyanın enerji və mülki infrastrukturu hədəf aldığını vurğulayaraq bildirib:
“Rusiya üçün qışın ən soyuq günlərindən istifadə edərək insanları terrora məruz qoymaq diplomatiyadan daha önəmlidir.”
Müttəfiq ölkələri Rusiyaya təzyiqləri artırmağa çağıran Zelenski əlavə edib:
“Rusiyaya təzyiq göstərilmədən bu müharibə bitməyəcək. Moskva indi terroru və eskalasiyanı seçir. Buna görə də maksimum təzyiq zəruridir.”
Mövsüm,
AzNews.az