Ukrayna danışıqları üçün Avropada yeni nümayəndə axtarışı başlayıb

NATO-nun baş katibi Mark Rutte bildirib ki, Avropa İttifaqı Ukraynada müharibənin dayandırılması ilə bağlı Rusiya ilə birbaşa danışıqlar məsələsində özü qərar verməlidir.

Brüsseldə keçirilən mətbuat konfransında çıxış edən Rutte, Avropanın mümkün danışıqlar nümayəndəsi məsələsinə də münasibət bildirib. O, İtaliyanın sabiq baş naziri Mario Draqi haqqında danışaraq deyib:

“Mario Draqi mənim yaxın şəxsi dostumdur, amma bu rolu kimin üzərinə götürməli olduğunu şərh etməyəcəyəm. Əvvəlcə Avropa İttifaqı hansı rolu oynamaq istədiyini müəyyən etməlidir.”

“Politico” nəşrinin məlumatına görə, Avropa İttifaqında ABŞ nümayəndələrinin əvəzinə Ukrayna-Rusiya sülh danışıqlarında iştirak edəcək xüsusi nümayəndənin təyin olunması ilə bağlı müzakirələr davam edir.

Mümkün namizədlər arasında Almaniyanın sabiq kansleri Angela Merkel, Finlandiya prezidenti Alexander Stubb və Mario Draqinin adları çəkilir.

Angela Merkel isə bu prosesdə iştirak etmək istəmədiyini açıqlayıb. Onun fikrincə, Avropa İttifaqı Rusiyanın Ukraynaya qarşı müharibəsinin dayandırılması üçün bütün diplomatik imkanlarından istifadə etmir.

Bundan başqa, Rusiya tərəfi Almaniyanın keçmiş kansleri Gerhard Schröderin Aİ tərəfindən danışıqlarda təmsilçi ola biləcəyinə etiraz etməyəcəyini bildirib. Lakin Avropa İttifaqı Şröderin belə bir rolda çıxış edə bilməyəcəyini bəyan edib.

Mövsüm,

AzNews.az