Britaniyanın Baş naziri Starmer istefa verdi

Böyük Britaniyanın Baş naziri Kir Starmer vəzifəsindən və Leyboristlər Partiyasının sədrliyindən istefa verdiyini açıqlayıb.

Aznews.az xəbər verir ki, Starmer istefa qərarını ofisinin qarşısında jurnalistlərə bildirib.

O, Kralla görüşdüyünü və istefa verdiyini bəyan edib.

Məlumata görə, hakim partiya daxilində son aylarda artan təzyiqlər və partiyanın reytinqinin aşağı düşməsi Starmerin qərarında əsas rol oynayıb.

Xatırladaq ki, Starmer təxminən iki il əvvəl böyük üstünlüklə seçkilərdə qalib gələrək, ölkədə siyasi sabitliyin bərpa olunacağına dair vədlərlə hakimiyyətə gəlmişdi. Lakin son dövrdə onun reytinqi kəskin şəkildə aşağı düşüb. Partiya rəhbərliyi uğrunda əsas namizəd kimi Böyük Mançester meri Endi Börnham göstərilir. Börnham ötən həftə keçirilən əlavə parlament seçkilərində qalib gələrək, İcmalar Palatasına qayıdıb və bununla da Leyboristlər Partiyasının liderliyi uğrunda mübarizəyə qoşulub.

Müşahidəçilərin fikrincə, Börnhamın rəhbərliyə gəlməsi Böyük Britaniyada son 10 ildə yeddinci Baş nazir dəyişikliyi ilə nəticələnə bilər.