Pakistan XİN başçısı ABŞ-İran razılaşmalarının TƏFƏRRÜATINI AÇIQLADI

"ABŞ və İran aparılan danışıqlar çərçivəsində Tehranın sərəncamında olan uran ehtiyatlarının zənginləşdirilməsi səviyyəsinin azaldılması barədə razılığa gəliblər".

AzNews.az xəbər verir ki, bu barədə Pakistanın xarici işlər naziri İshaq Dar Səudiyyə Ərəbistanının "Al Arabiya" telekanalına müsahibəsində bəyan edib.

"ABŞ İranın nüvə ehtiyatlarının ölkədən çıxarılmasını tələb edirdi, lakin biz zənginləşdirmə səviyyəsinin azaldılması barədə qərara gəldik", - deyə o bildirib.

Nazirin sözlərinə görə, İranın nüvə ehtiyatları "hələ də yerin altındadır". O, həmçinin qeyd edib ki, Vaşinqton və Tehran diplomatiyanın yeganə çıxış yolu olduğu qənaətinə gəliblər. Bundan əlavə, İran yaxın 60 gün ərzində Hörmüz boğazından keçən gəmilər üçün tranzit rüsumları tətbiq etməyəcək.

İ.Dar əlavə edib ki, ABŞ və İran arasındakı danışıqlar çərçivəsində yaradılmış üç texniki qrup Tehranın nüvə proqramını, Livandakı vəziyyəti və İranın aktivlərinin dondurulmasının ləğvini müzakirə edir. Onun sözlərinə görə, Vaşinqton və Tehran arasındakı danışıqlarda üç profil qrupu iştirak edir.

Pakistan XİN rəhbəri İsrailin Livandakı hərəkətlərini "təxribat xarakterli" adlandırıb və onlara son qoymağa çağırıb. O, həmçinin misirli, səudiyyəli və türkiyəli həmkarları ilə Qəzza zolağındakı münaqişənin nizamlanması məsələsini "yenidən canlandırmaq" barədə razılığa gəldiyini diqqətə çatdırıb.