Doğrudanmı jurnalistin yüksək çinli dövlət adamı ilə mübahisə açması hörmətsizlikdir? Doğrudanmı jurnalistin yüksək çinli dövlət adamı ilə mübahisə açması hörmətsizlikdir?

Ağ Ev müqəddəsdir, yoxsa ilk on düzəliş?

Doğrudanmı jurnalistin yüksək çinli dövlət adamı ilə mübahisə açması hörmətsizlikdir?

Prezident D.Trampla ABŞ mediası arasında qarşıdurmalar o qədər adi hal alıbdır ki, adam bu qəbildən olan olyalara vaxt ayırmaq belə istəmir, düşünürsən, çətin ki, bu, oxucular üçün maraqlı olsun.

Amma bu günlərdə CNN-nin müxbirilə bağlı baş vermiş qalmaqal bizə çox maraqlı və sıradan olmayanr hadisə kimi göründü.

Bəli, müxbirin akreditasiyasını ləğv etdilər, ardınca da Tramp özü bildirdi ki, Ağ Ev müqəddəsdir və prezidentə hörmət etmək lazımdır.

Biz bu bəyanata fərqli kommentariya vermək fikrində deyilik, əbəttə ki, böyük bir dövləti təmsiıl edən və milyonların səsilə prezident olmuş bir şəxslə davranış ən azı müəyyən etik çərçivələr hüdudlarında baş verməli, sərhədlər gözlənilməlidir...

Fəqət, bizi düşündürən başqa məqamlar oldu. “Hörmət” özü nə deməkdir və doğrudanmı jurnalistin yüksək çinli dövlət adamı ilə mübahisə açması hörmətsizlikdir? Doğrudanmı Ağ Ev amerikalılar üçün həqiqətən də müqəddəs məkandır?

Bəli, suallar, suallar... Nə qədər qəribə olsa da, onlar bitib–tükənmir və illər keçir, biz təkrar olaraq yenə onlara qayıdırıq: hər dəfə də məlum olur ki, media ilə hakimiyyət, siyasətçilərlə jurnalistlər arasında anlaşma özünün tam həllindən hələ çox uzaqdır...

Tramp–media olayı bizə həm də ona görə maraqlı göründü ki, ötən günlərdə Səudiyyədə daha bir jurnalistin öldürüldüyü bildirildi – bəli, bir jurnalistin qətlinə, özü də vəhşicəsinə qətlinə görə təqsirkarlar cəzalandırılmamış, jurnalist C.Qaşıqçının qətli ilə bağlı ABŞ-ın öz əsas Yaxın Şərq müttəfiqinə hansı münasibəti sərgiləcəyi tam məlum olmamış ikinci jurnalistin qətlə yettirildiyi bildirildi və ardınca da Tramp özü də jurnalistlə qovğa yaşadı...

Şəxsən bizə elə gəlir ki, Tramp jurnalistlərə heç də Səudiyyə əsilzadələrindən az nifrət etmir, əks təqdirdə o, “Ağ Ev müqəddəsdir” yox, “ABŞ Konstitusiyana ilk on düzəlişin birinci maddəsi müqəddəsdir” deyərdi və həmin maddəni yada salardı, hansında ki, birmənalı şəkildə “Konqres söz azadlığını məhdudlaşdıran akt qəbul edə bilməz” sözləri yazılıbdır. Eləcə də o, Ağ Evin ilk sakinlərindən birinin–böyük Tomas Cefersonun sözlərini xatırlayardı: “Hakimiyyətlə mətbuatı seçmək məcburiyyətində qalsaydm, ikinci seçərdim”...

Amma indi fakt budur ki, nə Səudiyyə əsilzadələri, nə dünyanın ən birinci demokratik ölkəsinin prezidenti D.Tramp, nə digər irili-xırdalı ölkələrin böyük və kiçik xadimləri, nə də adi insanların çoxu media əhli adlandırılan jurnalistləri sevmirlər.

Siyasət mənsublarının və məmuların motivi bəllidir, jurnalistlər onların rahatlığını pozur, daim onlara opponentlik edirlər.

O ki qaldı adi insanlara, onlar da ya jurnalistlərə bəxtəvərlik oxuyurlar, ya da elə bir münasibət sərgiləyirlər ki, sanki dünyanın ən yaramaz insanları məhz jurnalistikada cəmləşibdi – guya ki, məmurların özlərinin arasında bu cürləri yoxdur! Guya polislərin, həkimlərin və ya müəllimlərin cərgəsində belələrinə rast gəlmək qəti mümkün deyildir...

Halbuki qətiyyən belə deyil – bütövlükdə cəmiyyət necədirsə, siyasi sistem hansı bir durumdadırsa, jurnalistika da o haldadır, hətta deyərdik ki, ən ağır, böhranlı durumlarda belə jurnalistlər arasında mübariz, prinsipial və barışmaz insanlar digər peşələrlə müqayisədə daha çox olur və təsadüfi deyil ki, jurnalistika heç də bəhxahların dediyi kimi, dünyanın “qədim peşəsi” yox, bütün dövrlərdə ən riskli peşəsi olub, indi də həmin qəlibdə qalmaqdadır.

O ki qaldı davranış, etika və bir də D.Trampın dediyi “hörmət” məsələsinə, mübahisə açmaq heç də etik çərçivələri aşmaq, hörmətszilik etmək demək deyil. Buna qalsa, dünyanın əksər ölkələrində jurnalistlərə daha çox immunitet verilibdi– bəli, söhbət diffamasiyadan gedir.

Əlbəttə ki, diffamasiya ilə bağlı hüquqi aktlar jurnalistləri heç də məsuliyyətdən azad etmir, sadəcə, məsuliyyətin strukturunu dəyişir, cinayət tərkibini aradan qaldırır. Hazırda əksər ölkələrdə belə qanunlar qəbul edilibdi və daha jurnalistləri kiməsə “hörmətsizlik” etdiyinə görə həbsə atmırlar.

Bizə məlum olduğuna görə, jurnalistlər üçün ABŞ-da belə bir təhlükə yoxdur.

Fəqət, D.Tramp dedi ki, guya CNN müxbiri haqqında qərar ondan xəbərsiz qəbul edilib və jurnalist onun xəbəri olmadan akreditasiyadan məhrum olub.

Amma D.Tramp istəsəydi digər mühüm qərarları–tibbi sığorta, iqlim razılaşması, İranla nüvə sazişi və s. ciddi və çətin qərarları ləğv etdiyi kimi, CNN müxbiri haqqındakı qərarı da ləğv edərdi. Di gəl ki, o, bunu etmədi, çünki özü də duyur ki, özünü jurnalistlərə sevdirmək gücündə deyil, ona görə də onların ağzını yummağa çalışır...

Hüseynbala Səlimov
AzNews.az