Öz aləmlərində guya Mehmanın simasında bəşəri hüquq və azadlıqları qoruyurlar. Öz aləmlərində guya Mehmanın simasında bəşəri hüquq və azadlıqları qoruyurlar.

Mehman Hüseynov adlı çirkin kampaniya

Öz aləmlərində guya Mehmanın simasında bəşəri hüquq və azadlıqları qoruyurlar.

Sivil ölkələr qanunlarla idarə olunur. Qanunlar isə kiməsə nə sosial statusuna, nə də fiziki göstəricilərinə görə qiymət qoyur. Hər kəs qanunlara tabe olmalıdır. Azərbaycan dövlət statusuna görə hüquqi, suveren və dünyəvi dövlətdir. Odur ki, hüquqi dövlətlərdə hakim olan qanunlar bizim ölkədə də keçərlidir. Hətta, qanunların icrasında müəyyən sorunlar varsa, zaman-zaman bu problemi də məhz hüquqa hörmətlə çözməliyik.

Bu gün Azərbaycan dünyada qəbul edilən, nüfuzlu, güclü, özünü müdafiə etməyi bacaran, öz sözünü deyən hüquqi bir dövlətdir. Amma təəssüf ki, bəzi küçə təfəkkürlü insanlar hələ də ölkəmizi 1993-cü ildəki Azərbaycanla səhv salırlar...

Söhbət hazırda həbsdə olan Mehman Hüseynovla bağlı anti-milli şəbəkə və onun xaricdəki havadarlarının apardığı qarayaxma kampaniyasından gedir. Heç də təsadüfi deyil ki, bu kampaniyaya 25 ildir müxalifət adı altında radikal, destruktiv fəaliyət göstərən qruplar və onların liderləri öndərlik edirlər.

Azərbaycan hakimiyyəti ərazi və əhali baxımından kiçik bir dövləti beynəlxalq arenada söz sahibinə çevirdiyi halda, destruktiv müxalifət ayrı-ayrı anti-Azərbaycan dairələrin təsiri altında ölkəni geriyə sürükləməyə, nüfuzunu sarsıtmağa çalışır. 25 ildir heç bir nailiyyət qazanmayan bu anti-milli qruplar öz iş metodlarını dəyişmək, yeniləmək əvəzinə, Azərbaycanın milli maraqlarına, dövlətə və xalqa qarşı mübarizədə ən çirkin vasitələrdən belə istifadə edirlər.

Bütün fəaliyyətini sosial şəbəkələrə keçirən və feyk profillər vasitəsilə ictimai rəyi formalaşdırmağa çalışan qaragüruh hesab edir ki, istənilən cəmiyyətdə baş verə biləcək ən adi hadisəni faciə səviyyəsinə çatrımaqla hakimiyyəti ictimai qınaq hədəfinə çevirə bilər. Onlar ömründə bir dəfə də olsun kitab oxumayan, ağzından söyüş, təhqir və böhtan əskik olmayan Mehmanı dövrünün represiya qurbanı olmuş Mikayıl Müşfiqlə müqayisə edir, onu fədai kimi qələmə verirlər. Guya adam 10 gündür nə yemək yeyir, nə də su içirmiş. Bu ölkənin qanunları, qaydaları var, hər yerdə olduğu kimi Azərbaycanda da qidadan imtina edən məhbusun ağzını genəldir, mədəsinə zond salırlar...

  • Mehman Hüseynova niyə cinayət işi açılıb?

O törətdiyi əməllərə görə, 2017-ci ilin martın 3-də Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Ötən il dekabrın dekabrın 26-da isə Penitensiar Xidmət bəyan edib ki, 14 saylı cəzaçəkmə müəssisəsində plan üzrə aparılan növbəti ümumi axtarış-baxış tədbirləri zamanı məhkum Hüseynov Mehman Rafiq oğlu müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Abdalov Əli Ələddin oğlunun qanuni tələblərinə tabe olmayaraq ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib, xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb.

Buna görə də faktla bağlı Bakı şəhəri Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) ilə cinayət işi başlanıb.

Elə bundan sonra anti-milli qruplar və onların xaricdəki havadarları bu hadisəni Azərbaycanın əleyhinə növbəti kampaniya başlamaq üçün fürsət bildilər. Bu gün də sosial şəbəkələrdə “şüvən qopararaq” məsələni elə təqdim edirlər ki, guya M.Hüseynov quru aclıq keçirir, səhhəti kritik durumdadır.

Halbuki, Ədliyyə Nazirliyi Pentensiar Xidmətin məlumatına əsasən, Mehman Hüseynov aclıq aksiyası keçirmir və səhhəti də qaydasındadır. Onun qidalandığı, vəkili ilə görüşdüyü, ailə üzvləri ilə telefonla danışdığı rəsmi məlumatda öz təsdiqini tapır.

  • Guya Mehmanın simasında bəşəri hüquq və azadlıqları qoruyurlar

Beləliklə, cinayət törədərək haqlı cəzasını almış bir şəxslə bağlı yalan məlumatlar əsasında kampaniya təşkil etmək, bu hadisəni az qala dövlət əhəmiyyətli məsələyə çevirmək cəhdi bu insanların nə qədər qeyri-ciddi olduğunu və cəmiyyətə hörmətsiz yanaşdıqlarını göstərir.

Əvvəla, məsələdə adı keçən Əli Abdalov bir dövlət zabitidir. Onun əməllərində hər hansı bir qanunsuzluq varsa, bu barədə müvafiq qurumlara məlumat verilməli və tədbirlər görülməsi tələb edilməlidir. Yəni onun cəzalandırılmasını birbaşa müəssisə və ya Penitensiar Xidmət həyata keçirməlidir. Digər tərəfdən isə Mehman Hüseynov jurnalist deyil. Sadəcə olaraq, qardaşı Emin Hüseynov kimi gizli yolla xaricə çıxmasını təmin etmək məqsədilə onun guya “blogger” olması və hakimiyyəti tənqid etdiyinə görə təzyiqlərlə üzləşməsi barədə rəy formalaşdırmağa cəhd göstərilir.

Amma bu gün hakimiyyətə qarşı kampaniya aparanlar məsələyə yenidən məhkəmədə baxılmasını, ən azından məsələnin xarici ekspertlərin tərəfindən araşdırmasını tələb edə bilərdilər. Ancaq insan haqlarına hörmət tələb edən bu ünsürlər Mehman Hüseynovla insidentdə zərər çəkən, xəsarət alan orqan əməkdaşı Əli Abdalovu mənəvi terrora məruz qoyurlar. Bunu o kəslər edir ki, öz aləmlərində guya Mehmanın simasında bəşəri hüquq və azadlıqları qoruyurlar.

  • Əslində, bu kampaniyanın aparılması təsadüfi proses deyil.

Arxasında kimlərin durduğu, məqsədin Azərbaycan dövlətinə təzyiq göstərmək cəhdi olduğu aşkardır. Çirkab kampaniyanın ermənipərəst senator Marko Rubionun Azərbaycana qarşı açıqlaması və bu cəbhədə öncül yer tutan “The Washington Post” qəzetinin redaksiya məqaləsi ilə tamamlanması heç də təsadüf olmadı. Eyni şəbəkənin xaricdəki və Azərbaycandakı izləri aydın şəkildə göründü.

Nəhayət, özünü “ana müxalifət” kimi təqdim edən AXCP-nin sədri Əli Kərimlinin sosial şəbəkədəki davranışları, eləcə də yaxın ətrafının çıxışları, mitinqlərdə söylədiyi fikirlər “xəstə təxəyyülün məhsulunu” xatırladır və adi boşboğazlıqdır.

Bu anti-milli şəbəkə və onların xaricdəki havadarları unudurlar ki, Azərbaycan dövləti ilə təzyiq vasitəsilə danışmaq, qarayaxma kampaniyası vasitəsilə onu gözəştə məcbur etmək mümkün deyil...

Elgün
AzNews.az