Görünən dağa nə bələdçi... Görünən dağa nə bələdçi...

Bolton qapıdan qovuldu, amma pəncərə qalır...

Görünən dağa nə bələdçi...

ABŞ Suriyaya B.Əsəd hakimiyyətini devirmək və İŞİD-ə qarşı müharibə aparmaq üçün girmişdi, yoxsa kürd yaraqlıları üçün təminatlar əldə etməyə - düşünürük ki, indi bu sualın ucundan tutub ucuzluğa getməyin heç bir mənası yoxdur, çünki təkcə son bir ildə Vaşinqtonda Suriya ilə bağlı o qədər fikirlər səslənib, şəxsən prezident Tramp özü elə ziddiyyətli bəyanatlar verib ki, bunları hətta Trampın hər cümləsini təftiş edən ən qatı opponentləri belə xatırlamırlar.

Ən maraqlısı budur ki, Tramp ABŞ-ın Yaxın Şərqdə peyda olmasını daim kiçik Buşun səhvi adlanıdırır və bu bölgədə təkcə son on ildə boş yerə on trilyonlarla dolların göyə sovrulduğunu deyir. Amma özümüzü Yaxın Şərq üzrə bilici saymasaq da ABŞ-ın bu bölgədə iştirak etmədiyi dövrü xatırlamırıq - ən azı ona görə ki, soyuq müharibə dövründə ABŞ-la SSRİ-nin toqquşduğu ünvanlardan biri də bu məkan idi...

İndi bu məqamların üstündə dayanmağa xüsusi zərurət yoxdur, sadəcə, onu qeyd edək ki, ABŞ-ın Yaxın Şərqin siyasi və geosiyasi arxitekturasını dəyişmək cəhdləri o qədər qabarıq və çılpaqdır ki, bunları hətta ötəri bir baxışla da sezmək mümkündür.

Məsələn, Qüdsün İsrailin paytaxtı kimi tanınması haqqındakı qərar hələ səhv etmirksə, prezident B.Klintonun dövründə qəbul olunmuşdu.

Amma görünür ki, bunu yalnız indilərdə reallaşdırmaq mümkün oldu, çünki onun reallaşması yolunda maneə ola biləcək bir sıra ərəb rejimləri vardı. Fikirləşirik ki, başqa bir şeyə görə yox, ən azı buna görə Birləşmiş Ştatlar burada olmadı idi.

Kürdlər də bu siyasətin bir komponentidir. Düzdür, regionda ABŞ-ın bu siyasətinə qarşı böyük müqavimət də var, amma kürd amili Vaşinqtona o qədər cəlbedici görünür ki, hətta özünün keçmiş müttəfiqi-Türkiyə ilə bu bu müstəvidə çəkişməkdən belə çəkinmir.

Məqsəd də aydındır. ABŞ Suriyada da kürdlər üçün bir siyasi konfiqurasiya qurmağı düşünür və bu da müttəfiq Türkiyənin çox böyük müqavimətilə qarşılaşır. Di gəl, Vaşinqton geri çəkilmək və bu məsələdə hətta özünün NATO üzrə müttəfiqinə belə güzəştə getməyi düşünmür.

Bir daha deyirik ki, əlbəttə, “kürd amili” çox, hətta yetərincə cəlbedicidir, ona görə ki, onun köməyilə Türkiyə, İran, İraq və Suriyanı daim “ilgək”də saxlamaq olar.

Bolton da bu məsələnin “qurbanı” oldu. Kürdlər üçün xüsusi təminatlar istəyən xüsusi elçi Ankarada çox aşağı bir səviyyədə, prezindetin köməkçisi səviyyəsində qəbul olundu. Bizə elə gəlir ki, Bolton bunu heç vaxt unutmayacaq, çünki onun bölgəyə səfəri çox qabardılırdı və Ankara bircə jestlə “bölgəyə böyük adam gəlir” mifini dağıtdı...

Amma ABŞ-la Türkiyə arasında ziddiyyətlər təkcə bununla məhdudlaşmır, indiyədək iki ölkənin çözə bilmədiyi məqamlardan biri də zenit –raket kompleksi ilə bağlı məsələ, S-400 kompleksilə yaranmış narazılıq gündəmdə qalmaqda davam edir.

Elə bu günlərdə məlum oldu ki, Vaşinqtondan Ankaraya bir qrup ekspertin gələcəyi gözlənir. Bu adamlar S-400 kompleksinin NATO üçün yarada biləcəyi problemləri özlərinin türkiyəli həmkarlarına başa salmalı və bunu əsaslandırmalıdırlar.

Bir sözlə, ABŞ-la Türkiyə arasında münasibətlər əsla hamar deyil, üstəlik, o qədər “kələ-kötürdür” ki, bu mövzuda ən müxtəlif versiyalar qurulur və təbii, onların arasında spekulyasiyalar da az deyil. Məsələn, NATO - nun üzvü olmasına baxmayaraq Türkiyənin Rusiya ilə çox sıx münasibətlər saxlamasından söhbət gedəndə bəziləri Yunanıstanı misal gətirirlər, hansı ki, NATO-nun üzvü olsa da ən azı bir ara Moskva ilə o qədər yaxın kontakda idi ki, politoloqlar tam ciddi bir şəkildə Moskva-Afina geosiyasi oxundan bəhs edirdilər...

Amma burada bir mühüm detal var. Yunanıstanın NATO–da gərginlik yaşadığı anlar, ölkənin hətta Alyansın hərbi komitəsini tərk etdiyi vaxtlar da olubdu və biz istəməzdik ki, qardaş Türkiyə də bu yolu təkrar etmiş olsun.

Zenit-raket kompleksi məsələsi də ciddi məsələdir, amma ki, bu problemin də “trayektoriya”sını izləyəndə görürsən ki, məsələ heç də Ankaranın təqsiri ucbatından baş verməyib və burada da ikili standartlar heç də digər müstəvilərdəkindən seyrək görünmür.

Səhv etmiriksə, hələ keşiş Bransonun azad olunması tələb olunarkən ABŞ Türkiyə ilə bir sıra hərbi layihələrini dondurmuşdu. Amma Camal Qaşıqçının məsələsində Vaşinqton bunu Səudiyyə Ərəbistanına tətbiqən etmədi. Necə deyərlər, görünən dağa daha nə bələdçi?..

Hüseynbala Səlimov
AzNews.az