Prezident İlham Əliyev bütün gücüylə xalqla təmasları davam etdirir. Prezident İlham Əliyev bütün gücüylə xalqla təmasları davam etdirir.

Prezidentlə ayaqlaşmayanlarla yollar ayrılacaq!

Prezident İlham Əliyev bütün gücüylə xalqla təmasları davam etdirir.

İnsanların qayğılarıyla maraqlanır, onların dərhal həll edilməsi üçün tapşırıqlarını verir. Ən adi vətəndaşın belə ayağına gedir, onunla bir doğması kimi qucaqlaşır, yanında olduğunu sözdə deyil, əməldə göstərir.Məhz Prezidentin bu yanaşması sayəsində ölkə insanı hər keçən gün sabaha daha inamla yaşayır, Azərbaycanın hazırkı inkişaf səviyyəsindən də yüksəyə qalxacağına əmin olur. Bu, Prezident İlham Əliyevin yorulmadan həyata keçirdiyi fəaliyyət planına görə baş verir.

İlin 2-ci ayı yarı olub. Ölkədə bu qısa müddətdə xeyli diqqət çəkən hadisə baş verib. Baş verən hadisələrin hamısının da baş rolunda Prezident İlham Əliyevin özüdür. İstər yanvar ayında Azərbaycana çamur atıb gözdən salmaq üçün səfərbər edilmiş iç və dış bədxahların cəhdlərinin boşa çıxması üçün atdığı usta gedişi addımlar, istərsə də əmək haqlarının və təqaüdlərin artırılması üçün verilən tapşırıqlar ölkəni qarışdırmaq istəyənlərə qəfil zərbə oldu. Prezident İlham Əliyev topladığı təcrübə və mənimsədiyi dünyagörüşünə əsaslanaraq elə gedişlər etdi ki, onun siyasi rəqibləri ümumiyyətlə danışmağa söz tapmadı. Su bulandırmaqla məşğul olanlarsa sadəcə özlərini gülünc günə qoymaqdan başqa çıxış yolu tapa bilmədi. Hələ bütün bunların fonunda cənab Prezidentin xalqla gündəlik təmasları, ən sadə insanlarla birlikdə olması ümumiyyətlə bütün bu müsbət gedişlərə öz möhürünü vurdu.

Ölkədə görünən və vətəndaşı arxayın salan durum bundan ibarətdir. Mənzərə ürəkaçandır. Vətəndaş güvəndə olduğuna, ölkəsinə başçılıq edən şəxsiyyətin qətiyyətlə islahatlara davam edəcəyinə hər zamankından da artıq əmindir. Belə bir ortamı pozacaq-kirlədəcək kimsənin olmaması lazım. Olarsa, onlara qarşı tədbir görüləcəyinə də heç kim şübhə etməməlidir.

Xalqın adamı xalqın içində!

Prezident İlham Əliyevin bu davranış və gedişləri həm də ayrı-ayrı məmurlara, icra başçıları, nazirlər və parlament üzvlərinə bir örnəkdir. O, həmişə deyib ki, mənim vəzifəm xalqa xidmət etməkdir. Dediyini də əməldə həmişə sübut edib. Prezident onu da deyib ki, hər bir vəzifəli şəxsin – məmurun vəzifəsi xalqa, sadə insanlara xidmət etməkdir. Amma bəzi məmurlar, deyəsən hələ də cənab Prezidentin bu xoşməramlı çağırışını yetərincə mənimsəyə bilmir. Onların da başına nə gələcəyini Prezident İlham Əliyev çıxışlarında dəfələrlə deyib: yollarımız ayrılacaq! Həm də sadəcə deməklə qalmayıb, əməldə göstərib. Ona görə də bir sıra nazirlər, icra başçıları vəzifələrilə vidalaşmalı olublar. Aralarında elələri olub ki, vəzifə kürsüsünü məhkum kürsüsünə dəyişməli olublar. Yarıtmaz deputatlara gəlincə, ölkədə hakimiyyət bölgüsü olduğu üçün Prezident onlara birbaşa müdaxilə edə bilmir. Amma unutmamalı ki, onların yaxın parlament seçkisində kənarda qalacağı gün də uzaqda deyil.

Azərbaycanda aparılan islahatların daha sürətlə gerçəkləşib vətəndaşa fayda gətirməsi üçün hər kəs məhz cənab Prezidentin özü kimi davranmalı, işləməlidir. Zaman bunu tələb edir.

İndi ölkədə müəllifi İlham Əliyev olan islahatlar inqilabı baş verir. İnqilabsa uzun çəkə bilməz. Bu, elə bir prosesdir ki, gecikmək, ləngimək olmaz. Ona görə də Prezidentin həyata keçirdiyi bu inqilabda axsayan istənilən şəxs onun siyasi komandasını tərk etməli olacaq.

Hələ onu da vurğulamaq lazımdır ki, Prezidentlə xalqın arasında uçurum yaratmaq istəyən məmurlara əsla aman verilməyəcək. Ölkədəki islahatlar inqilabı fonunda hələ də vətəndaşları incidən, süründürməçilik və rüşvətxorluqla məşğul olan dövlət adamları qalmaqdadır. Bunu biz sadə insanlarla təmaslardan öyrənirik. Bəzən elə məmurlar haqqında danışılır ki, onların məqsədli şəkildə cənab Prezidentin fəaliyyətlərinə kölgə salmaq istəməsinə şübhə yeri qalmır. Belə şəxslər, nə qədər ki, gec deyil, o mənfur əməllərindən əl çəkməlidir.

Bu ölkədə xalqın – sadə vətəndaşın güvəndiyi bir lider – İlham Əliyev varsa, siz – yaramazlıqlarla məşğul olanlar heç də ümit etməyin ki, əməlləriniz cavabsız qalacaq. Görüntü yaradıb Prezidenti aldatmaq, yalan hesabatlar vermək dövrü də çoxdan arxada qalıb. Çünki ölkədə azad media var və cənab Prezident həmişə deyir ki, özü bu medianı izləyib alternativ informasiyalar alır. Belə bir şəraitdə onu aldatmaq, yalandan görüntü yaradıb bəd əməlləri ört-basdır etmək sadəcə mümkün deyil.

Bəs, nə etməli? Çətin sual deyil. Sadəcə cənab Prezidentin özü kimi olmalı, ondan örnək almalı. Açıq davranmalı, vətəndaşla mehribanlaşmalı, insanların qayğılarını öz qayğılarınız kimi bilib həllinə çalışmalı. Bunu etməyi bacaracaq hər bir məmurun, nazirin, deputatın vəzifə kürsüsündəki davamlılığı təmin ediləcəkdir. Çünki cənab Prezident işinə vicdanla yanaşanlarla hələ bundan sonra uzun illər yola davam edəcək. O, sədaqəti, vəzifəsinə məsuliyyətlə yanaşanları həmişə yüksək dəyərləndirib, dəyərləndirməyə də davam edir. Sadəcə ona bənzəyin, sadəcə xalqla münasibətlərdə onun kimi olun. Məsələ bu qədər asandır yəni. Əksini düşünənlər varsa, könüllü şəkildə Prezident İlham Əliyevin, obrazlı desək, sürət qatarını tərk etsin.

Azər Həsrət