- Yazarlar
- 23 Fevral 2019 12:17
- 7 063
Cəbhəçinin də, müsavatçının da, YAP-çının da…
AzNews.az Əvəz Qurbanlının yazısını təqdim edir
Azərbaycanda çoxları belə düşünür ki, siyasətlə məşğul oldunsa, mütləq tərəf tutmalısan. Tərəf tutdunmu - vəssalam - qarşı tərəfin yaxşısına da pis deməlisən, pisinə də. Əgər buna siyasət deyirsinizsə, bu, heç vaxt mənlik olmayıb, deyil və olmayacaq da.
“Mən siyasətə qarışmıram” ifadəsindən zəhləm gedir. Sadəcə, heç vaxt açıq siyasətə, siyasi oyunlara və oyunbazlıqlara baş aparmamışam. Mənimki ədəbiyyatdı, poeziyadı. Mən bu xalq ola bilməyən xalqın, millət ola bilməyən millətin şair ola bilməyən şairiyəm. Həmişə bu xalqın, bu millətin pisini, pisliyini görəndə özümə dərd eləmişəm, yaxşısını, yaxşılığını görəndə ürəyim dağa dönüb.
Həmişə bu fikirdə olmuşam ki, əsil şair cəbhəçinin də, müsavatçının da, YAP-çının da şairidi. Nəinki cəbhəçinin, müsavatçının, YAP-çının, hətta öz ana dilində məni başa düşən, düşməyən hər kəsin şairi olduğumu düşünmüşəm həmişə. İndi də bu fikirdəyəm. Lakin bir gün yanıldığıma əmin olsam, yalnız o zaman fikrimi dəyişmək haqda düşünə bilərəm.
Bir az emosional danışıramsa, üzr istəyirəm, amma son dövrlərdə baş verənlər ürəyimi qurtarıb artıq. Yaxşı ki, sosial şəbəkələr varmış. Hərə özünə bir kanal açıb, istədiyi kimi o tay - bu tay vurur o kanalda (televiziyalardan isə on ildən çoxdur, xəbərim yoxdur).
Nə qədər dedi-qodu olar? Nə qədər təhqir, söyüş, qarşılıqlı nifrət olar? Bunun bir sonu olmayacaqmı?
Bax, elə siyasət həm də ona görə mənlik deyil ki, mən söyməyi bacarmıram.
Mən sevməyi bacarıram. Sevgi - ali hisdir. Sevgi - bütün siyasətlərin fövqündədir. Yazılarımın birində də qeyd etmişdim ki, bir toplum olaraq, bizim bütün problemlərimizin kökündə sevgisizlik dayanır.
Bəli, sevgisizlik çox pis tendensiyadır, anormal vəziyyətdir.
Sevgisizlik - insana daim neqativ yükləyir. Sevgi isə daim pozitivə kökləyir.
Sevgisizliyin ardınca nifrət gəlir, nifrətin ardınca heçlik. Sevginin ardınca vəhdət gəlir, vəhdətin ardınca əbədiyyət.
Sevginin daha bir mənzili - səmimiyyətdir. Səmimiyyət də etirafa gətirib çıxarır. Etirafın özü, kamilliyə gedən yolda bir mənzildir. İnsan yalnız öz nəfsini yendikdən sonra etiraf mərhələsinə çata bilər.
Etiraf yoxdursa, demək, səmimiyyət ondan qabaq yoxdur. Sən hətta adicə oyunda belə, səmimi deyilsənsə, demək, səninki oyun deyil, oyunbazlıqdı.
Bax, həmin oyunbazlığı deyirəm - mənlik deyil. İstəyirsən, lap adını siyasət qoy.
Əgər "Pisi pis, əyrini əyri, düzü həmvar" yaza bilməyəcəyiksə, düşmənlərimizin uzun illərdir içimizdə süni şəkildə yaratdığı qarşılıqlı nifrət uçurumunu aradan qaldıra bilməyəcəyik.
Əgər sən hakimiyyəti təmsil edirsənsə, qərəzsiz tənqidlərə dözümlü olmalı, bəzən rəqibinə müsbət jestlər etməli (yeri gəlmişkən, artıq bu jestlər də görünməkdədir) sağlam təşəbbüslərə əl uzatmağa hazır olmalısan.
Uzadılan əli boş qaytarmaq isə mentalitetimizdə yoxdur.
Və əgər sən müxalifsənsə, iqtidarın mənfilərini tənqid etdiyin kimi, müsbətlərini də təqdir etməyi bacarmalısan (yeri gəlmişkən, bəzi müxalif fikirli şəxslərin qarşı tərəfin müsbət jestlərinə adekvat reaksiya verməsini də alqışlayıram).
Yox, əgər bacarmırsınızsa, obyektivliyinizə və səmimiyyətinizə heç kəsi inandıra bilməyəcəksiniz.
Mən o ölkələrə qibtə edirəm ki, iqtidarı ilə müxalifəti strateji anlarda müzakirəsiz bir mövqeyə gələ, vəhdətə nail ola bilirlər. Bu, əslində bir toplumun özünümüdafiə instinktinin milli birlik şəklində təzahürüdür.
Bu milli birlik bu gün cəmiyyətimizə həmişəkindən daha çox lazımdır. Daha doğrusu, vacibdir. Çünki biz hazırda - bəlkə də heç vaxt olmadığı kimi - tarixi həssas bir dövrə qədəm qoymuşuq. Bu dövrü soyuq başla dəyərləndirməli, ölkənin, dövlətin, millətin, xalqın gələcək taleyi naminə qarşılıqlı addımların, jestlərin sayını artırmalıyıq.
İnanın, hər bir kiçik müsbət addım, milli həmrəylik binasının bir kərpicidir.
Qalır onları üst-üstə qoymaq...
AzNews.az