Prezident vədinə sadiq qalaraq 2019-cu ili sosial inkişaf baxımından başqa illərdən fərqlənən bir ilə çevirməkdədir. Prezident vədinə sadiq qalaraq 2019-cu ili sosial inkişaf baxımından başqa illərdən fərqlənən bir ilə çevirməkdədir.

Gerçəkləşdirilən sosial təşəbbüslər kifayət qədər əhatəlidir

Prezident vədinə sadiq qalaraq 2019-cu ili sosial inkişaf baxımından başqa illərdən fərqlənən bir ilə çevirməkdədir.

“Gələcək fəaliyyətimdə də Azərbaycan vətəndaşının maraqları, onun rifahı daim diqqət mərkəzində olacaqdır. Nəzərə alsaq ki, növbəti illərdə biz çox ciddi islahatlar aparacağıq, islahatları dərinləşdirəcəyik, əminəm ki, vətəndaşlarımızın yaşayış səviyyəsi daha da yaxşılaşacaqdır”.

İlham Əliyevin 2018-ci il prezident seçkilərində qələbə qazandıqdan sonra andiçmə mərasimində verdiyi bəyanatlardan biri məhz bu idi.

Bu vədin arxasında növbəti dövrdə xalqın rifahına daha çox çalışmaq iddiası dayanırdı. Dövlət başçısı aztəminatlı vətəndaşların yaşayışında xoş güzəran, firavanlıq, bolluq və rahatlığın növbəti dönəmdə hakimiyyətin ümdə vəzifəsi olacağını vəd edirdi. Ortada olan iradə, sistemli fəaliyyət göstərir ki, bu, gerçəkləşir.

Son 15 ildə İlham Əliyevin Azərbaycanın inkişafı üçün gördüyü işlər bəllidir və bunların üzərində dayanmadan, onun, növbəti prezidentlik müddətinin arxada qalan 10 aylıq dövrünə diqqət etmək yetər ki, verilən vədin nə dərəcədə doğru olduğu görünsün.

Bu baxımdan, ilk öncə İlham Əliyevin seçkilərdən sonra başlatdığı yeni islahatlara, xüsusilə vergi və gömrük sahələrində şəffaflığın təmin olunması ilə bağlı tədbirlərə toxunmaq lazımdır. Belə ki, bu islahatlar sosial rifahla bağlı yeni qərarlar üçün əlverişli zəmin yaradıb. Qeyd olunan sferalarda yaradılan şəffaflıq onunla nəticələnib ki, büdcəyə daxilolmalar əhəmiyyətli dərəcədə artıb. Açıqlanan rəqəmlərə istinad etsək, təkcə ilin birinci ayında vergi orqanları plandan əlavə 80 milyon manatdan çox, gömrük orqanları isə plandan əlavə 20 milyon manatdan artıq vəsait toplayıblar. Bir ayda ümumi daxilolmalar 105 milyon manat artıb. Bununla yanaşı, bu ilin birinci ayında Dövlət Neft Fondunun gəlirlərində də artım baş verib.

Yaranan əlavə maliyyə resursları bilvasitə İlham Əliyevin siyasi iradəsi ilə vətəndaşların sosial müdafiəsinə yönəldilməkdədir. Prezident öz vədinə sadiq qalaraq 2019-cu ili sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən bir ilə çevirməkdədir.

Cari ilin son iki ayında gerçəkləşdirilən sosial təşəbbüslər kifayət qədər geniş və əhatəlidir.

Şəhidlərin vərəsələrinə veriləcək 11 min manat ödənişlə bağlı məsələ tam həllini tapıb.

Cari ilin martın 1-dən,

  • şəhid ailələrinə verilən prezident təqaüdləri 242 manatdan 300 manata çatdırılacaq;
  • minimum əməkhaqqı əhəmiyyətli şəkildə, 38,4 faiz artırılacaq və bu artım 600 min insanı əhatə edəcək;
  • minimum pensiyaların məbləği də təxminən 38 faiz, bəzi kateqoriyalar üzrə daha çox artırılacaq və bu artım 223 min insanın pensiya təminatını yaxşılaşdıracaqdır;
  • təqribən 100 minə yaxın tələbənin təqaüdü artırılacaq;
  • Əfqanıstanda həlak olanların ailələrinə verilən müavinət 220 manatdan 300 manata çatdırılacaq.

Cari il aprelin 1-dən isə ümumilikdə 576,8 min nəfərə yönələn sosial müavinətlərin və prezidentin aylıq təqaüdlərinin məbləğlərində əhəmiyyətli dərəcədə artımlar olacaq. Ümumilikdə, 12 növ müavinətin təqribən 120-130 faiz arasında artımı baş verəcək.

Burada bir məqam üzərində dayanmaq yerinə düşər. Belə ki, İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin təqaüdü ilə təmin edilənlərin əhatə dairəsi də genişlənəcək. I qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq üçün əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə I qrup əlilliyi olan şəxslərə qulluq edənlərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edənlərə 50 manat məbləğində Prezident təqaüdü təsis ediləcək. Həmçinin müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə 80 manat məbləğində Prezident təqaüdü təsis olunacaq.

Yaxın gələcək üçün dövlət başçısının hələlik detallarına getmək istəmədiyi, amma anons etdiyi sosial təminatın yaxşılaşdırılması planları da mövcuddur.

İlham Əliyevin həyata keçirilməsinə start verdiyi sosial paketə təkcə əməkhaqqı və təqaüd artımları daxil deyil. Bura uzun illər ərzində vətəndaşları narahat edən problemlərdən biri-vaxtilə tikilmiş və hansısa səbəblərə görə rəsmi olaraq qəbul edilməmiş çoxmənzilli binaların sənədləşməsindən tutmuş, ən çox müzakirə predmeti olan problemli kreditlərin həlli kimi məsələlər daxildir.

İlham Əliyev məcburi köçkünlərlə bağlı bu il çox geniş inşaat proqramlarının icra ediləcəyini, müharibə əlillərinə, şəhid ailələrinə yeni mənzillərin veriləcəyini vurğulayıb. Gələcəkdə yenidən minimum əməkhaqları və pensiyaların artırılacağını vəd edib.

Beləliklə, hazırda prezidentin son sosial təşəbbüsləri, problemli kreditlərdən əziyyət çəkən vətəndaşların da sayı nəzərə alınsa, təqribən 2 milyon 200 min əhalini əhatə edəcək...

...İmzalanan sərəncamlardan, yaxın gələcək üçün verilən bəyanatlardan, işsizliyin və yoxsulluğun tam aradan qaldırılmasının hədəfləndiyi, əhalinin sosial güzəranının daha da yaxşılaşdırılmasının əsas vəzifə kimi qarşıya qoyulduğu görünməkdədir. Prezident məhz bunu vəd edir. Təkcə vəd edirmi? Yox! Son iki ayda verdiyi qərarlarla bunu həm də həyata keçirir...