Məgər aparılan sosial islahatlar müxalifətin gözündən uzaqdamı baş verir? Məgər aparılan sosial islahatlar müxalifətin gözündən uzaqdamı baş verir?

Çözülən sosial qayğılar...

Məgər aparılan sosial islahatlar müxalifətin gözündən uzaqdamı baş verir?

Milli Şura öz gündəmini dəyişə bilmir. Yenə də mitinq deyib durur, kütləvi aksiya üçün səbəb axtarıb tapmağa çalışır. Ciddi zəmin deyir, sosial sifariş deyir, lakin bu “ciddi zəmin” mitinqin təyin olunduğu ünvana insan seli gətirmir.

Müxalifət güzgüdə özünə baxmaq istəmədən, yenidən tribunaya qalxıb, özünü mitinq cəsuru göstərmək istəyir. Hansı insan toplusunun qarşısında-görünür fərq etmir, görünür bir ovuc adam da ona ilham verə bilir. Yetər ki, bir tribuna olsun, bir mikrafon quraşdırılsın, o, özünü hərəkətli, aktiv göstərə bilsin, hakimiyyətin rəqibi kimi gündəmdə saxlaya bilsin. Kütləvi aksiya üçün bundan qeyri bir səbəb olmadığını Milli Şura adlanan parçalanmış müxalifət qurumunun özü də yaxşı dərk edir. Məgər aparılan sosial islahatlar onların gözündən uzaqda baş verirmi?

Milli Şura müxtəlif yalanlar uydurub əhalinin sosial rifahının pisləşdiyini addımbaşı vurğulasa da, ötən illərlə müqayisədə bu sahədə hər hansı axsama mövcud deyil. Hakimiyyət sosial sahəni, xüsusilə aztəminatlı təbəqənin müdafiəsini diqqətdən kənarda qoymayıb. Yaranan əlavə maliyyə imkanları nəzərəçarpacaq rəqəmlərlə ifadə olunan artımlara getməyə zəmin yaradıb. Əgər əvvəllər minimum əməkhaqqı və minimum pensiyalarda artımlar 10-20 manatı ötmürdüsə, bu il minimum əməkhaqqı 50 manat, eləcə də minimum pensiyaların artımında bəzi kateqoriyalar üzrə daha artıq məbləğlə (75 manat) ifadə olunan artımlara gedilib. Təqribən 100 minə yaxın tələbənin təqaüdü artırılıb. Aprelin 1-dən sosial müavinətlərin ilk dəfə əhəmiyyətli şəkildə, 120-130 faiz arasında artımı baş verəcək. Həssas təbəqə olan şəhid ailələri, müharibə əlilləri birbaşa dövlət başıçısının verdiyi qərarlarla sosial müdafiənin bütün mümkün imkanları ilə əhatə olunublar, onlara verilən prezident təqaüdləri, müavinətlər yenidən artırılıb və bu siyasət davam etdiriləcək. Eyni cümlələri məcburi köçkünlərə də aid etmək olar. Qeyd olunan kateqoriyalara daxil olan vətəndaşların mənzillə təminatı istiqamətində işlər də gücləndiriləcək və artıq bunun üçün müvafiq maliyyə vəsaitləri ayrılıb.

Bundan başqa, İlham Əliyevin göstərişi ilə problemli kreditlər kimi ciddi məsələnin çözümünə başlanılıb.

Aparılan struktur islahatları fonunda gözlənilən iş yerlərinin itirilməsi kimi təhlükə də aradan qalxıb. Bununla bağlı verilən tapşırıqlar iş yerlərinin qorunub saxlanmasına və ya ixtisar olunanların başqa işlərlə təmin edilməsinə gətirib çıxarıb. Yoxsulluq və işsizlik həddi 5 faiz civarında idi və bu sahədə pisləşmə yoxdur. Əksinə, prezident İlham Əliyev bu göstəricinin tamamilə həlli üçün islahatlara başlanıldığını bəyan edib və bu istiqamətdə atılan addımlar qeyd olunan göstəricilər üzrə müsbətə doğru dəyişikliklərə gətirib çıxaracaq.

Xarici siyasətdə Azərbaycanın mövqeyində də hər hansı geriləmədən danışmaq tam yersizdir. Əksinə, ölkəmizin mövqeləri daha da güclənib desək, yanılmarıq. Dağlıq Qarabağ probleminin həllində isə yeni imkanlar yaranıb. Ermənistanda kriminal rejimin hakimiyyətdən kənarlaşdırılması fonunda baş verənlər işğalçı dövlətin region dövlətləri arasında mövqelərinin daha da zəifləməsinə gətirib çıxarıb. Yeni Paşinyan hakimiyyətinin yürütdüyü siyasət nəticəsində Ermənistanın Rusiya və İran kimi ənənəvi müttəfiqləri ilə münasibətləri əvvəlki kimi yaxşı müstəvidə inkişaf etmir. Paşinyanın bu münasibətləri düzəltmək cəhdləri hələ ki, real nəticə ilə bitməyib. Bunun tam əksi olaraq Azərbaycan regionun güc mərkəzləri ilə münasibətlərini daha da gücləndirib. İndi nəinki regionda, bütün dünyada Azərbaycana inam, etibar daha güclüdür, nəinki işğalçı Ermənisatana...

Beləliklə, o qənəat bir daha təsdiqini tapır ki, hakimiyyət özünün daxili və xarici siyasətində xalqın narazılığına gətirib çıxara biləcək səhvlərə yol verməyib. Nəticələr yalnız və yalnız müsbətdir. Aksiyalar üçün sosial sifarişə səbəb olacaq durum yoxdur.

Digər tərəfdən, bu il prezident, parlament seçkiləri keçirilmir və belə bir durumda Milli Şuranın gözlənilməz fəallığını seçkilərə hazırlığa bağlamaq da mümkün deyil.

Deməli, müxalifətin indiki halda aksiyalara köklənməsinin səbəbləri tam başqadır.
Söhbət ondan gedir ki, Əli Kərimli müsahibələrində tez-tez Ermənistandakı, ondan əvvəl Gürcüstandakı və ya başqa ölkələrdəki dəyişiklikləri sadalayaraq, xalqı dolayısı ilə həm də bu metodla meydana səsləyir. Amma Kərimli həmin ölkələrdəki dəyişiklərə rəvac verən səbəblərlə, Azərbaycandakı durumun eyni olmadığını görməzdən gəlir. Ən əsası Azərbaycan hakimiyyətinin xalqın mütləq əksəriyyəti tərəfindən dəstəkləndiyi danılmaz faktdır və bu reallıq nədənsə unudulur. Reallıq ondan ibarətdir ki, indiyə qədər dövriyyəyə buraxılan çeşidli yalanlar belə bu dəstəyin itirilməsi üçün yetərli olmayıb. Son prezident seçkilərindən heç 1 il ötməyib və İlham Əliyev mütləq səs çoxluğu ilə növbəti dönəmdə prezident səlahiyyətlərini icra etməkdə, verdiyi vədlər isə həyata vəsiqə qazanmaqdadır.

Bu reallıqları görməzdən gələn Milli Şura aksiyalara qərar verməklə Azərbaycanı beynəlxalq aləmdə gözdən sala biləcəyini, bəlli beynəlxalq qurumların diqqətini ölkədəki vəziyyətə cəlb edəcəyini düşünür.

Diqqət edək, aksiyalara icazə verildikdə nə baş verir? Milli Şura 2-3 minlik aksiyaları Azərbaycanda kütləvi narazılıq kimi şişirdir.

İcazə verilmədikdə nə baş verir? Beynəlxalq qurumlara müraciətlər edilərək, ölkədə sərbəst toplaşmaq azadlığının məhdudlaşdırıldığı iddia olunur. Niyyət birdir-Milli Şuranı bəzi xarici dairələrin gözündə hakimiyyətə təzyiq vasitəsi gücündə olan qüvvə kimi göstərmək!

Bu baxımdan Milli Şuranı aksiyalara sürükləyən başlıca amil, həm də gündəmdə qalmaq, mövcudluğunu qorumaq istəyidir. İş elə gətirib ki, bu qurum illərdir yalnız aksiyalarla gündəmə gəlir. Bu illər ərzində Milli Şura ölkənin inkişafı ilə bağlı alternativ proqram ortaya qoya bilibmi? Və ya belə bir proqramı ictimailəşdirib, onun sivil müzakirəsini təşkil edibmi? Milli Şurada ölkənin gələcəyinin etibar olunacağı komanda varmı? Xeyr.

Kərimli yaxşı başa düşür ki, içində özündən başqa heç kimsə olmayan Milli Şuranın çəkisini şişirtməklə, aksiyalara köklənməklə mövcudluğunu qorumaqdan başqa yolu yoxdur. Qopa-qopa bir ovuc insan qalan, illər ərzində yetişən, cəmiyyətdə populyarlıq qazanan insanların arxa çevirib tərk etdiyi partiyaların bu gün təklikdə Azərbaycan coğrafiyasında seçki yarışı aparmaq, onu izləmək, ardınca razılaşmadığı məqamlara görə kütləvi etirazları ssenariləşdirmək potensialı yox dərəcəsindədir.

Deməli, sonuncu çıxış yolu kimi yalnız sosial sifarişdən qaynaqlanmayan aksiyalara sürüklənmək qalır...

Elman Babayev