Paşinyan hiyləgərlik və qeyri-səmimilik edir. Paşinyan hiyləgərlik və qeyri-səmimilik edir.

Əliyev-Paşinyan görüşü baş tutacaqmı?..

Paşinyan hiyləgərlik və qeyri-səmimilik edir.

Baxmayaraq ki, görüşün nə yeri, nə də ki, tarixi hələ dəqiq məlum deyildir, üstəlik onun anonsunu verən yalnız Minsk Qrupunun həmsədrləridir, artıq indidən nəinki yerli, hətta xarici təhlilçilər belə Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri arasındakı görüşün mümkün nəticələrini müzakirə edirlər.

Bu da daha çox onunla bağlıdır ki, yenə də həmin təhlilçilər, özü də təkcə yerlilər deyil, əcnəbilər də hesab edirlər ki, Ermənistanda hakimiyyət dəyişəndən sonra regionda yeni situasiya yaranıb və o, bütün hallarda nəinki Azərbaycanla Ermənistanın münasibətlərində, eləcə də ilk növbədə Dağlıq Qarabağ hərbi-siyasi və diplomatik teatrında özünün ifadəsini tapmalıdır.

Amma daha məlumatlı və həm də ki, nisbətən ehtiyatlı siyasi müşahidəçilər öz qiymətləndirmələrində mövcud siyasi vektorlar balansını şişirtməməyə çağırırlar; bəli, Ermənistanda tamam yeni hakimiyyət bərqərar olubdur, ölkə hətta əvvəlki prezident Serj Sarqsyanın istefa verdiyi günü bayram kimi qeyd etməyə hazırlaşır, Dağlıq Qarabağ siyasi klanının bir neçə üzvünə qarşı cinayət işi başlanıb, amma bunlar uzaga gedən siyasi nəticə və ekstrapolyasiyalar üçün kafidirmi? Regional siyasətdə yeni tendensiyaya işarə ola biləcək hansısa real əlamətlər varmı?

Təəssüf ki, bu sualların təsdiqləyici cavabı yoxdur. Hətta Qarabağ danışıqlarına münasibətdə Paşinyan hələ də “yeni formatın” bərqərar olmasında, Qarabağ separatçılarının danışıqlara cəlb olunmasında israr edir. Cəmi bir neçə həftə bundan əvvəl o, yenə də bildirdi ki, nə qədər ki, “yeni format” bərqərar olmayacaq, mövcud diplomatik kontaktlar rəsmi danışıqlar kimi qəbul edilməyəcəkdir.

Bəli, erməni baş naziri hiyləgərlik və qeyri-səmimilik edir ki, guya o, yalnız Ermənistanın rəhbəridir və oyuncaq Dağlıq Qarabağ rejiminin adından danışmaq hüququ yoxdur. Maraqlıdır, görəsən, Dağlıq Qarabağda hərbi xidmət keçən oğlunun adından necə, bəli, oğlunun adından danışmağa onun hüququ varmı? Yoxsa oğulu da artıq başqa “ölkə”nin vətəndaşı və əsgəridir?..

Bu məsələyə münasibətdə Azərbaycanın mövqeyi birmənalı və dəyişməzdir; əvvəlki format qüvvədə qalır və danışıqlar Bakı ilə İrəvan arasında aparılmalıdır. Qeyd edək ki, Minsk Qrupu da bu mövqedən çıxış edir və biz hələki həmsədrlərdən formatıın dəyişməsilə bağlı hər hansı bir işarə sezməmişik.

Maraqlıdır ki, Paşinyan demək olar ki, tamam siyasi və diplomatik dalandadır, amma təəcüblüsü budur ki, o, bu dalandan çıxmağa cəhd etmir, əksinə daha da bu dalana daxil olur, özü üçün hətta manevr yeri belə qoymaq haqqında düşünmür.

Suriyaya məhdud “sülhməramlı kontingent” göndərməyə qərar verməklə bir azacıq Kremllə münasibətlərini isitdi.

Amma bu qərarı ilə həm də Qərbin rəğbətini qazanmaq şanslarının üstündən tamam xətt çəkdi, Avropya, xüsusən də ABŞ-a aparan qapıları demək olar ki, bağladı.

Bunlar azmış kimi İrana da səfər etdi, halbuki əvvəldən məlum idi ki, İran rejiminin “yüksək qonağı” bərk - bərk qucaqlamaqdan savayı təklif edə biləcəyi başqa bir şeyi yox idi.

Paşinyandan fərqli olaraq İlham Əliyev daha ardıcıl və stabil siyasət yürüdür. Rusiya ilə münasibətlərdə hansısa problem yoxdur, hətta faktiki olaraq etnik-separatçı F.Abbasovun bu günlərdə təhvil verilməsi növbəti dəfə göstərir ki, Bakı ilə Moskva arasında əvvəlki dayanıqlı münasibətlər qorunub saxlanılmaqdadır. İrana gəldikdə isə, bizim cənub qonşumuz Azərbaycanla əməkdaşlıq etməyə ən azı məhkumdur. Burada söhbət təkcə Azərbaycanın coğrafi üstünlüklərindən, tranzit şəbəkəsindən və hətta real maliyyə imkanlarından da getmir. Məsələ bundadır ki, Azərbaycan bu ölkəyə münasibətdə də səmimi qonşuluq və əməkdaşlıq siyasəti yürüdür. Həm də ortada hətta Tehran rejiminin belə asanlıqla “ayaqlaya“ bilməyəcəyi amillər var: İranda yaşayan 30 milyon Azərbaycan türkü və Arazın bu tayındakı 10 milyon azərbaycanlı...

Eləcə də Bakının Qərblə - Avropa ilə münasibətlərində də kəskin problemlər sezilmir və azərbaycanlı diplomatlar AB ilə yeni müqavilə haqqında daha inamla danışmağa başlayıblar. Düşünürük ki, Bakı bu il bu məsələdə Belarusla bir cərgədə olmağa son verəcək və həm də böyük ehtimalla Brüssel də onun fərqindədir ki, Azərbaycanla bağlanacaq saziş Ermənistanla bağlanandan fərqli olaraq deklarasiya yox, əsl işçi sənəd olacaq, çünki qarşılıqlı maraq kəsb edən sahələr çoxdur.

Belə bir detalı da qeyd etmək yerinə düşər ki, Gürcüstan prezidenti S.Zurabişvili də Bakıya səfərilə bir daha göstərdi ki, regionun geosiyasi arxitekturasında ermənipərəst vəziyyətin yaranacağı ilə bağlı İrəvanın ümidləri tamam əbəssizdir: Tiflis Bakının regiondakı əsas partnyorudur və partnyoru kimi də qalacaq, çünki bu münasibətlər dayanıqlı maraqlar üzərində qurulub.

Odur ki, fərz olunan görüş ərəfəsində Azərbaycanın və onun prezidentinin mövqeləri daha möhkəm və inamlı görünür. Ermənistanın baş nazirinin isə bir “üstünlüyü” var; o da Qarabağ hərbi teatrındakı vəziyyətdir. Amma düşünürük ki, bu da müvəqqəti haldır və Bakının bu vəziyyəti də dəyişəcəyi gün uzaqda deyil. İki il bundan əvvəlki aprel döyüşləri və eləcə də ötən il Naxçıvanda aparılan uğurlu əməliyyatlar bir daha göstərdi ki, Azərbaycan əsgəri bu problemi də həll etməyə qadirdi.

Hüseynbala Səlimov