İrana yönəlik siyasətimizdə nəyisə dəyişəkmi?..

Bəzən İranın siyasət və diplomatiya adamları elə fikirlər səsləndirir, elə bəyanatlar verirlər ki, heç bilmirsən, dost kimdir, düşmən kim...

Qonşu İrana münasibətdə biz hansı siyasəti aparmalıyıq?

Düşünmək olardı ki, müstəqilliyin 28 illik dövründə əslində bu sualın tükəndirici cavabını tapmalıyıq.

Prinsipcə, rəsmi, dövlət siyasəti səviyyəsində bu cavabı tapmışıq, beləki prezident İlham Əliyev cənub qonşumuza münasibətdə kifayət qədər effektiv və düzgün siyasət aparır; İran ətrafındakı daimi mürəkkəbliklərə, “buludlu hava”lara baxmayaraq rəsmi Bakı ona qarşı yetərincə ölçülüb-biçilmiş, özünün, bəli, məhz özünün formalaşdırdığı dostluq və əməkdaşlıq siyasəti aparır.

Amma bəzi məqamlar var ki, istəməsən belə, səni bir sual qarşısında qoyur: biz İrana münasibətdə “bütün dövrlər üçün doğru olan” siyasəti tapmışıqmı? Bizim İran siyasətimizdə nələrisə dəyişməyə, hətta yenidən qurmağa ehtiyac varmı?

Etiraf etmək gərəkir ki, oxşar suallar üçün, hətta bəzən müəyyən narahatlıq üçün əsas ola biləcək məqamlar da var. Birincisi, iki ölkə arasındakı münasibətlər heç də simmetrik deyil, Azərbaycanın səmimi siyasətinə İran heç də adekvat cavab vermir, əksinə bəzən İranın siyasət və diplomatiya adamları elə fikirlər səsləndirir, elə bəyanatlar verirlər ki, heç bilmirsən, dost kimdir, düşmən kim...

Şimali Azərbaycanı “özünün tarixi ərazisi” hesab etmək, qonşusu Azərbaycanın daxili və xarici siyasətini daim özünün maraqlarına tabe etməyə çalışmaq, Bakının əvəzinə onun kiminlə dost, kiminlə düşmən olmasını müəyyən etməyə çalışmaq, özünün siyasi –ideoloji sistemini, sxemlərini Azərbaycan reallıqlarına proyeksiya etməyə cəhd göstərmək – hətta bunlar İranın Azərbaycana münasibətində təzahür edən neqativ, təhlükəli tendensiyaların tam siyahısı deyildir.

Burada maraqlısı və hətta paradoksal olan detal nədir? İranlı siyasətçilərin və ideoloqların “məntiqi”lə fikir yürütsək, müasir Ermənistanın da ərazisi İranın “tarixi əraziləri”dir – məsələn, İrəvan xanlığı da o vaxtki İran dövlətinin (o vaxt bu dövlətin özünün belə fars dövləti olması mübahisəlidir!) təsiri altında olan Azərbaycan xanlıqlarından biri idi.

Üstəlik, həmin ərazilərə, o cümlədən də bizim indiki ərazilərimizə ermənilər məhz o vaxt – bu ərazilər Rusiya tərəfindən işğal ediləndən sonra köçürülmüşdülər, özü də İran ərazisindən. Amma İran bir dəfə olsun, belə Ermənistana ərazi iddiası irəli sürməyib, İrəvanı 2500 il yaşı olan qədim erməni şəhəri kimi təqdim edən haylara deməyib ki, balam, xeyir ola, məgər bu ərazilər İrəvan xanlığının deyildimi?...

Azərbaycana münasibətdə isə bunun əksi baş verir: bir İran lideri “böyük fars şairi Nizaminin məqbərəsini ziyarət etmək üçün” buralara gəlir, bu ölkənin başqa bir lideri isə yana – yana keçmiş İran şahlarını qınayır ki, guya məhz onların səhvi ucbatından İran “tarixi torpaqlar”ını – bizim indiki Azərbaycanı itiribdi...

Hər dəfə belə hərəkətlər baş verəndə bizim rəsmi siyasət və ya diplomatiya adamları təmkin nümayiş etdirirlər ki, münasibətlərdə izafi gərginlik yaranmasın.

Amma onları tamam cavabsız da qoymaq qəti düzgün deyil, çünki adekvat rekasiya görməyəndə iranlı siyasətçilər bir azacıq da “adətkar” olurlar.

Odur, belə fikirlər səslənir ki, rəsmi siyasətimizdən də savayı bir qeyri-rəsmi siyasətimiz də olmalıdır ki, heç olmasa, müxalifət partiyaları, ictimaiyyətçilər İran liderlərinə cavab versinlər.

Amma bu da hamısı deyil. Bütün hallarda, İran istiqamətindəki siyasətimizi gücləndirməli və İrandakı soydaşlarımızla fəal işləməliyik. Burada söhbət İrandakı separatist meylləri gücləndirməkdən də getmir – indiki şəraitdə marağımıza cavab verməz bu. Söhbət başqa şeydən gedir ki, bunu yazmaqdan barmağımız qabar olub: İran istəsə, İrəvanla ticari -iqtisadi əlaqələrini məhdudlaşdırmaqla Dağlıq Qarabağ probleminin həllinə ciddi təsir edə bilər.

İrandakı soydaşlarımız da bu səmtdə hökumətlərilə işləyə bilərlər. Amma təəssüf, onların milli zəmində siyasi-ictimai fəallığı heç kiçicik erməni icmasının fəallığı ilə belə müqayisəyə gəlmir, son vaxtlar orada hətta milli-mədəni haqlar tələbi də eşidilmir.

Bu Paşinyanın İrana son səfəri zamanı da sezildi: erməni baş naziri oradan əliboş qayıtsa da bir azacıq “suyu bulandıra” bildi. Odur ki, daim hadisələrin ardınca sürünməmək üçün fəallığımızı bir az artırmalıyıq – həm biz, həm də iranlı soydaşlarımız. Belə bir deyim vardır ki, siyasətlə məşğul olmasanız, siyasət özü sizinlə məşğul olacaq, bunun isə sizinçün heç də müsbət nəticəsi olmayacaq.

O ki qaldı bilavasitə ən son proseslərə, biz bu yazını yazanda Azərbaycanın xarici işlər naziri E.Məmmədyarov İranda səfərdə idi. Di gəl düşünürük ki, yaxın dövr üçün bir məsələni diqqətdə saxlamalıyıq. O da budur ki, Paşinyanın nəzərində indi İsraildir. Hətta onun bu ölkəyə də səfərlər edəcəyi haqqında xəbərlər səslənir.

Erməniləri çoxdandır ki, İsraillə Azərbaycanın sıx münasibətləri, xüsusən də hərbi-texniki sahədə əməkdaşlığı narahat edir. İndi İsrailə yaxınlaşmaq üçün “va-bank” getmək, bu ölkədə səfirlik açmaq istəyirlər. Belə olsa, İranla münasibətlərdə yeni reallıqlar başlayacaq. Bir düşünək, görək, bundan necə faydalana bilərik...

Hüseynbala Səlimov