Heç də təsadüfi deyil ki, Beynəlxalq Humanitar Forum kimi tədbirlər başqa yerdə yox, məhz Azərbaycanın paytaxtında keçirilir. Heç də təsadüfi deyil ki, Beynəlxalq Humanitar Forum kimi tədbirlər başqa yerdə yox, məhz Azərbaycanın paytaxtında keçirilir.

Üstünlüklərimiz haqda niyə susmalıyıq ki?..

Heç də təsadüfi deyil ki, Beynəlxalq Humanitar Forum kimi tədbirlər başqa yerdə yox, məhz Azərbaycanın paytaxtında keçirilir.

“Azərbaycan çox kiçik ölkədir, Dünya problemlərinin, böyük siyasətin bizə nə dəxli var?”.

Təəssüf, oxşar iddiaları yalnız “adi bəndə”lərin,- siyasətdən və politologiyadan tamam uzaq adamların yox, elə politoloqların və siyasi analitiklərin də dilindən az eşitməmişik.

Sözsüz ki, sırf formal cəhətdən, sxematik məntik baxımından onlar haqlıdırlar və burada müəyyən qədər həqiqət, özü də acı həqiqət var; bəli, Dünyanı güclü, varlı ölkələr idarə edirlər, üstəlik, Dünya nizamı hələki konsensusdan və insani münasibətlərdən alışdığımız bərabərlikdən çox uzaqdır.

Amma bir neçə səbəblər var ki, onlar bu cür fələsəfəni heç edir. Birincisi, hər bir dövlət, ən azı konkret olaraq hansısa regionu təmsil edir və regional siyasi və geosiyasi atmosfer həm də onların apardıqları siyasi kursdan asılı olur.

Bu baxımdan baxmayaraq ki, Cənubi Qafqaz da sırf coğrafi miqyasda və yaxud anlamda Dünya xəritəsində kiçik bir nöqtədir, bütün hallarda burada baş verən hadisələr və proseslər Dünya güclərinin diqqətindədir.

Rusiya və İran kimi geosiyasi nəhənglərlə yaxınlıq, böyük tranzit-kommunikasiya layihələri, karbohidrogen ehtiyatları, Sovetin şinelindən çıxmış və böyük siyasətdə hələ ilk addımlarını atan, hamının öz tərəfinə çəkmək istədiyi gənc dövlətlər, regionun geosiyasi və geoiqtisadi önəmi, nəhayət, Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya kimi münaqişələr – hətta bunlar da bu mürəkkəb siyasi, geosiyasi və etno - siyasi regionun məziyyətlərinin tam siyahısı deyildir…

Regionunun bilavasitə siyasi strukturana gəldikdə isə, Cənubi Qafqaz əlbəttə ki, ilk növbədə Azərbaycan deməkdir...

Hətta dost olmayan ölkələr də Azərbaycanın lider dövlət rolunu etiraf edirlər; özü də ona görə yox ki, Azərbaycan regionun ən varlı ölkəsidir, həm də ona görə ki, bu mürəkkəb regionda çox şey məhz Azərbaycandan asılıdır, hansı ki, kifayət qədər müstəqil, qeyri - trivial siyasət aparır və faktiki olaraq regionun siyasi və iqtisadi arxitekturasını müəyyən edir.

Qeyd etmək lazımdır ki, belə bir situasiya son vaxtlarda yaranmayıb: yenidənqurmanın başlaması ilə Azərbaycan dərhal regionun “ən qaynar” məkanına çevrildi, müstəqillik əldə edəndən sonra isə tez bir zamanda onun lideri oldu. Yadımıza gəlir ki, bir vaxtlar, hələ mərhum prezident Heydər Əliyevin vaxtında rusiyalı politoloqların arasında belə bir deyim vardı: “Heydər Əliyev asqırdı, Cənubi Qafqazda temperatur qalxdı”...

Odur ki, istəsən də, istəməsən də, fəal siyasət yürütmək, regional və qlobal siyasətin formalaşmasına töhfəmizi vermək nəinki haqqımızdır, həm də borcumuzdur.

Məhz buna görə heç də təsadüfi deyil ki, Beynəlxalq Humanitar Forum kimi tədbirlər başqa yerdə yox, məhz Azərbaycanın paytaxtında keçirilir və burada mürəkkəb 21 - ci əsrdə bəşəriyyət qarşısında duran problemlər və çağırışlar müzakirə olunur.

İlk baxışda artıq bəşəriyyətə qarşı birbaşa qlobal təhlükələr, təhdidlər yoxdur, amma tamam arxayınlaşmaq üçün də əsas yoxdur – elə yeni təhlükələr yaranıb ki, onlar hətta elmi fantastikanın Ayzek Əzimov və Stanislav Lem kimi “kit”lərinin belə ağlına gəlmirdi, ondan qala Struqatski qardaşları ola; bəli, Dünya getdikcə çətin proqnozlaşdırılır və ən yeni təhlükələr qarşısında hələki müdafiəsiz görünür...

Təəssüf ki, böyük siyasətdə rəhm kimi anlayışlar yoxdur, burada humanitar planda və anlamda böyük və kiçik dövlətlər olmur, odur ki, bu böyük okeanda batmamaq üçün daim çabalamaq, nəsə etmək lazımdı.

Biz bu cür tədbirlərin təbliğat tərəfi haqda danışmayacağıq. Amma bir detalı qeyd etməmək mümkünsüzdür.

Biz nəhayət ki, bir neçə ildir, ölkənin və onun cəmiyyətinin bir əsas xüsusiyyəti, multikulturalizm haqqında danışmağa başlamışıq.

Burada da bəzən oxşar tərəddüdlər eşidirsən ki, özümüzü və ölkəmizi tərifləməklə bəşəriyyəti yormuruq ki?..

Birbaşa deyəcəm: yox, yormuruq! Bu, hətta bizim Dağlıq Qarabağ konsepsiyamızın ayrılmaz hissəsi olmalıdır, çünki ermənilərin yalançı təbliğatının bir “sütunu” da budur ki, guya mütərəqqi xristianlar olan ermənilər geridə qalmış, feodal, müsəlman azərbaycanlılarla bir yaşaya bilməzlər!..

Amma bir məqam da var. Amerikalı psixoloq, “çoxsaylı intellekt” nəzəriyyəsinin banisi Hovard Qardner beş şüur və intellekt tipi haqqında yazır. Onlardan biri də “hörmətedici tip” adlanır. Mənası da budur ki, müasir insan müxtəlif mədəniyyətləri qəbul etməyə hazır olmalı, irqi, dini və milli mənsubiyyətindən, hətta peşəsindən asılı olmayaraq bütün insanlarla birgə yaşamağı, onlara qarşı dözümlü olmağı bacarmalıdır.

Bəli, müasir multikulturalizm modeli məhz budur. Bu isə biz azərbaycanlıların qanındadır. Bəlkə də ona görə ki, azərbaycanlıların etnogenizinin formalaşmasında müxtəlif milli, dini və mədəni elementlər iştirak edib və bu da bizim təkcə adi xüsusiyyətimiz deyil, həm də üstün cəhətimizdir. Ona görə də bu haqda niyə susmalıyıq ki?..

Hüseynbala Səlimov