Revanşizmin qaynaqları, haradan başlanğıc götürməsi də az maraq doğurmur. Revanşizmin qaynaqları, haradan başlanğıc götürməsi də az maraq doğurmur.

Azərbaycana siyasi revanşizm yol tapır...

Revanşizmin qaynaqları, haradan başlanğıc götürməsi də az maraq doğurmur.

Etirazların və narazılıqların motivlərinə qarşı total sayğısızlıq, bütün narazıları ətrafında birləşdirməyə çalışmaq, mübarizə metodlarında heç bir prinsiplə və ya meyarla şərtlənməyən nəhayətsiz sərbəstlik, N.Makiavellinin məşhur “Məqsəd vasitəyə bəraət qazandırır” prinsipinin tamam sərbəstləşdirilməsi...

Doğrusu, bilmirəm, siyasi revanşizmi xarakterizə edən ən əsas prinsipləri yetərincə ətraflı sadalaya bildim, ya yox – bildiyim budur ki, Azərbaycanda tədricən bu mübarizə üsulu özünə yer edir.

Odur ki, lap osmanlı qardaşlarımız demişkən, kəndisinə “qərbçi- demokrat” deyənlərin cərgəsində iranlı ayətullahlardan birinin əlini öpənlərin də yer aldığını görəndə buna qətiyyən təəccüblənmək lazım deyil, çünki artıq müxalif düşərgəni hansısa ali dəyərlər yox, məqsədlər, daha doğrusu, bir məqsəd birləşdirir – mövcud hakimiyyətə son qoymaq, rəsmi, ya da qeyri - rəsmi koalisiyanı da bu zəmində formalaşdırmaq...

Bəli, ən əvvəl ən əsas rəqibi, mövcud siyasi hakimiyyəti “neytrallaşdırmağa”, daha doğrusu, aradan götürməyə qərar verir və yalnız bundan sonra öz aralarındakı münasibətləri çözəcəklərini deyirlər.

Revanşizmin qaynaqları, haradan başlanğıc götürməsi də az maraq doğurmur. Burada “əllinin əlliyə prinsipi” ton verir. Heç şübhəsiz ki, ən birinci amil özünü cəmiyyətə müxalifətçi kimi sırıya bilmiş insanların şəxsi keyfiyyətləri, onların dəyər verdiyi prinsiplərdir: elə insanlar var ki, onlarçün mövcud hakimiyyətin necəliyi elə də önəm kəsb etmir, əsas “hakimiyyətdə filankəs yox, mən olmalıyam” prinsipidir.

Amma bir azca fərqli situasiya da ola bilir. Politoloqlar bəzən “güzgü effekti”ndən danışır və deyirlər ki, hər bir hakimiyyətin müxalifəti onun güzgüdəki əksidir; sən özün siyasi mübarizədə necəsənsə, hansı vasitələrə və meyarlara üstünlük verirsənsə, gec-tez elə bir müxalifət yetişəcək ki, fəndgirlikdə və prinsipsizlikdə səndən beş qat artıq olacaq.

Əlbəttə ki, heç də həmişə belə olmur, “güzgü effekti” özünü heç də həmişə təsdiqləmir: bir çox hallarda demokratik, sivil hakimiyyətlərin opponentləri rolunda elə qüvvələr çıxış edir ki, nəinki “güzgü əksi”ndən, heç hansı meyardan belə danışmaq olmur.

Amma belə hallar siyasi şəraitdən, ölkənin nə dərəcədə stabil siyasi sistemə malik olmasından asılı olur.
Dayanıqsız siyasi sistem, oturuşmuş, mükəmməl siyasi ənənələrin olmaması, mövcud idarəçilik mentaliteti, hakimiyyətin rəqiblərinə və eləcə də idarə etdiyi cəmiyyətə qarşı münasibəti, hakimiyyət təmsilçilərinin “siyasi və iqtisadi iştah”ları – sözsüz ki, bütün bunlar da kontr –düşərgənin formalaşmasında heç də az rol oynamırlar.

Konkret olaraq Azərbaycanın cağdaş durumuna gəldikdə, əlbəttə, detalların müəyyənləşməsinə ehtiyac var, çünki bunlarsız risqləri təyin və idarə etmək elə də asan məsələ deyil.

Amma aydın olan bir məqam var; revanşizmin ölkəyə ayaq açmasına imkan verməmək, bu düşərgəni saf – çürük edib yaxşısını pisdən ayırmaq üçün ciddi islahatlar aparılmalı və özü də onlar təkcə yuridik və institusional xarakter daşımamalı, həm də personal təyinatlı olmalıdırlar; siyasi hakimiyyətə baxış, əgər bu cür demək mümkünsə, siyasi mentalitet dəyişməlidir.

Siyasətdə iki yol var: ya məhdud zaman intervalında hakimiyyətdə olursan, yaxşı işlərinə, əməllərinə görə hakimiyyətdən gedəndən sonra belə uzun illər xatırlanırsan, ya da qeyri-məhdud intervalda hakimiyyətdə qalmağa cəhd edir və axırda da fəlakətli siyasi kataklizmlərlə yola salınırsan.

Bir şeyi başa düşmək lazımdır ki, bir siyasi qrupun, partiyanın və ya liderin hakimiyyəti nə qədər uzun çəksə belə, hər halda, əbədi olmur və odur ki, bizi daima belə sual düşündürür ki, bəs onda əbədi hakimiyyət haqqındakı xülyalar haradan qaynaqlanır? Bunun özü “əbədi həyat” kimi bir xülya deyilmi?..

Bizə elə gəlir ki, hakimiyyəti “deformasiya” edənlər həmişə ikinci, üçüncü cərgənin şəxsləri olurlar. Onlar birinci düşərgənin adamlarında ən əvvəl reallıq hissinin itirilməsinə gətirib çıxarırlar.

İkincisi, bu adamlar bilavasitə özləri məsuliyyət daşımadıqlarından, məsuliyyəti birinci adamlar daşıdığından, onlar hakimiyyəti özlərinin iqtisadi və siyasi ambisiyalarına tabe edirlər: bəli, gecə-gündüz yaltaqlan, reallığı təhrif et, reallıqda birinci şəxslərin ayaqlarının altını qaz, amma görüntüdə guya, gecəbəgündüz onlar üçün çalışdığnı sübut etməyə çalış və buna nail olandan sonra ölkəni sən də bir tərəfdən sök – tala və heç nədən qorxma-çəkinmə, ən azı ona görə ki, sən əlini Qurana və Konstitusiyaya basıb and içməmisən və bunun üçün heç bir məsuliyyət daşımırsan, uzağı bir müddətdən sonra vəzifədən uzaqlaşdıra bilərlər səni, amma qorxma, bütün hallarda “yığdığın” bəs edər – təəssüf ki, bizim də bəzi məmurlarımızın siyasi fəlsəfəsi budur.

Odur ki, bir daha Azərbaycan müstəvisinə qayıdaraq qeyd edək ki, prezident İlham Əliyev özünün Novruz bayramı təbrikində həm də ciddi siyasi islahatların anonsunu verdi.

Düşünürük və eləcə də ümidliyik ki, il bu baxımdan da əlamətdar olacaq. Hər bir halda, nə vaxtsa buna da start verilməlidir, çünki bunun yubanması hakimiyyətin yox, əksinə revanşistlərin şanslarını artırır...

Hüseynbala Səlimov