- Yazarlar
- 27 Mart 2019 08:36
- 6 094
Bəlkə A.Duqin elə həqiqətən də haqlıdır?..
ABŞ Yaxın Şərqdən heç yana getməyə hazırlaşmır, sadəcə, bu regionda daha da “sərbəst” olmağa can atır...
ABŞ prezidentinin indi Holan yüksəkliklərini İsrailin ərazisi kimi tanımasını bir sıra təhlilçilər Trampın güclü yəhudi lobbisilə arasını bir az da “sazlamaq” cəhdi kimi, digərlərisə bunu onun seçki ərəfəsində dostu Netanyahu cənablarının şanslarını bir az artırmaq istəyi kimi yozsa da, bizə elə gəlir ki, belə yozumlar yalnız kiçik taktiki məqsədlər statusuna iddialı ola bilər.
Əslində söhbət daha dərindir - ən azı ona görə ki, ABŞ səfirliyini Təl-Əvivdən Yerusəlimə köçürməyə qərar verəndən sonra bu Tramp həzrətlərinin İsrailin bölgədə mövqelərini ciddi şəkildə gücləndirməyə yönəlmiş ikinci mühüm cəhdidir, özü də adi cəhd deyil, yetərincə ciddi bir addımdır.
Əlbəttə ki, burada nə Yerusəlimlə bağlı məşhur qərarı təkrarən xatırlamağa ehtiyac var, nə də Holan yüksəkliklərinin əslində kimə aid olması haqqında teoloji-siyasi-hüquqi mübahisələrə baş vurmağa. Bircə onu deyək ki, Yerusəlimlə bağlı qərar göstərdi ki, əslində Suriya məsələsində bir azacıq “arxa plan”a keçməkdə ABŞ-ın məqsədi Yaxın Şərqdəki siyasəti üçün daha çox sərbəstlik qazanmaq idi.
O səbəbdən ki, Suriya ilə bağlı prosesə qatılmaq həm də gələcək Suriyanın və onun siyasi rejiminin taleyilə bağlı məsul tərəflərdən biri olmağı tələb edirdi, bu isə Vaşintqonun bölgədə daha sərbəst siyasət yürütməsini çətinləşdirirdi.
Ona görə də biz daim deyirik ki, ABŞ Yaxın Şərqdən heç yana getməyə hazırlaşmır, sadəcə, bu regionda daha da “sərbəst” olmağa can atır...
O ki qaldı yüksəkliklərin kimə məxsus olmasına, əlbəttə, mübahisəli məsələdir, amma mübahisələr daha çox teoloqlar və tarixçilər arasında gedir – BMT də, əksər ölkələr də yüksəklikləri Suriyanın işğal olunmuş əraziləri kimi tanıyır, özü də bu işğalın üstündən yarım əsrdən bir azacıq vaxt ancaq keçər...
Odur ki, məsələ digər bir aspektdən əslində daha çox narahatlıq doğurmalıdır– bu, daha bir kobud hüquq pozuntusu deyilmi? O, dünyada bundan sonra hər şeyin yalnız güclə həll olunacağı təsəvvürünü bir az da gücləndirərək növbəti presedent olmayacaqmı?
Məsələn, Azərbaycan Qüds haqqındakı məşhur qərarın əleyhinə səs verərkən bunu bir çoxu Bakının islam ölkələrilə bir cərgədə olmaq istəyi kimi yozmağa cəhd etdi. Amma qərarın əleyhinə çıxış edənlər təkcə islam ölkələri deyildi, demək olar ki, bütün aparıcı xristian ölkələri də və hətta Asiyanın bütpərəst dövlətləri də buna qarşı çıxdılar.
Məsələ tamam başqa idi; Bakı BMT qərarları ilə ziddiyyət təşkil edən bir qərara dəstək versəydi bu, o demək olmazdımı ki, BMT-nin Dağlıq Qarabağ problemilə bağlı qəbul etdiyi dörd qətnamə də quruca kağızdan başqa şey deyil və günlərin birində hansısa ölkə və ya ölkələr qrupu bu qərarları da heç edən addım ata bilər?
Odur ki, bu, təkcə islami həmrəylik məsələsi deyil, hüquq və prinsip məsələsidir; necə deyərlər, Platon mənim dostumdur, amma həqiqət daha əzizdir...
Bəli, İsrail Azərbaycan üçün çox yaxın ölkədir, amma Bakı bu məsələdə ya Yerusəlimin yanında olmalıdır, ya da beynəlxalq hüququn...
O ki qaldı problemin sırf geosiyasi tərəflərinə, biz həmişə mistikanın, konspirologiyanın əleyhinə olmuşuq və indi də əleyhinəyik, amma onu da istisna etmək olmaz ki, siyasəti də adamlar formalaşdırır və onların da bir çoxuna sadaladığımız hisslər, hansısa mistik - dini təsəvvürlər yad deyil.
Açıq etiraf edirik ki, kiçik Buşun bəzi mistik-dini sayıqlamaları bizi vaxtilə çox qorxudurdu. Yeri gəlmişkən, ona da çox az ölkələrdə rəğbət bəsləyirdilər və sayın kiçik Buşun ən çox sevildiyi az saylı ölkələrdən biri də məhz İsrail idi.
Tramp da Yerusəlimlə bağlı məşhur qərarını qəbul edəndən sonra onları təkrar xatırlamalı olduq. Xüsusən də yadımıza A.Duqinin “geosiyasi dispensatsializm”lə bağlı yazdıqları düşdü. Onu da deyək ki, filosoflar siyasətə adətən “şüuraltı mətləblər”dən və dini-mistik, mücərrəd - fəlsəfi təsəvvürlərdən savayı bir şey gətirmirlər.
Duqinlə bağlı da eyni sözləri demək olar, bir çox hallarda bu adamın hətta ruhi durumu da “şübhəli” görünür, amma onu eşidənlər, hətta xarici ölkələrdə mühazirələrini dinləyənlər də az deyil – yeri gəlmiş, bu adam elə bu yaxınlarda qardaş Türkiyədə də mühazirə oxumuşdu...
Nə isə. Sözümüz bunda deyil. Ən dəhşətlisi budur ki, A.Duqinin geosiyasi msitikası ilə Yaxın Şərqdə baş verən proseslər arasında həqiqətən də bir paralellik var və etiraf edirik ki, bu, bizi çox qorxudur – necə ki, bir vaxtlar kiçik Buşun “teoloji” sayıqlamalarını oxuyarkən eyni hissləri keçirirdik...
Hüseynbala Səlimov