NATO Cənubi Qafqazda olsun, ya olmasın?..

Tiflisin narahatlığına heç bir əsas yoxdur, Gürcüstan NATO-nun üzvü olacaq.

Bir tərəfdən Türkiyə-NATO və yaxud da ki, Türkiyə-ABŞ müstəvilərində cərəyan edən mürəkkəb proseslər üzərində baş sındırarkən, eləcə də NATO daxilindəki ziddiyyətlərin bütün kompleksi üzərində düşünərkən ixtiyarsız olaraq bir sualla qarşılaşırsan: Gürcüstan, Ukrayna və Moldova kimi NATO-ya üzv olmağa bu qədər can atmağa dəyərmi?..

Məsələ bundadır ki, gənc, hələ “geosiysi əzələləri” bərkiməmiş dövlətlərin bu haqda düşünməyə heç macalları da yoxdur; Blokun böyük “oyunçu”ları Dünyanın ən böyük hərbi siyasi Alyansının “çətiri” altındakı yerlərini təftiş etdikləri və yaxud da təzədən anlamağa çalışdıqları bir vaxtda nisbətən kiçik “oyunçular”– gənc dövlətlər bütün güclərilə NATO-ya üzv olmağa, nəhayət ki, təminat və rahatlıq vəd edən “təhlükəsizlik setifikatı”nı almağa cəhd edirlər.

Bu mənada gürcü siyasətçiləri və diplomatları, hətta politoloqları ölkələrinin NATO-ya üzv olacağı günü demək olar ki, səbrsizliklə gözləyirlər. Bəzi siyasi bilim adamları isə hətta hesab edirlər ki, onların ölkəsi praktiki olaraq artıq NATO-nun üzvüdür, institusional baxımdan çoxdan bu təşkilatdadır, çünki Blokla ölkələri arasında, öz təbirlərincə desək, “bir yığın müqavilə və qarşılıqlı öhdəliklər imzalanıbdır”.

Biz də inkar etmirik ki, ilbəil NATO ilə Gürcüstan arasındakı əlaqələr sıxlaşır.

Amma bununla belə bir faktı konstatasiya etmək zorundayıq ki, müəyyən prosedurlar var və onlar NATO-nun əsas ölkəsinin – ABŞ-ın nöqteyi-nəzərindən nə qədər formal görünsələr də bütün hallarda Tiflis bütün zəruri mərhələləri və pillələri, o cümlədən də məxsusi olaraq Tiflis və Kiyev üçün nəzərdə tutulmuş “ən yeni status”ları keçməli olacaq...

Gürcüstana səfəri ötən həftənin əvvəllərində başa çatan NATO-nun baş katibi Yens Stoltenberq növbəti dəfə bəyan etdi ki, Tiflisin narahatlığına heç bir əsas yoxdur, Gürcüstan NATO-nun üzvü olacaq.

Əlbəttə, hər belə bəyanat Tiflisi arzuolunan məqsədə bir az da yaxınlaşdırır. Amma bir daha qeyd edirik ki, təəssüf, NATO təkcə ABŞ və yaxud da Stoltenberq demək deyil.

Məsələn, hələ də belə bir ehtimal gücdədir ki, Ukraynanın və Gürcüstanın Alyansa üzv olmasına etiraz edən sanballı və nüfuzlu siyasətçilər var, onlardan biri də A.Merkeldir. Elə Macarıstan təmsilçilərinin də bu iki ölkənin, xüsusən də Ukraynanın Bloka üzvlüyü yolunda əngəl olması haqda xəbərlər kəsilmir.

Bir məsələni də qeyd etmək yerinə düşər ki, qonşu Gürcüstanla Ukraynanın NATO-ya yönəlik siyasətində xeyli fərq var: Tiflis bunu daha israrla edir, Kiyev isə üzdə israrlı görünsə də alt qatda özü prosesi ləngitməyə çalışır. Elə ölkə əhalisinin özünün də Blokla bağlı niyyətləri hələ tamam cilalanmayıb – bunun əleyhinə olan xeyli ukraynalı var...

Amma Gürcüstan daha israrlıdır. Fəqət, burada yadımıza yenə də Türkiyənin ən yeni tarixindən bir epizod düşür. Vaxtilə ABŞ siyasətçiləri və diplomatları daim vəd edirdilər ki, bəs Türkiyə mütləq Avropa Birliyinin üzvü olacaq. Amma belə olmadı və güman ki, məhz bu detal Türkiyəni Avropa təhlükəsizlik və əməkdaşlıq arxitekturasından kənarda müttəfiqlər axtarmağa sövq etdi.

İddia etmirik ki, Gürcüstanı və Ukraynanı eyni aqibət gözləyir, amma əlahəzrət zaman özü gözləmir, hətta NATO-nun özünü yeni-yeni amplualarda təqdim edir; təşkilat daxilində yeni trendlər duyulur, hətta eyni bir Alyansın nəzdində yeni geosiyasi qruplaşmalar yaranır. Üstəlik, bəzi hallarda NATO-ya “inteqrasiya sürəti”nin çox yüksək, digər hallardasa, əksinə çox aşağı olması da diskomfort, hətta inamsızlıq üçün xeyli əsas yaradır.

Düşünürük ki, Gürcüstanın NATO-ya inteqrasiya məsələsində iki məqam var. Birincisi, Cənubi Qafqaz da Qara dəniz kimi NATO üçün yeni regiondur. Burada çox ehtiyatla, zərgər dəqiqliyilə irələləmək lazım gəlir, çünki söhbət bilavasitə Rusiyanın təsir sferasından gedir.

İkincisi, bəlli olduğu kimi, Gürcüstan ərazisində iki ciddi münaqişə ocağı var. NATO rəhbərliyi, Blok üzvləri daim Gürcüstanın ərazi bütövlüyünü tanıdıqlarını bildirirlər. Amma hiss olunur ki, bu hələki Brüsselin Tiflisə verə biləcəyi yeganə dəstəkdir və Şimali Atlantika Bloku bu məsələdə siyasi bəyanatlardan üzağa getmək iqtidarında deyil.

Amma Gürcüstanın özündə məsələyə çox maraqlı yanaşma var. Bəzi gürcü ekspertləri hesab edir ki, ərazi problemləri ölkənin NATO-ya inteqrasiya olunması yolunda əngəl ola bilməz, çünki bu maneəni dəf edə biləcək yol artıq məlumdur; sənəddə sadəcə yazmaq olar ki, məşhur “beşinci bənd” bu ərazilərə şamil edilmir...

Brüssel strateqlərinin bununla bağlı nə düşündüklərini bilmirik. Aydın olan bir məsələ var: NATO tədricən, ehtiyatla, amma həm də məqsədyönlü şəkildə iki yeni regionda oturuşmaqdadır: o, Qara dənizdə güclənir və öz təsir sferasını genişləndirir, Cənubi Qafqzada isə hələ indi - indi özünə yer eləyir.

Bu günlərdə ABŞ prezidenti D.Tramp da çox maraqlı bəyanatla çıxış etdi; o, qeyd etdi ki, Xəzərin statusu haqqında Konvensiyanın imzalanması Türkmənistanın enerji resurslarının nəqli üçün yeni imkan açır və yəqin Aşxabad bundan faydalanmağa çalışacaq.

Düşünürük ki, bu da Cənubi Qafqaz regionunun geosiyasi və geostrateji önəmini qabardan daha bir məqamdır. Axı NATO-nun mühüm funksiyalarından biri də enerji, kommunikasiya və tranzit arteriyalarının təhlükəsizliyini təmin etməkdir...

Hüseynbala Səlimov