Gürcüstanla Azərbaycanın münasibətlərini pozmaq cəhdi...

Xain niyyətli qüvvələr bununla bütövlükdə regionu ciddi problemlərə sürükləyə bilərlər

Gürcüstanın prezidenti Salome Zurabişvilinin bu yaxınlarda Azərbaycanla həmsərhəd zonaya səfərindən sonra, ümumilikdə region üçün yaxşı nəticələr vəd etməyən proseslər başlanılıb. Belə ki, Zurabişvili Gürcüstan-Azərbaycan sərhədinin demarkasiyası prosesinin sürətləndirilməsi məsələsini yenidən ictimailəşdirib. Ola bilsin, bəyanat xoş niyyətlə verilıb, fəqət ortaya narahatedici bir mənzərə çıxıb.

Bu açıqlama qonşu dövlətdə müəyyən qüvvələrin əlinə qızışdırıcı faktor kimi düşüb. Gürcüstanın daxilindəki siyasi və ictimai təşkilatlar açıq formada iki ölkə arasında münasibətləri pozmağa xidmət edən çıxışlar etməyə başlayıblar.

Rəsmi açıqlamalara istinad etsək, Gürcüstan və Azərbaycan arasında dövlət sərhəddinin 34 faizi mübahisə predmeti olaraq qalır. Delimitasiya üzrə dövlət komissiyaları digər sahələr üzrə razılaşmalar əldə ediblər.

Hamımıza o da məlumdur ki, Gürcüstanın üzərində əsasən durduğu məsələ Keşikçidağ monastır kompleksi ilə bağlıdır. Bu kompleksin əslində kimə məxsusluğu, tarixi mənbələrin kimin xeyrinə olması üzərində dayanmaq istəməzdik. Müzakirələrin davam etdiyi bir mərhələdə bu yalnız prosesləri başqa məcraya yönəltməkdən başqa bir şeyə yaramayacaq.

Bu baxımdan Rəsmi Bakının, ictimai qurumların tutduğu mövqe təqdir olunmalıdır. Soyuqqanlı və qonşular arasında münasibətlərə zərər vurmamaq istəyi bu mövqenin əsas ana xəttini təşkil edir.

Fəqət, eyni yanaşmanı qarşı tərəfdə görmürük. Gürcüstan prezidentinin açıqlamasından sonra bu ölkədəki bəzi qüvvələr prosesin üzərinə, belə demək mümkünsə, körüklə yürüməyə başlayıblar. Məsələn, keçmiş prezident Mixail Saakaşvilinin dönəmində Gürcüstanın Müdafiə naziri postunda çalışmış İrakli Okuruaşvilinin açıqlaması ancaq və ancaq münasibətləri pozmağa hesablanıb. O, “Gürcü Arzusu”nun lideri Bidzina İvanişviliyə Azərbaycanla bağlı “məsləhətlər” verərək bildirib ki, nazır kimi çalışdığı dövrdə Azərbaycanla hansısa bir məsələdə problem yaranıbmış. O vaxt Azərbaycanın daxili işlər naziri ilə sərhəddə görüşdüyünü, əgər ertəsi günü bu problemin gürcülərin xeyrinə qərar verilərək həll olunmayacağı təqdirdə 500 min azərbaycanlını “Qırmızı Körpü”də qarşılamalı olacağını xatırladıb.

Bu adamlar belə açıqlamaların nəyə xidmət etdiyini və nələrə yol aça biləcəyini hesablaya bilmirlərmi? Və ya süni canfəşanlığın arxasından kənar siyasi qüvvələrin boylandığı hiss olunmurmu? Suallar çoxdur. Burada, xüsusilə ermənilərin də prosesi qızışdırmağa çalışmalarını diqqətdən qaçırmaq olmaz.

İstər rəsmi Tbilisi, istərsə də ictimai qurumlar soyuqqanlı olmalıdırlar. Necə ki bunu rəsmi Bakı və Azərbaycan ictimaiyyəti edir.

Unutmaq olmaz ki, ən yüksək səviyyəyə çatan münasibətlər asan başa gəlməyib. Azərbaycan ilə Gürcüstan arasında müstəqillikdən sonra yaranan münasibətlər müstəqilliyin ilk illərində xoşagəlməz bir forma almışdı. Söhbət 1991-ci ildən 1993-cü ilə qədər olan dövrdə Qamsaxurdiyanın gürcü millətçiliyini yerli azərbaycanlılara qarşı çevirmək kimi seçdiyi yanlış xəttdən gedir.

1993-cü ildə Azərbaycanda Heydər Əliyevin, Gürcüstanda isə Eduard Şevardnadzenin hakimiyyətə gəlməsi vəziyyəti dəyişdi. Kifayət qədər təcrübəli və siyasətdə naşı olmayanların yürütdüyü siyasət narazılıqların qızışdırılmasına yox, onların aradan qalxmasına kömək etdi.

Sonrakı dönəmdə iki ölkə arasında siyasi, iqtisadi, hərbi, kommunikasiya sahələrini əhatə edən sənəd imzalandı. Münasibətlərin daha da inkişafı sonrakı illərdə qarşılıqlı səfərlərlə, "Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik" və "Qafqaz regionunda sülh, təhlükəsizlik və əməkdaşlıq" haqda qarşılıqlı bəyannamələr, ekoloji, təhsil, rabitə və s. sahələr üzrə yeniəməkdaşlığın əsasını qoymaqla sonuclandı.

Əsası qoyulan strateji əməkdaşlıq bütün sahələr üzrə davam etdi və iki ölkəni Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TRASEKA, Bakı-Tbilisi-Qars kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Beynəlxalq qurumlarda əməkdaşlıq nümunəsi ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirib.

Gürcüstanda tez-tez baş verən hakimiyyət dəyişikliklərinə və müxtəlif mövqeli siyasilərin hakimiyyətə gəlmələrinə baxmayaraq, prezident İlham Əliyevin yürütdüyü soyuqqanlı və düzgün siyasət münasibətlərin daha da inkişafına gətirib çıxarıb.

Məlumatlara əsasən, keçən müddətdə ümumulikdə iki ölkə arasında 100-dən artıq hüquqi-normativ sənəd imzalanıb. Azərbaycanda gürcü kapitalı ilə işləyən təqribən 50-yə yaxın müəssisə fəaliyyət göstərir.

Beləliklə, Gürcüstanın ən aktiv ticarət əlaqəsi olan ölkələr sırasında Azərbaycan öncül yerlərdən birini tutur və bu ölkə Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir.

Bu iki qonşu dövləti birləşdirən cəhətlər çoxdur. Ümumiləşdirsək, bura müstəqillik qazandıqdan sonra daxili və xarici vəziyyətin oxşarlığını, geosiyasi maraqların üst-üstə düşməsini, müstəqil dövlətin möhkəmlənməsi və beynəlxalq əlaqələrin genişlənməsini, Qafqazda sabitliyin qorunmasını, Transqafqaz və Transxəzər magistralının təhlükəsizliyinin təmin edilməsini və başqa amilləri də əlavə etmək olar.

Azərbaycanı Gürcüstanla yaxınlaşdıran ən mühüm məqamlardan biri də 500 minədək soydaşımızın bu ölkədə yaşamasıdır. Rəsmi Bakı məhz münasibətlərin korlanmaması baxımından Gürcüstan azərbaycanlılarının dil, mədəniyyət, təhsil və s. sahələrdə mövcud problemlərini çox qabartmır və onların həllindən ötrü həm rəsmi, həm də ictimai vasitələrlə zəruri işlər həyata keçirilir.

Hazirda Gürcüstanın iqtisadi baxımdan Azərbaycandan asılı ölkə olduğunu hamı bilir. Ancaq rəsmi Bakı heç vaxt bu amildən sui-istifadə etməyib. Həmişə qonşu dövlətə heç bir dövlətə olunmayan güzəştlər olunub və indi də belədir. Bunun qiymətini bilmək və qorumaq lazımdır. Kənar qüvvələrin təsiri ilə münasibətləri poza biləcək addımlar atılmamlıdır. Azərbaycan qonşu dövlətlə sərhəddin tezliklə delimitasiya olunmasının tərəfdarı olub və bu mövqeyində qalır.

Gürcüstan tərəfi, həm də onu unutmamlıdır ki, dörd qonşu ölkə ilə ən təhlükəsiz sərhəddi məhz elə Azərbaycanladır.

Azərbaycan həmişə dar günün qonşusu olduğunu sözün bütün mənalarında sübut edib və etməkdədir. Zaman-zaman qonşusunun xoşagəlməyən davranışlarını görməzdən gələn Bakı, bu mövqeyi ilə həmişə haqlı çıxıb və münasibətlər pozulmayıb... Yenə analoji vəziyyət yaranıb və tutulan səbrli mövqe mentalitetimizdən qaynaqlanan qonşuya hörmət və ehtiram, son tikəsini qonşu ilə bölüşmək kimi insani dəyər üzərində qurulub. Bunun qədrini bilmək isə qonşulara qalır.

Münasibətlərin pozulmasından itirənin daha çox kim olacağı da bəllidir və bunun region üçün fəsadlarını görməzdən gəlmək olmaz...

Elman Babayev