"Boyaqçı küpü" sındı - hər kəs öz rəngində görünür, öz adı ilə çağırılır "Boyaqçı küpü" sındı - hər kəs öz rəngində görünür, öz adı ilə çağırılır

Aslan İsmayılov AXCP və “Real”a nədən kin püskürdü?

"Boyaqçı küpü" sındı - hər kəs öz rəngində görünür, öz adı ilə çağırılır

Azərbaycan cəmiyyətinin də, iqtidarının da "İçəri şəhər" də daxil olmaqla tarixi irsimizə yanaşması birmənalı və dəyişməzdir. Əcdadlarımızdan bizə qalan miras toxunulmazdır. Bu prinsip Naxçıvanda da keçərlidir, Bərdədə də, Gəncədə də, Bakıda da. Təmir olunan türbələr, ibadət evləri, bərpa olunan və göz bəbəyi kimi qorunan digər tarixi abidələr bunun əyani sübutudur. "İçəri şəhər" isə öz qala divarları, Qız qalası, Şirvanşahlar sarayı ilə paytaxtımızın və xalqımızın qürur yeri olmaqla yanaşı, həm də bir sub kültür məskənidir. Azərbaycanımızı, Bakımızı cazibədar edən, fərqli qılan, aurası ilə hər kəsi ovsunlayan bir mühitdir. Əlbəttə, bu mühitin fiziki müstəvisindəki istənilən dəyişikliyə cəmiyyət həssas yanaşacaq, soracaq, sorğulayacaq. Ancaq bu səmimi vətəndaş təəssübkeşliyinin kütləvi etiraza çevrilməsi ona görə mümkün deyil ki, Birinci Vitse Prezident Mehriban xanım Əliyevanın dediyi kimi, Qala Divarından bir daş belə tərpədilə bilməz.

İndi emosiyalar soyuduqca, İçəri şəhərlə bağlı gerçəklər hər kəsin havasını sərinləşdirdikcə bir daha məlum olur ki, əslində, Qala divarlarını nə sökmək istəyən olub, nə də tarixi əmanətə xor baxan. Üstəlik, o da bəlli olur ki, İçəri şəhərlə bağlı az qala Topxananın harayına gedirmiş kimi qəzəb və nifrətlə "silahlananlar", hay-küy salanlar ictimai rəyi manipulyasiya edən, paytaxtda qarşıdurma və nifaq salmaq istəyən provakatorlardan başqa bir şey deyillərmiş. İşdə o təxribatçının gerçək adı Allahverdi İsmayılovdur. Boyaq küpündən çıxıb özünü "Aslan" zənn edən və bütün bioqrafiyasında bircə dürüst ştrix olmayan uğursuz vəkil, psevdo inqilabçı, patoloji psixi problemlərin girdabında vurnuxan natamam zavallı.

Onun daha bir dəfə "konfet yedim" ərizəsi yazmaq üçün açdığı canlı yayımı izləyənlər var aranızda. Yenə hər zaman olduğu kimi, "məni tutacaqlar, həbs edəcəklər" bayatısını çağırdı, onun provakasiyasına uymayan içərişəhərlilər qarışıq xalqın bütün təbəqələrini aşağıladı, təhqir etdi, gah nala, gah da mıxa vura-vura daş atmadığı bostan qalmadı. PA rəhbəri Ramiz Mehdiyevi İçəri şəhər mövzusuna vaxtılə yazdığı, lakin dövllət ittihamçısı olaraq etdiyi çıxışı səhifələrinə əlavə etmədiyi kitab üzərindən daxil etdi, Prezidentin köməkçisi Əli Həsənovu obrazlı desək, öz qalaktikalarınının cazibə mərkəzindən qaçıb Samanyoluna daxil olan ulduzların kainatdakı trayektoriyasına müdaxilə etməkdə suçladı. O qədər qatdı, o qədər qarışdırdı ki, AXCP sədri Əli Kərimlini feyk xəbərlər yaymaqda, Real lideri İlqar Məmmədovu isə yaymamaqda ittiham etdi. Bu, olquca mühüm detaldır, digər bir detalla tutuşduranda Allahverdi İsmayılovun yaratmağa çalışdığı, ancaq Azərbaycan cəmiyyətinin, mediasının və dövlət aparatının rasional mövqeyi qarşısında iflasa uğrayan təxribat layihəsinin məğzi ortaya çıxır.

İlk baxışdan elə görünə bilər ki, Allahverdi İsmayılovun AXCP sədri Əli Kərimlini feyk xəbərlər yaymaqda, Real lideri İlqar Məmmədovu isə yaymamaqda ittiham etməsi "konfet yedim" ərizəsində iqtidara "baxın, mən bu adamlarla bir yerdə deyiləm" mesajını verməsi üçündür. Bu, sadəlövh yanaşmadır. Çünki iqtidar üçün İsmayılov hər baxımdan deşifrə olunmuş, natamam psixoloji portreti tamamilə ilə müəyyən edilmiş biridir. İqtidar onun dabbaqda gönünə yaxşı bələddir və bilir ki, bu cığal, darqursaq, pulgir və qorxaq tip nə Əli Kərimlinin, nə də İlqar Məmmədovun yanında qərar tutmaz.

Allahverdi İsmayılov etiraf etdi ki, o, Birinci Vitse Prezidentin İçəri şəhərə gələcəyini gözləmirmiş. Bu gümanının da səbəbinini dövlət başçısı İlham Əliyevin ölkədə olmaması ilə izah etdi. Bəli, prezidentin səfərləri öncədən planlaşdırılır və bu barədə həmişə cəmiyyətdə məlumat olmasa da, Allahverdi İsmayılov kimilərini "verbovka"dan keçirmiş xarici mərkəzlər dəqiq informasiya əldə edə bilir. Prezidentin ölkədə olmadığı bir ərəfədə ajiotaj yaratmaq, lokal aksiyalar təşkil etmək, İçəri şəhərdən Prezident Administrasiyasına yürümək və "qeyri-siyasi" Allahverdi İsmayılovu "spontan xalq hərəkatı"nın liderinə çevirmək- görünür, plan belə imiş. Bu planın ilk mərhələsində Əli Kərimlinin İçərişəhərlə bağlı paylaşımları boyaq küpündən çıxıb özünü "Aslan" zənn edənin maraqlarına uyğun idi, əks halda, məsələn Sevinc Osmanqızının verilişində öz etirazlarını bildirə bilərdi. Qala qapısı ictimai müzakirə üçün bağlanandan sonramı yadına düşdü cəbhəçilərin feyk xəbər paylaşmaları? Eyni zamanda, ilk başda İlqar Məmmədovu, ayrı-ayrı ziyalıları da prosesə qatmaq istəyirdi, bacarmadı. Onun mesajlarına diqqət edin, gəncliksiz AXCP, İlqar Məmmədovsuz Real arzulayır. AXCP-dən imtina edən gənclik bəs kimin başına yığışacaq o zaman? İlqar Məmmədovu dışlamış Realın simpatizanları kimin arxasınca yürüyəcək? Əlbəttə, "AMİP-in suyunu içməmiş" Aslan İsmayılovun!

Ötən dəfə bu hekayəti yazmışdım, amma yerinə düşür deyə, bir daha təkrar edim:

Deyir, bir gün çaqqal boyaqçı küpünə düşür. Küpdən çıxanda, məlum, rəngi də dəyişmiş olur. Meşəyə qayıdır, bütün heyvanlar yığışır başına, çaqqalı tanımayıb ona heyranlıqla tamaşa edirlər. Fil də gəlib baxır, onun çaqqal olduğunu başa düşür, amma özünü o yerə qoymur. “Gəl, səni bundan sonra “Aslan” çağıraq, özün də meşənin kralı ol, mən də sənə vəzirlik edim” deyir. Çaqqal dərhal razılaşır, bir müddət beləcə keçir. Boyalı çaqqalın günü xoş! Amma bir gün meşənin dərinliklərindən başqa çaqqaların ulartısı gəlir, bu da dözə bilməyib onlara qoşulur. Fil onu basır ayağının altına, canını alır : “Çaqqal olduğunu bilirdim, amma bu rəngə necə boyanmışdın, onu anlamamışdım”.

"İçəri şəhər" olayında boyaqçı küpü sındı... Daha hər kəs öz rəngində görünür, öz adı ilə çağrılır.

Taleh Şahsuvarlı,
AzNews.az portalının Baş redaktoru