Bakı–Tiflis - Qars layihəsi işə düşəndən sonra çoxu anlamağa başladı ki, artıq İpək yolu layihəsi də gerçək ola bilər Bakı–Tiflis - Qars layihəsi işə düşəndən sonra çoxu anlamağa başladı ki, artıq İpək yolu layihəsi də gerçək ola bilər

İdeyanın gerçəkləşməsi Azərbaycanın boynuna düşdü

Bakı–Tiflis - Qars layihəsi işə düşəndən sonra çoxu anlamağa başladı ki, artıq İpək yolu layihəsi də gerçək ola bilər

Daha əvvəlləri bilmirəm, amma sovetlərin süqutundan sonra gündəmə gələn meqa - geoiqtisadi layihələrdən biri də tarixi "İpək yolu"nun bərpası ideyası oldu.

Di gəl, insanlar uzun müddət ayırd edə bilmirdi ki, bu xüsusda yazılanları, deyilənləri politologiyaya aid etsinlər, yoxsa futurologiyaya?

Amma zaman-zaman hamı görməyə başladı ki, bu, heç də insanların başqa planetlərə uçması və yaxud da yad planetlilərlə rabitə yaratması kimi uzaq ideya deyil, ətraf dövlətlərin səy göstərəcəyi halda tamam real və hətta böyük fayda gətirə biləcək məsələdir.

Ən maraqlısı odur ki, ideyanın gerçəkləşməsi uğrunda aparıcı rol oynamaq və bu xüsusda konkret işlər görmək məhz Azərbaycanın – bəli, kiçik və gənc dövlət olan Azərbaycanın boynuna düşdü.

Böyük dövlətlər əvvəlcə buna çox böyük şübhə ilə yanaşırdı və bu şübhələr hələ tamam çəkilməyibdir. İpək yolu bir tərəfə, çoxu heç Bakı – Tiflis - Ceyhan layihəsinin reallaşacağına da inanmırdı.

İndiki kimi yadıma gəlir ki, öz müsahibələrinin birində mərhum prezident S.Dəmirəl deyirdi ki, biz buna “iki dəniz əfsanəsi” deyirdik və bir dəfə bunu mərhum prezident H.Əleyevə deyəndə o, qayıtdı ki, mən bu əfsanəni gerçək edəcəm...

Bəli, dedi və etdi; Bakı–Tiflis-Ceyhan reallıq oldu. Bakı–Tiflis - Qars layihəsi işə düşəndən sonra isə çoxu anlamağa başladı ki, artıq İpək yolu layihəsi də gerçək ola bilər.

Bunları niyə görə deyirəm? Ötən həftə siyasi təhlilçilərin çoxunun diqqəti uzaq Çinə yönəlmişdi. “Bir kəmər, bir yol” layihəsinin geosiyasi və ya geoiqtisadi məqamları ilə bağlı müxtəlif, bəzən mübahisəli fikirlər səslənsə də, bütün hallarda, nəzərə almaq lazımdır ki, 150-dən artıq ölkə bu təşəbbüsün iştirakçısıdır.

Odur ki, Azərbaycan prezidentinin də burada iştirakı diqqət mərkəzində idi, ən azı ona görə ki, məhz Azərbaycan belə bir tədbirdə İpək yolunun da reallaşdırılmasıyla bağlı çağırış edə bilərdi və etdi də.

Əlbəttə, burada digər dövlətlərdən də çox şey asılıdır. Nəzərdə tutulan layihənin variantlarından biri həm də trans - Xəzər tranzit xətti olmağa iddialıdır. Bu isə Xəzəryanı dövlətlərin, xüsusilə də Qazaxıstanın və Türkmənistanın ona dəstək verməsini tələb edir. Heç sözsüz ki, uzaq Çin də layihənin ən əsas, hətta başlıca həlqələrindən biri kimi nəzərdə tutulur və onun da təşəbbüsə dəstək verməsi müstəsna əhəmiyyətə malikdir.

Əlbəttə, dünyanın heç bir meqa-layihəsi ABŞ-sız ötüşmür. Hazırda prosesi əngəlləyən məqamlardan biri budur ki, D.Trampın hakimiyyətə gəlişilə ABŞ-Çin münasibətlərində xeyli sərinlik yaranıbdı. Çinin hələki elə bir konkret geosiyasi hədəfləri olmasa da o, dünyanın üç maliyyə və iqtisadiyyat nəhənglərindən biri sayılır və amerikalılarda belə bir təşviş var ki, bu ölkənin məhz maliyyə-iqtisadi imkanları gələcəkdə ABŞ üçün problemlər yaradacaqdır.

Amma ABŞ-ın da trans-Xəzər layihəsi var. May ayının 22-23-də Vaşinqtonda növbəti trans-Xəzər Forumu işə başlayacaq. Burada söhbət təkcə Əfaqanıstana yüklərin daşınması üçün Xəzərin tranzit imkanlarından istifadə etmək nəzərdə tutulmur, ona daha geniş məzmun verilir.

Qeyd etmək lazımdır ki, Qazaxıstanın və eləcə də Türkmənistanın limanlarından bu məqsədlə istifadə etmək üçün Vaşinqton çoxdan bu ölkələrin liderləri ilə danışıqlar aparır və hətta məqsədinə çatmaq üçün onların avtoritar liderlərinə təzyiq göstərməkdən, onların xarici banklardakı hesablarını donduracağıyla təhdid etməkdən belə çəkinmir...

Rusiyanın informasiya qaynaqlarına inansaq, ABŞ məqsədlərinə çatmağa yaxındır. Bütün hallarda, bu, bizim üçün də xoş xəbərdir, çünki belə meqa-layihələrin arxasında böyük dövlətlərin iradəsi dayanmayanda onları reallığa çevirmək mümkün olmur.

İkincisi, trans-Xəzər layihəsində mühüm həlqələrdən biri də Azərbaycan olacaq və layihə xüsusilə Bakı-Tiflis-Qars xətti üçün geniş perspektivlər vəd edir.

Nəhayət, üçüncüsü: layihə tarixi İpək yolunun bərpası səmtində çox mühüm addım və demək olar ki, onun təxminən 70-80 faiz gerçəkləşməsi olacaqdır – sonrakı işlər isə daha çox detallarla, layihənin gücünün və coğrafiyasının daha da artırılması ilə bağlı olacaqdır...

Hüseynbala Səlimov