İnamsız vətəndaşa seçim imkanı: Söyüş müxalifəti, ya ÖZÜMÜZ?!

Yanlarında olmayın, sizdən istifadə eləyirlər, hesabınıza biznes qurub pul qazanırlar, dövlətini, millətini satan adamdırlar deyirsən, inanmırlar, dönüb beşmərtəbə söyüş söyürlər…

…Niyəsini anlayıram. Adamlar son dərəcə qayğılı, diqqətsiz, sevgisiz, aldadılmış hiss edirlər özlərini. Düzdür, son bir neçə ayda bu “tilsim” qırılıb. Dövlətlə-vətəndaş arasında ciddi körpülər qurulub. Media doxsanların əvvəllərindəki qədər olmasa da, qismən sözükeçərliyini geri döndərə bilib, ancaq hələ istənilən mənzərə tam deyil. Bu tamlıq əldə edilənə qədər, insanlar onlara qoşulub söyəcəklər. Lazım gələndə, hikkələri sakitləşsin deyə, hər kəs onları dinləyəcək. O üzdən…

…Orduxan müəllim, sizi and verirəm böyük yaradana, sabahdan mənim də dədəmi, nənəmi və özümü söyün, nə də olsa haqqınızda tənqidlər yazmışam…

…Sevinc xanım, son dərəcə xahiş eləyirəm sizdən, yanınızda mənə də yer eləyin. Orda bir sayt filan açmağın yollarını başa salın, burda yaşamaq istəmirəm. Elə buradakı xeyli adama sizin elədiyinizi eləmək lazımdır. Guya onlara “yanıb” əslində pul qazanmaq istəyirəm, dəlicəsinə…

…Qurban Məmmədov sizin məhkəmələrinizdən ən çox yazan müəlliflərdən olmuşam, sizi and verirəm yaradana, buradakı və oradakı havadarlarınıza deyin qanadlarını mənim də üstümə açsınlar…

…Adını müxalif qoyanlar sizi dinə, imana and verirəm, mənə də ayda ikicə yüz manat yollayın yüz profil açıb, səhifəmə FB-də işləyirəm yazıb da, dövləti, ölkəni, Prezidenti, dövlətini sevən ictimaiyyət, media adamlarının varidatını yerin altından dartım çıxarım yerin üstünə. Gündə azı on min dəfə…

…Yunuslar, bir zəhmət, təşkil eləyin biz də sizin kimi dığalara, “dayı” deyək…

…Soros əmi, burdakı adamlardan pisi, məndən də yaxşı xəyanətkarı yoxdur dünyanın, pulumu yollayın, kimi desəniz, söyüm, sulayım…

Təəssüf, amma bu günün mənzərəsi belədir. Adamın qurumağa matı-qutu da qalmır. Bilmirsən başına haranın külünü ələyə, daşını tökəsən?!

…Ay lələ, bəsdirin, belə olmur!

Bugünkü siyasi hakimiyyəti sevməyə, bəyənməyə bilərsiniz. Amma bu dövlət bizimdir.

Anlayın artıq, xaricdəki azərbaycandilli “media” quruluşları o üzdən qurulub ki, ölkənin qara piarı təşkil olunsun.

Xaricdə “müxalifət” ona görə var ki, Azərbaycan dünyaya barbarlar ölkəsi kimi təqdim olunsun.

Burda siyasi hakimiyyəti yox, məhz bizi təqdim eləyirlər dünyaya. Zalımlara əlaltı olan barbar, qoyun sürüsü kimi göstərirlər bizi. Yəni deyirlər ki, Azərbaycan hər şeyə dözənlərin, hər şeyə razılaşanların, pula görə nə desən, edənlərin ölkəsidir. Beləyikmi?! De-yi-likkk!!!

Zamanında bunu ermənilər haqda deyirdilər: Kağızına da, sözünə də inanmayın bu millətin. İndi bizi ermənidən ucuz tuturlar. Özü də bunu erməniyə, ingilisə, rusa etdirmirlər. Yaxşı bilirlər ki, bu milli zəmində problemə çevrilə bilər. O üzdən xaricdəki psixi qüsurlu, natamam, vətənindən hansı səbəbdənsə cinsi azlıq və ya siyasi mühacir kimi qaçmış birilərini, özümüzdən olanları əllərində alət ediblər.

Anlayın və bilin, bu gün “üzbəüz" dayanıb siyasət-siyasət oynayanların çoxu gecələr lap Bakının özündə də cins şalvarda, sport ayaqqabıda, başında beret, oturub yeyib-içib, qazanclarını bölüşüb, sizə cahil, mənə maymaq deyirlər.

Çünki siz pulsuz söyürsünüz, mən pulsuz danışıram. Yox, bu bir az qarışıq izah oldu. Qoyun bir də izah eləyim. Sizə cahil, mənə maymaq ona görə deyirlər ki, biz çoxuq, kütləviyik, onlar bizi üzbəüz qoyub ölkənin himini rahatca qazıyır. Dövləti dağıdır və bunun üzərindən həm divident, həm maliyyə qazanırlar, bizim hesabımıza.

Niyə fikir vermirsiniz axı, çoxunun ailəsi, övladı Azərbaycandan kənardadır.

Hətta Azərbaycanda diktaturadır, dövlət belə gəldi, vətən elə getdi, haqsızlıq, ədalətsizlikdir - deyib yaxasını cıran müxaliflərin övladları burada sizin, bizim kimi bir qarın ac, bir qarın tox, əzab və stress içində deyillər. İrili-xırdalı biznesləri belə başqa ölkələrdədir. Demək ki, gələcək həyatları orada planlanıb. Və demək ki, buranı, dağıdıb Amerikaya, Qərbə təhvil verdikdən sonra onların yenə də evi, vətəni, işi olacaq, bizimsə yox. Biz yenə də hansısa işğalçının əlinin oyuncağı, qulu, köləsi olacağıq. Evsiz və vətənsiz yenə də sizlə, mən qalacağıq. O üzdən, biz gündüz guya dalaşıb, gecə dərdləşənlərə və onların xaricdəki qulbeçələrinə təbii ki, həmişə qarşı durmalıyıq. Bunu da anlamaq şərtdir…

Nə qədər pis müəllif olsan da mükafatını öz dövlətindən almaq məqbuldur!

Ehtiyacla yaşasan da QHT yaradıb, xaricdən maliyyə almamalısan!

Heç zaman "Transparency İnternational", "Human Rigts Watch", "Amnesty İnternational" kimi qurumların dəyirmanına su tökməmişəm!

Çünki Azərbaycan bir neçə əhəmiyyətli, özü də strateji əhəmiyyətli hadisələr içindədir. Məsələn, Avropa ittifaqı ilə saziş layihəsi hazırlanır; Cənub Qaz Dəhlizinin formalaşması son mərhələyə qədəm qoyur; Bakı-Tibilisi-Qars dəmiryolu tam işləmək mərhələsinə keçir; Azərbaycan iqtisadi, sosial, siyasi və hüquq sistemində islahatlar həyata keçirir ki, bu proses ölkənin öz mövqelərini güclənməsinə aparaıb çıxaracaq; DQ münaqişəsinin nizamlanması istiqamətində ölü nöqtədən tərpəniş müşahidə olunur; Azərbaycan Qoşulmama Hərəkatının toplantısına ev sahibliyi etməyə hazırlaşır.

Bu ciddi hadisələrin üzərindən Azərbaycana və onun rəhbərliyinə qarşı hücumların, söyüş kampaniyalarının təşkili də təbii ki, qaçılmazdır. Eyni zamanda, bu proseslərdə Azərbaycanın aktivləşməsinin hansı dövlətilərin əlinə işləmədiyi də bəllidir. Bunun geniş şərhə ehtiyacı yox, çünki hücumları istiqamətlərinə diqqət eləməklə hər kəs özü aydın müəyyənləşdirə bilər.

…Ermənistan Azərbaycanı təxribata çəkmək üçün qızışdırıcı addımlar atmağa və bəyanatlar səsləndirməyə başlayıb.

…Azərbaycanın qonşuluq münasibətlərində yeni çat yaratmaq istəyirlər. “Cığal qonşu” obrazında, Ermənistan istənilən effekti vermədiyi üçün prosesə Gürcüstanı qoşmaq üçün “sınaq” keçirilir. David Qaraci tarixi abidəsi həm dini, həm milli, həm qonşuluq münasibətlərini gərmək üçün əlverişli bəhanədir.

“Transparency İnternational” saxta arqumentlərlə Azərbaycanda korrupsiya ilə bağlı vəziyyətin pisləşdiyi iddiasını ortaya qoyub.

…“Sərhədsiz Repartyorlar” Azərbaycanda söz azadlığı ilə bağlı qərəzli hesabat yayır.

…Xaricdən söyüş kampaniyası aparılır və Avropa Şurası saxta ittihamlarla qətnamə qəbul edir.

Bu qədərindən sonra da anlaşılmadısa, söyənlərə dəstək olun, ta o günəcən ki, gəlib evimizi yıxıb, hamını zəlil günə qoysun Qərb, Avropa. Onda görərik sizin sevimli söyüş dəstəniz, müxalifətiniz, kişidir, oğuldur, vətən qızıdır dedikləriniz harada olacaq?!.

Jalə Mütəllimova